Prezident İlham Əliyev oktyabrın 12-də Nazirlər Kabinetinin iclasında dövlət idarəetmə sisteminin təkmilləşdirilməsinə böyük ehtiyac olduğunu vurğulayıb. O bildirib ki, bu sahəyə yenidən baxmalıyıq. İndi Azərbaycan iqtisadiyyatı yeni situasiyada inkişaf edir. Vaxt var idi bizim iqtisadi artım ildə 20-30 faiz təşkil edirdi. Bu, əlbəttə ki, neft hasilatının kəskin şəkildə artması və neft qiymətlərinin qalxması ilə bağlı idi. İndi o dövr arxada qaldı. İndi neft hasilatı Azərbaycanda sabitləşib və əminəm ki, uzun illər bundan sonra sabit olaraq qalacaq. Əlbəttə ki, biz indi böyük qaz layihəsi üzərində işləyirik. Bu da bizə əlavə gəlir gətirəcək. Bununla bərabər, hesab edirəm ki, inkişafa mane olan, xüsusilə idarəetmə sahəsində problem yaradan amillər də aradan qaldırılmalıdır. Burada da çox ciddi islahatlara ehtiyac var. Bəzi strukturlar bir-birinin fəaliyyətini təkrarlayır, biz buna da yol verməməliyik, burada optimallaşdırma siyasəti aparılmalıdır və bu sahəyə də diqqət verilməlidir”.
Nəqliyyat sektorunun ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb etdiyini deyən dövlət başçısı qeyd edib ki, bu sektorun gələcək inkişafı daha da düşünülmüş şəkildə olmalıdır: “Bu gün yüklər uğrunda mübarizə gedir. Bu gün yeni tranzit marşrutları açılır. Bölgə ölkələri rəqabət aparır. Bu da təbiidir, o vaxta qədər ki, bu, sağlam rəqabətdir. Azərbaycan da burada passiv bir müşahidəçi olmamalıdır. Bəzi hallarda gözləyirik kimsə gəlib bizim qapımızı döysün ki, gəlin biz sizdən yük keçirək. Biz özümüz təşəbbüs göstərməliyik, yükləri müəyyən etməliyik, yaxşı şərtlər ortaya qoymalıyıq. Ona görə, bu, çox ciddi məsələdir”.
İlham Əliyev bildirib ki, bu il Azərbaycanın tranzit imkanlarını genişləndirmək üçün çox əlamətdar hadisələr baş verib: “Avqust ayında Çindən Qazaxıstan ərazisindən keçməklə Azərbaycana birinci konteyner qatarı gəlib. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə Azərbaycanın məsuliyyət daşıdığı hissəsi artıq istifadə üçün hazırdır. Bildiyimə görə, Türkiyə ərazisində son işlər aparılır. Verilən məlumata görə, gələn il Türkiyə ərazisində də bu xətt hazır olmalıdır. Belə olan halda bütün müvafiq qurumlar, əlbəttə ki, koordinasiya şəklində işləməlidir və bu xətt bizə çox böyük xeyir gətirəcək. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı çox yaxşı nəticələr var və bu da Azərbaycanın geosiyasi, geoiqtisadi önəmini daha da artıracaq”.
Çıxışında dövlət başçısı nəqliyyat sektoruna aid qurumlar arasında ciddi koordinasiya işləri aparılmalı olduğunu bir neçə dəfə vurğulayıb. Prezident deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi hələ başa çatmayıb: “Halbuki bu layihənin başlamasından səkkiz il keçir. 2007-ci ildə biz üç ölkə bu layihəyə start verdik. Qeyd etdiyim kimi, Azərbaycanın məsuliyyəti çərçivəsində olan məsələlər öz həllini tapdı. İndi Türkiyə ərazisində qalan işlər də görüləcək. Biz bu yolu tezliklə işə salmalıyıq. Çünki indi həm ölkələr, həm şirkətlər arasında yüklər uğrunda mübarizə, rəqabət gedir. Amma biz burada oturmuşuq, nəyisə gözləyirik. Gözləyirik ki, kimsə gəlib bizdən xahiş edəcək. Xahiş edəndə də elə şərtlər qoyulur ki, o xahiş edən üz döndərib gedir. Bu, dözülməz haldır. Bu məsələ ciddi təhlil edilməlidir və burada vahid tarif siyasəti aparılmalıdır. Çünki bizdə Xəzər Gəmiçiliyinin, Dəmir Yolunun, limanın hərəsinin öz korporativ maraqları var. Amma bunlar ölkənin maraqları ilə uzlaşır? Yox, uzlaşmır! Dövlətin maraqları bu dəhlizi elə etməkdir ki, daha yükü göndərənin başı ağrımasın, daha 10, 20 ünvana getməsin, bunu elektron yollarla, e-maillə, müasir üsullarla həll etsin. Bu, məsələnin bir hissəsidir. Bunu biz yaratmalıyıq və artıq göstərişlər verilib. Burada çox ciddi koordinasiya işləri aparılmalıdır. Yaxın vaxtlarda mənə konkret təkliflər veriləcək”.