Prezident İlham Əliyev oktyabrın 8-i Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 18-ci iclasının iştirakçıları ilə görüşündə sərt bəyanatlar verib. O deyib ki, Azərbaycanda təhlükəsizliyin möhkəmləndirilməsinə, risklərin minimallaşdırılmasına böyük diqqət yetirilir: “Ölkə daxilində potensial təhdid və risklər yoxdur. Ancaq əlbəttə, regionda baş verən prosesləri dəqiqliklə izləməli və ölkəmizin, xalqımızın təhlükəsizliyini maksimum təmin etməliyik ki, Azərbaycan bundan sonra da inkişaf və tərəqqi yolunu davam etdirsin. Möhkəm təhlükəsizlik sistemi, ictimai-siyasi sabitlik olmadan heç bir ölkədə inkişaf mümkün deyil. Azərbaycan 1990-cı illərin əvvəllərində sabitliyin pozulduğu dövrün çətinliklərini öz üzərində hiss edib. Bu, qan tökülməsinə, vətəndaş müharibəsinə gətirib çıxardı. Ancaq 20 ildən çoxdur ki, Azərbaycanda inamlı, ardıcıl inkişaf, təhlükəsizliyin möhkəmlənməsi müşahidə olunur”.
Dövlət başçısı qeyd edib ki, dünyada və regionda vəziyyət çox sürətlə pisləşir: “Mövcud təhdidləri aradan qaldırmaq əvəzinə biz yeni təhdidlərin — həm real, həm də potensial münaqişə ocaqlarının yarandığını görürük. Amma hələ ki, biz regionlarımızdakı münaqişələrlə bağlı nizamlanma istiqamətində heç bir müsbət perspektiv müşahidə etmirik. Belə bir şəraitdə sizin qarşınızda yeni vəzifələr — beynəlxalq vəziyyətin daha da gərginləşdiyi şəraitdə ölkələrimizin təhlükəsizliyinin, milli təhlükəsizliyinin, dövlət təhlükəsizliyinin təmin edilməsi durur.
Bu gün beynəlxalq terrorizmlə mübarizə dünya birliyinin üzvü olan əksər ölkələri birləşdirir. Hesab edirəm ki, terrorçuluq vətəndaşların təhlükəsizliyinə ən əsas hədədir. Təəssüf ki, biz yeni terror təşkilatlarının yarandığını və meydana çıxdığını görürük. Onlar yeni mübarizə üsullarından istifadə edirlər. Əlbəttə ki, xüsusi xidmət orqanları buna qarşı təsirli cavab verməyə və bu risklərin aradan qaldırılmasına hazır olmalıdır”.
İlham Əliyev Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədə həmişə çox fəal iştirak etdiyini vurğulayıb və deyib ki, terrorçuluqla mübarizə bütün bəşəriyyətin işi olmalıdır: “Bu işdə vahid yanaşmalar, bütün ölkələrin səylərinin əlaqələndirilməsi vacibdir. Heç bir halda terrorçuları yaxşı və pisə ayırmaq olmaz. Yəni guya yaxşı sənin düşməninə qarşı olan, pis isə sənə qarşı olandır. Tarix dəfələrlə göstərib ki, terrorçuluq elementləri ilə istənilən “oyunlar” son nəticədə bununla məşğul olan ölkələrə təhdidlər yaradır. Ona görə dünya birliyinin beynəlxalq terrorçuluqla mübarizədə səylərinin birləşdirilməsi regional və beynəlxalq təhlükəsizliyin əsas şərtidir”.
