2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsi özəl mənzil fonduna daxil olan çoxmənzilli binanın sahə mülkiyyətçiləri cəmiyyətinin yaradılmasını nəzərdə tutur. Məcəllənin 141-ci maddəsinə görə, özəl mənzil fonduna daxil olan çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın idarə edilməsi üçün Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətləri (MMMC) yaratmalıdırlar. Yəni MMMC çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyidir. Bu qurum çoxmənzilli binada daşınmaz əmlak kompleksinin birgə idarəçiliyini, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin edir. MMMC qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir. Onun əsas məqsədi mənfəət götürmək deyil. MMMC rəhbərini bina sakinləri seçir. MMMC-nin gəlirləri əsasən 3 mənbədən qaynaqlanır: sakinlərin verdiyi aylıq haqlar, dövlət büdcəsindən ayrılan maliyyə yardımları və MMMC-nin fəaliyyəti nəticəsində (satış və icarə) əldə olunan gəlirlər.
Novator.az İqtisadiyyat və Sənaye Nazirliyinə istinadla xəbər verir ki, hazırda Bakıda dövlət qeydiyyatına alınmış MMMC-lərin sayı 16-dır. Binəqədi və Yasamal rayonlarının hər birində 4, Xətai rayonunda 3, Nəsimi və Səbail rayonlarının hər birində 2 və Nərimanov rayonu üzrə 1 MMMC dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, müstəqil ekspertlər dəfələrlə MMMC-lərin yaradılması işinin sürətləndirilməsi məsələsini qaldırıblar. Onlar MMMC-ləri Mənzil-İstismar sahələrinin (MİS) uğurlu alternativi sayırlar.