General-leytenant Mədət Quliyev milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilib. Prezident İlham Əliyev oktyabrın 20-də belə sərəncam imzalayıb.
Mədət Quliyev 1958-ci ildə Gəncə şəhərində anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1997-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.
1983-cü ildən daxili işlər orqanlarında xidmət edən Mədət Quliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi, Baş Mühafizə İdarəsinin rəisi, Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi vəzifələrində çalışıb.
2011-ci ildən ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi idi.
Mədət Quliyev 1995-ci ildə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı alıb.
Oktyabrın 17-də dövlət başçısı general-polkovnik Eldar Mahmudovu milli təhlükəsizlik naziri vəzifəsindən azad edib.
Oktyabrın 20-də Baş Prokurorluq məlumat yayıb ki, Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadəsi və yol verilmiş digər qanun pozuntuları faktları üzrə cinayət işi başlanıb, istintaq-əməliyyat qrupu yaradılıb. Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə nazirliyin bir qrup əməkdaşının xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə etmə və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozmaqla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr etməsi, ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin pozulmasına əsaslı şübhələr müəyyən edilib. Cinayət işi üzrə nazirliyin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə həbs edilib. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.
Oktyabrın 20-də prezident İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin strukturunda dəyişiklik edilməsi barədə fərman da imzalayıb. Qeyd edək ki, MTN-in strukturu ictimaiyyətə açıqlanmadığından dəyişikliyin nədən ibarət olduğu mediaya bəlli deyil.