Oktyabrın 13-ü Milli Məclisin plenar iclasında 2016-cı ilin büdcə zərfinin müzakirəsi başlayıb. Müzakirələrə baş nazir Artur Rasizadə və hökumət üzvləri qatılıb.
AZƏRTAC xəbər verir ki, “2016-cı ilin dövlət büdcəsi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında”, “2016-cı il üçün yaşayış minimumu haqqında”, “2016-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri, habelə “Dövlət rüsumu haqqında” qanunda dəyişikliklər, Milli Məclisin və Hesablama Palatasının 2016-cı il üçün xərclər smetası müzakirəyə çıxarılıb.
İclası açan Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, dünyada baş verən maliyyə-iqtisadi böhranına baxmayaraq Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını qoruyub saxlayıb: “Azərbaycan büdcəsi bu il də sosial yönümlülüyü ilə seçilib. Ölkənin müdafiə gücünün saxlanması və təhlükəsizliyinə diqqət həmişə olduğu kimi yüksək olub və bu il də eyni məqsədlə kifayət qədər vəsait ayrılıb. Azərbaycan prezident İlham Əliyevin rəhbərliyi altında özünü sınaqlardan qoruya bilib. Növbəti ildə də iqtisadiyyatda real artım gözlənir”.
Spiker qeyd edib ki, gələn ilin dövlət büdcəsinin kiçilməsi Dövlət Neft Fondundan transfertlərin azalmasının nəticəsidir: “Cari il büdcəyə Dövlət Neft Fondundan 10,4 milyard manat transfert edildiyi halda gələn il bu rəqəmin 6 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır”.
Spiker əlavə edib ki, bəzi investisiya layihələri müəyyən müddətə təxirə salınıb, amma bu, önəmli investisiya layihələrinin icrasına təsir göstərməyəcək.
Büdcə layihəsini təqdim edən maliyyə naziri Samir Şərifov deyib ki, 2016-cı ilin dövlət büdcəsinin gəlirləri 14,566 milyard manat nəzərdə tutulub, bu da 2015-ci ilin göstəricisindən 4,872 milyard manat və ya 25,1% azdır: “2016-cı ilin dövlət büdcəsinin gəlirlərinin 46,5%-i və ya 6,773 milyard manatı qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək. Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 6,602 milyard manat daxilolma proqnozlaşdırılır, bu da 2015-ci illə müqayisədə 510 milyon manat və yaxud 7,2% azdır. Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən daxilolmaların dövlət büdcəsində xüsusi çəkisi 10,9% olmaqla 1 milyard 590 milyon manat proqnozlaşdırılır, bu da 2015-ci il səviyyəsindədir”.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev çıxışında deyib ki, dünyada geosiyasi risklərin artması, qlobal enerji bazarında qeyri-sabitlik, Azərbaycanın partnyorları olan ölkələrdə milli valyutaların ucuzlaşması orta və uzunmüddətli dövrdə qabaqlayıcı tədbirləri zəruri edir: “Dünya iqtisadiyyatında baş verən proseslər xüsusilə valyuta ehtiyatlarından səmərəli istifadənin, sahibkarlığa dəstəyin, biznes və investisiya mühitinin yaxşılaşdırılması tədbirlərinin əhəmiyyətini artırır. Dünya iqtisadiyyatında mövcud risklər təhlil edilib və qarşıdakı 3 ildə makroiqtisadi proqnozlarla bağlı müxtəlif ssenarilər hazırlanıb”.
APA-nın məlumatına görə, Şahin Mustafayev qeyd edib ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatında 1,8%, qarşıdakı 3 ildə isə 3,7%-lik artım proqnozlaşdırılır, gələn il ölkədə 3,3% inflyasiya gözlənir.
Nazir vurğulayıb ki, makroiqtisadi proqnozlarda gələn il və qarşıdakı 3 il ərzində neftin baza qiyməti kimi 50 dollar götürülüb.
Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib ki, dünyada ticarət, məzənnə və valyuta müharibələri kəskinləşib: “Qarşıdakı ildə neftin qiymətləri əhəmiyyətli dərəcədə aşağı olacaq. 2011-ci ildə tədiyyə balansı 17 milyard dollar idi. 2015-ci ilin sonun tədiyyə balansının 2 milyard dollar olacağı gözlənir. Başqa sözlə, tədiyyə balansı 2011-ci il ilə müqayisədə 8 dəfə az olacaq. Bununla bağlı beynəlxalq təşkilatlarla müzakirələr aparırıq”.
Elman Rüstəmov qeyd edib ki, yüksək dollarlaşma səbəbindən Mərkəzi Bankın valyuta ehtiyatları azalıb. Onun sözlərinə görə, 2014-cü ildə valyuta ehtiyatları 15 milyard dollar olub. Hazırda valyuta ehtiyatlarının 7 milyard dollar olduğunu qeyd edən Elman Rüstəmov bu göstəricinin beynəlxalq normalara uyğun gəldiyini vurğulayıb.
Mərkəzi Bankın rəhbəri əlavə edib ki, çevik məzənnə siyasətinə keçidlə bağlı məsələlər ciddi araşdırılır: “Bu siyasətə keçid texniki hazırlıq və soyuqqanlı yanaşma tələb edir. Bununla bağlı beynəlxalq təşkilatlarla müzakirələr aparırıq. Manatın məzənnəsi neftin qiyməti, tədiyyə balansının vəziyyəti və tərəfdaş ölkələrin valyuta siyasəti ilə müəyyənləşir. 2016-cı ildə də belə olacaq. Göründüyü kimi, məzənnəyə təsir edən başlıca amillər ölkədən, milli iqtisadiyyatdan kənarda formalaşır. Müxtəlif çevik məzənnə siyasəti çoxdandır ki, Mərkəzi Bankın gündəliyindədir. Bu məsələlər ciddi araşdırılır, əlaqədar beynəlxalq təşkilatlarla geniş müzakirə edilir”.