Oktyabrın 19-da prezident İlham Əliyev “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərman verib.
Fərmanın preambulasında qeyd olunur ki, sahibkarlıq fəaliyyətinin inkişafı Azərbaycan Respublikasında dövlət siyasətinin prioritet istiqamətlərindəndir: “Lakin sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının çoxluğu, xüsusi razılıq (lisenziya) verilməsinin mövcud prosedurları sahibkarlığın inkişafına əlavə çətinliklər və korrupsiya hallarına şərait yaradıb”.
Sənədə əsasən, sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq (lisenziya) verilməsi İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilir.
Xüsusi razılıq (lisenziya) verilməsi bu qaydalara uyğun həyata keçirilməlidir:
– sahibkarlıq fəaliyyəti növünün xüsusiyyətlərindən asılı olaraq İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən zəruri hesab edildikdə xüsusi razılıq (lisenziya) verilməsi ilə əlaqədar aidiyyəti dövlət orqanlarının rəyinin alınması;
– müəyyən edilmiş müddətdə aidiyyəti dövlət orqanı tərəfindən rəy bildirilmədikdə müsbət rəyin verilmiş hesab edilməsi;
– İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilməsi xidmətinin “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsi.
İqtisadiyyat və Sənaye Nazirliyi bu məsələlərə dair təkliflərini bir ay müddətində prezidentə təqdim etməlidir:
– xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin sayının minimuma endirilməsi;
– dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının müəyyən edilməsi;
– sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya) verilməsi qaydasının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi məqsədi ilə təkmilləşdirilməsi.
Nazirlik Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya), sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsini təmin edən “Elektron lisenziya” portalının yaradılması istiqamətində işləri sürətləndirmək tapşırığı da alıb.