Azərbaycan Neft İxrac edən Ölkələr Təşkilatının (OPEK) oktyabrın 21-də keçiriləcək iclasına dəvət alıb. AZƏRTAC-ın məlumatına görə, Venesuelanın neft naziri Euloqio del Pino belə açıqlama verib. O bildirib ki, təşkilatın növbəti iclasına OPEK üzvü olmayan daha yeddi ölkə – Braziliya, Kolumbiya, Qazaxıstan, Norveç, Meksika, Oman və Rusiya dəvət olunublar.
Təşkilatın və qeyri-OPEK ölkələrindən olan neft ekspertlərinin texniki konfransı Vyanada keçiriləcək.
Novator.az bildirir ki, OPEK 1960-cı ildə yaradılıb. Hazırda qurumun 12 üzvü var: Səudiyyə Ərəbistanı, Venesuela, İran, İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Liviya, Nigeriya, Qətər, Əlcəzair, Anqola, Ekvador. 2009-cu ildə bu qurumda fəaliyyətini dayandıran İndoneziya təşkilata yenidən üzv olmaq üçün rəsmi müraciət edib. İndoneziyanın müraciətinə OPEK ölkələrinin dekabrda Vyanada keçiriləcək illik toplantısında baxılacaq.