Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar oktyabrın 5-də Azərbaycana səfər etdi. Hulusi Akar səfər çərçivəsində Azərbaycan prezidenti, baş naziri, Milli Məclisin sədri və müdafiə naziri ilə görüşdü.
Azərbaycanın müdafiə naziri Zakir Həsənovla Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi arasında əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüş keçirildi. Zakir Həsənov ölkələrimiz arasında hərbi əməkdaşlığın ikitərəfli və NATO vasitəsilə həyata keçirilən sülhməramlı əməliyyatlar çərçivəsində aparıldığını, strateji tərəfdaşlığın daim inkişaf etdiyini, dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd etdi.
Hulusi Akar Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu deyərək bunları dedi: “Hərbi əməkdaşlığımız inkişaf etməli, möhkəmlənməli və davamlı olmalıdır. Bu cür qarşılıqlı əməkdaşlıq və birliyimiz heç bir digər ölkəyə qarşı deyil, yalnız çətin və qaynar bölgələrdə yerləşən ölkələrimizin təhlükəsizliyinin təmin olunması məqsədini daşıyır”.
Görüşdə Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin perspektivləri, hərbi, hərbi texniki, hərbi təhsil sahəsində əməkdaşlıq imkanları, Yüksək Səviyyəli Hərbi Dialoq çərçivəsində fəaliyyətlərin genişləndirilməsi, birgə planların işlənilməsi, qarşılıqlı səfərlərin təşkili barədə ətraflı fikir mübadiləsi aparıldı.
Görüşün sonunda ali baş komandanın adından müdafiə naziri Zakir Həsənovun əmri ilə ölkələrimiz arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə ordu generalı Hulusi Akar Azərbaycan Respublikasının “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edildi.
Bu mükafatlandırma diqqətçəkicidir. Çünki Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə yeni təyin olunub. Buna baxmayaraq, rəsmi Bakı Hulusi Akarla gələcək əməkdaşlığa yüksək qiymət verdiyini indidən tərənnüm etdirib.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Azərbaycana səfərinin bir neçə səbəbi var idi.
Birincisi, Hulusi Akar bu vəzifəyə yeni təyin olunub. Adəti üzrə Türkiyədə dövlət vəzifəsinə təyin olunan şəxslər ilk olaraq Azərbaycana səfər edirlər. Ankara bu ənənəyə sadiqdir. Bu Türkiyənin Azərbaycanla strateji müttəfiqliyin xarakterindən irəli gəlir.
İkincisi, son il yarımda Azərbaycanla Türkiyə arasında hərbi əlaqələr güclənib, il boyu bir neçə dəfə birgə hərbi təlim keçirilib. Hulusi Akar bu hərbi təlimlərin nəticəsini azərbaycanlı məsləkdaşı ilə müzakirə edib. Digər tərəfdən cəbhə bölgəsində vəziyyət getdikcə gərginləşir. Lokal toqquşmaların miqyası artıb. Hazırkı vəziyyəti Ankara da ciddi izləyir. Çünki lokal toqquşmaların genişmiqyaslı toqquşmalara keçəcəyi halda Türkiyə olaylara seyrçi qala bilməyəcək. Necə ki, Rusiya strateji müttəfiqi Ermənistanın müdafiəsinə qalxacaq, eləcə də Türkiyə Azərbaycana dəstək verəcək.
Üçüncüsü, son illər ərzində Türkiyənin hərbi məktəblərində 6000 nəfərdən çox Azərbaycan zabiti təhsil alıb və indi də Azərbaycanın 200 nəfərədək hərbi qulluqçusu Türkiyədə müxtəlif ixtisaslar üzrə hazırlıq keçirlər. Bu, Azərbaycanın Silahlı Qüvvələrinin möhkəmlənməsində böyük rol oynayır, onun inkişaf etməsinə təkan verən amillərdəndir. Səfər Əbiyevin müdafiə naziri olduğu illərdə Azərbaycanın hərbi məktəblərində tədris keçən türkiyəli zabitlərin xidmətindən imtina edilmişdi. Zakir Həsənovun bu qadağanı ləğv edərək yenidən Türkiyə ilə bu istiqamətdə əlaqələri bərpa edib gücləndirə bilər. Təsadüfi deyil ki, Hulusi Akarla görüşdə baş nazir Artur Rasizadə belə bir fikir işlətdi: “Türkiyəli hərbi mütəxəssislərin yaxından köməyi ilə Azərbaycanda güclü maddi-texniki bazaya və yüksək ixtisaslı zabit korpusuna malik nizami ordu yaranıb”. Yəni baş nazir etiraf edib ki, Türkiyənin hərbi dəstəyi olmasaydı, Azərbaycan ordusu çətinliklərlə üzləşə bilərdi.
Dördüncüsü, Rusiya Suriyanı Xəzər bölgəsindən də raket atəşinə tutur. Özü də bu bombardman Hulusi Akarın Azərbaycanda olduğu vaxt baş verdi. Akar bu mövzu ətrafında da Azərbaycan rəsmiləri ilə də fikir mübadiləsi apara bilərdi. Ankara Rusiyanın Suriyanın daxili işlərinə qarışmasının, Əsədə hərbi dəstək verməsinin əleyhinədir. Əlbəttə, rəsmi Bakının Moskvanın istəyinə “yox” deməsi çətindir. Ancaq Ankara və Türkiyə generaliteti Bakı ilə Moskva arasındakı hərbi əməkdaşlığın konturlarını özü üçün müəyyənləşdirmək istəyir. Rəsmi Bakı son zamanlar Ankara ilə Moskva arasındakı münasibətlərdə artan gərginliyə də diqqət yetirməlidir. Suriya ərazisini bombalayan Rusiya təyyarələri bir neçə dəfə Türkiyə sərhədini pozublar. Bu təsadüf deyil. Türkiyə prezidenti və baş naziri bu hallara dözməyəcəklərini və sərhəd pozuntunun təkrarlanması halında Rusiya təyyarələrini vuracaqlarını bildiriblər. Hadisələrin bu istiqamətdə inkişafı rəsmi Bakının maraqlarına cavab vermir. Çünki Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi halında rəsmi Bakının Ankara ilə Moskva arasında balanslaşdırılmış siyasət aparması çətinləşəcək.
“Atlas” Araşdırmalar Mərkəzi