Prezident Azərbaycanın həm də terrorizmdən zərər çəkən ölkə olduğunu xatırladıb və qeyd edib ki, terror hücumları Azərbaycan torpaqlarının 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən həyata keçirilən işğalçılıq siyasətinin tərkib hissəsi idi: “Bu təcavüz nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin təxminən 20 faizi işğal olundu, 1 milyondan çox Azərbaycan vətəndaşı öz Vətənində qaçqın və məcburi köçkünə çevrildi. Erməni işğalı yalnız beynəlxalq hüquq normalarının deyil, həm də bütün bəşəri normaların pozulmasıdır. Ölkələr arasında müharibələr, münaqişələr olur, lakin insanlıq simasını həmişə qoruyub saxlamağa səy göstərmək lazımdır. Xocalı faciəsi — dinc şəhərin erməni quldur dəstələri tərəfindən bir gecədə məhv edilməsi xalqımızın hansı vəhşiliklə üz-üzə qaldığını göstərir. Artıq 10-dan çox ölkə Xocalı faciəsini rəsmi olaraq soyqırımı kimi tanıyıb. Bunun məsuliyyəti isə hazırkı və əvvəlki Ermənistan rəhbərliyinin üzərinə düşür”.
AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev BMT Təhlükəsizlik Şurasının erməni işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etdiyini xatırladıb: “Bu qətnamələr yerinə yetirilmir. Biz BMT Təhlükəsizlik Şurasının qərarlarının icrasını tələb edirik. Bu, bizim qanuni tələbimizdir. Azərbaycan ictimaiyyəti BMT Təhlükəsizlik Şurası qətnamələrinin bəzi hallarda bir günə yerinə yetirildiyinə, bizim vəziyyətdə isə 20 ildən çox vaxt keçməsinə və qətnamələrin kağız üzərində qalmasına çox təəccüblənir, amma yəqin ki, böyük dərəcədə narazıdır. Bu, ikili standart siyasətidir. Bu, beynəlxalq hüquqa, ali beynəlxalq orqan olan BMT Təhlükəsizlik Şurasının qərarına hörmətsizlikdir.
Bax, biz bunlarla — ədalətsizlik, qeyri-obyektivlik, ikili standartlarla, bəzi hallarda isə işğalçının mükafatlandırılması ilə qarşılaşırıq. Ermənistan bütün tanınmış beynəlxalq normaları pozan təcavüzkar, işğalçı ölkədir. Axı təkcə tarixi Azərbaycan torpağı və sovet dövründə heç respublika da yox, vilayət muxtariyyəti olan Dağlıq Qarabağ işğal olunmayıb. Həmçinin keçmiş Dağlıq Qarabağ Vilayətinin inzibati sərhədindən kənarda 7 rayon da işğal edilib. Bu rayonlarda praktiki olaraq ermənilər yaşamırdılar. Bütün bu rayonlarda azərbaycanlılar yaşayırdılar. Onlar qovulublar, onların evləri, bizim bütün tarixi abidələrimiz, məscidlərimiz, qəbiristanlıqlarımız dağıdılıb, muzeylərimiz qarət olunub. Bunu bu gün İrəvanda ən yüksək vəzifələrdə oturanlar ediblər. Onlar hərbi canilərdir. Biz həqiqəti deməliyik. Çünki həqiqəti deməyib sussaq, özümüzü heç nə olmamış kimi göstərsək digər ölkələrdə də eyni hadisələr baş verəcək.
Tarix dəfələrlə sübut edib ki, işğalçılarla “oynamaq” siyasəti aparmaq olmaz. Ötən əsrdə də, 1930-cu illərdə də faşizm, nasizmin yaranması, hitlerçiliyin bəşəriyyətə gətirdiyi bəlalar da bəzi ölkələrin işğalçılarla oyun oynamasından başlayıb. Onlar baş verənləri hiss etmək və görmək istəmirdilər. Ötən əsrin faşizmi və nasizmi ilə bu gün Ermənistanın işğal etdiyi torpaqlarda törətdikləri arasında heç bir fərq yoxdur. Bu, eyni mənalı anlayışdır. Dünya ictimaiyyəti bunu bilməli və regionda sülhün bərqərar olmasına səy göstərməlidir. Sülh isə yalnız ədalət əsasında bərqərar ola bilər. Azərbaycanın ərazi bütövlüyü istənilən ölkənin ərazi bütövlüyü kimi əhəmiyyət daşıyır və o, bərpa edilməlidir”.