“Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi “İrəvan-bizim qala” layihəsinin ikinci mərhələsinin icrasını davam etdirir.
Layihənin rəhbəri Nurəddin Mehdiyev AZƏRTACA-a bildirib ki, İsmayıllı, Şəki və Masallıda həyata keçirilən layihə gənclər tərəfindən maraqla qarşılanıb.
Məqsəd yeniyetmə və gənclərin Azərbaycanın tarixi, tarixi torpaqlarımız olan Qərbi Azərbaycan–İrəvan haqqında məlumatlılığın artırılması, yalan erməni təbliğatına qarşı gənc nəsli maarifləndirmək, tarixi həqiqətlərin internetdə tanıdılmasına xidmət etmək, gənc nəslin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsidir.
Layihə çərçivəsində iştirakçı gənclərə İrəvan tarixinə dair vizual görüntülü dərslər, Qərbi Azərbaycan tarixi haqqında maarifləndirici, erməni yalanlarına qarşı sosial şəbəkələrdə fəaliyyət barədə seminarlar keçirilib. İrəvan tarixi ilə bağlı foto və video materiallar nümayiş olunub. Gənclərə İrəvan və Qarabağ haqqında tanınmış resurslar tanıdılıb.
Seminarları tarixçi Səbuhi Hüseynov aparıb. Seminar-dərslər “İrəvan–qədim Azərbaycan torpağı”, “İrəvan–tarixi faktlar”, “İrəvanın tarixi memarlıq abidələri” və “İrəvan əhalisi, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti” mövzularını əhatə edib.
Layihənin ilk mərhələsi bu ilin birinci yarısında Sabirabad, Biləsuvar və Ağstafa bölgələrində həyata keçirilib.