ABŞ alimləri hallüsinasiya (qarabasma) və psixozun yaranma mexanizmlərini müəyyən etdiklərini açıqlayıblar.
Novator.az-ın məlumatına görə, alimlər bildiriblər ki, bəzi adamların beyni mövcud vizual informasiyadan nəticə çıxarıb situasiyanı proqnozlaşdırmaq xüsusiyyətinə malikdir. Onların fikrincə, məhz bu, hallüsinasiyanın səbəbinə çevrilir.
Alimlər deyirlər ki, hər insanda mövcud məlumat əsasında baş verən hadisəni beyində təsvir etmək qabiliyyəti var. İnsan qaranlıq otaqda mebelin kölgəsini görməklə stolun və divanın harada yerləşdiyini asanlıqla müəyyən edir. Amma o biri yandan da bu qabiliyyət hallüsinasiyanın səbəbinə çevrilir. Çünki insan belə natamam vizual məlumatı həddindən artıq kəskin qəbul edir və beyin reallıqda olmayan səhnəni uydurmağa meylli olur.
Tədqiqatçılar 16 nəfər sağlam adamın və psixozun erkən mərhələsində olan 18 nəfərin iştirakı ilə eksperiment aparıblar . Onlar bütün iştirakçılara ağ-qara şəkillər göstərərək insanın siluetini müəyyənləşdirməyi xahiş ediblər. Bundan sonra sınaqdan keçənlərə həmin şəkilləri rəngli versiyada göstəriblər və yenidən əvvəlki şəkillərə baxmağı xahiş ediblər. Məlum olub ki, psixozdan əziyyət çəkən adamlar rəngli şəkillərdə silueti müəyyənləşdirərək bu məlumatı ağ-qara şəkillərə “köçürüblər”. Sınağa cəlb olunan sağlam adamlarda isə belə xüsusiyyət aşkarlanmayıb.
Tədqiqatı aparan ABŞ alimləri əmindirlər ki, əldə etdikləri nəticə psixozu ilkin mərhələdə aşkarlamağa və ya insanın ümumiyyətlə psixi pozuqluğa nə qədər meylli olduğunu müəyyənləşdirməyə imkan verəcək.
Tədqiqatın nəticələri 1914-cü ildə ABŞ Milli Elmlər Akademiyasının təsis etdiyi, mühüm elmi araşdırmaların dərci ilə məşğul olan “PNAS” jurnalında işıq üzü görüb.