İqtisadiyyat və Sənaye Nazirliyi bir sıra lisenziyanı ləğv edəcək. Nazirlikdən Transparency.az-a verilən məlumata görə, oktyabrın 15-də keçirilən kollegiya iclasında belə qərar qəbul edilib.
Rəsmi açıqlamada əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı, satışı və əmtəə birjası sahəsində lisenziyaların ləğvi olunacağı vurğulanır. Məlumatda deyilir ki, xüsusi razılıq (lisenziya) tələb edilən fəaliyyət növlərinin siyahısına yenidən baxılaraq, onların sayının azaldılması barədə ən qısa zamanda təkliflər hazırlanacaq.
Transparency.az xatırladır ki, Nazirlər Kabinetinin 12 oktyabr iclasında prezident İlham Əliyev lisenziyaların çoxluğundan şikayət edib: “Bizdə lisenziyaların sayı həddindən artıq çoxdur. Mənə verilən məlumata görə, lisenziyaların sayı getdikcə artır. Əksinə, azalmalıdır, amma bizdə artır. Nəyə görə? Çünki müvafiq qurumlar çalışırlar ki, lisenziyaların sayını artırsınlar. Lisenziya da nədir? Pul mənbəyidir. Qanunsuz varlanma metodudur. Nəyə lazımdır bu? Buna çox ciddi baxmaq lazımdır. Hökumət təklif versin ki, hansı lisenziyalar verilir. O, əsaslıdır, əsaslı deyil və o lisenziyaların sayı kəskin şəkildə azaldılmalıdır. Biz liberal iqtisadiyyat, bazar iqtisadiyyatı modelini seçmişik və bu yolla gedirik”.