Gəncədəki Heydər Əliyev Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə dünya tarixçilərinin VIII Beynəlxalq Atatürk konfransı işə başlayıb. Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanın himayəsi ilə keçirilən beynəlxalq konfrans Azərbaycan və Türkiyə respublikalarının Müstəqillik günlərinə həsr olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan və region ölkələrinin XIX-XX əsrlər tarixinin aktual problemlərinin müzakirə olunduğu konfransı AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov açıb. Belə bir mötəbər tədbirin Gəncədə keçirilməsinin təsadüfi olmadığını diqqətə çatdıran Yaqub Mahmudov qeyd edib ki, bəşəriyyətə dahi Nizami Gəncəvini bəxş edən bu qədim şəhər həm də milli azadlıq hərəkatının, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin beşiyidir.
Konfransda Türkiyənin Atatürk Araşdırma Mərkəzinin rəhbəri Mehmet Ali Beyhan, Türkiyə Respublikası Nazirlər Kabineti yanında Dövlət Arxivləri Baş İdarəsinin rəisi Uğur Ünal, Türkiyənin Atatürk Mədəniyyət, Dil və Tarix İdarəsinin sədri Derya Örs, Türkiyənin Gəncədəki baş konsulu Orhan İşıq və başqaları çıxış edərək bildirdilər ki, təhrif olunmuş tarix xalqları həmişə üz-üzə qoyur. Bu baxımdan VIII Beynəlxalq Atatürk konfransında söylənəcək fikirlər tarixi saxtalaşdıranlara tutarlı cavab olacaq.
Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, erməni faşizminin xalqımıza qarşı törətdiyi soyqırımı siyasəti, Dağlıq Qarabağın ermənilər tərəfindən özünküləşdirilməsi, eləcə də ona yaxın ərazilərin işğalı konfrans iştirakçıları tərəfindən pislənərək, bu qanlı hadisələrə himayədarlıq edən dövlətlərə tutarlı faktlarla cavab verildi. Diqqətə çatdırıldı ki, son vaxtlar müsəlman ölkələrində törədilən qanlı hadisələr yüz illər öncə həyata keçirilən məkrli siyasətin məntiqi davamıdır. XX əsrin əvvəllərindən türklərə qarşı başlanan soyqırımının qarşısının alınmasında əsl qardaşlıq köməyi göstərmiş Qafqaz İslam Ordusunun xidmətlərindən danışan natiqlər onu da əlavə etdilər ki, azərbaycanlılara və türklərə qarşı soyqırımı siyasəti məhz bu dövrdən başlayıb və bu siyasət indi də aparılır. Söz yox ki, bu gün müsəlman dünyasına qarşı edilən ədalətsizliklər böyük dövlətlərin milli maraqlarına xidmət edir.
Sonra Türkiyənin Atatürk Araşdırma Mərkəzinin rəhbəri Mehmet Ali Beyhanın Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutuna fəxri doktor seçilməsi elan edildi və institutun diplomu görkəmli alimə təqdim olundu. Diqqətə çatdırıldı ki, artıq AMEA-nın Tarix İnstitutu Türkiyənin Atatürk Araşdırma Mərkəzi ilə birlikdə ortaq türk tarixinin yazılması üçün işlərə başlayıb.
Daha sonra konfrans işini plenar iclaslarda davam etdirdi.
Azərbaycan, Türkiyə, Rusiya, Polşa, Bolqarıstan, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Hindistan, Serbiya, İtaliya və sair ölkələrdən olan 130-dan artıq nümayəndənin iştirak etdiyi konfransda üç gün ərzində 90-dək elmi məruzə dinləniləcək.