İqtisadiyyat və Sənaye Nazirliyində geniş kollegiya iclası keçirilib. İclasda prezident İlham Əliyevin Nazirlər Kabinetinin 12 oktyabr toplantısında verdiyi tapşırıqların icrası ilə bağlı məsələlər müzakirə olunub. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev oktyabrın 15-də APA-Economics-ə bildirib ki, insanların həyat və sağlamlığının qorunması halları ilə bağlı zəruri nəzarət tədbirləri istisna olmaqla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin sahibkarlıq subyektlərində apardığı bütün yoxlamaların dayandırılması qərara alınıb.
Transparency.az xatırladır ki, Nazirlər Kabinetinin son iclasında prezident İlham Əliyev biznes mühitini yaxşılaşdırmaq üçün çox ciddi addımlar atılacağını deyib: “Yoxlamalarla bağlı çoxsaylı şikayətlər gəlir. Yoxlamaların sayı çoxdur, yoxlayan təşkilatlar da sanki bir-biri ilə rəqabətə çıxıblar. Bu da dözülməzdir. Yoxlamaların böyük əksəriyyətinin arxasında yenə də maddi təmənna dayanır. Yoxlayan gəlir, nəyi yoxlayır, nəyi yoxlamır, ancaq nəticə etibarilə öz payını alır, çıxıb gedir. Budur reallıq. Bu, heç kim üçün sirr deyil. Buna son qoyulmalıdır. Qısa müddət ərzində mənə yoxlamalarla bağlı müfəssəl məlumat verilsin, hansı qurumlar kimi yoxlayırlar, ildə neçə dəfə yoxlayırlar, nə üçün yoxlayırlar? Burada bir sistem olmalıdır. Yoxlamaların tənzimlənmə mexanizmi işlənməlidir. Burada müəyyən şərtlər qoyulmalıdır – kim, nə vaxt, hansı müddət ərzində kimi yoxlaya bilər. Ümumiyyətlə, biz bu yoxlamaların sayını kəskin şəkildə aşağı salmalıyıq”