“Beynəlxalq hüquq böyük dövlətlərin maraqlarına xidmət alətinə çevrilir”
Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov İstanbulda ingilis dilində nəşr olunan “Caucasus İnternational” jurnalına müsahibə verib. O deyib ki, beynəlxalq münasibətlər sistemində çox mürəkkəb və gərgin bir vəziyyət yaranıb: “SSRİ-nin dağılmasından sonra beynəlxalq münasibətlər sistemində Qərbin nümunəsində yalnız bir qütbün qalması bir çoxlarında gələcəyə böyük ümidlər yaratmışdı. Dünyada proseslərin daha rəvan gedəcəyi, problemlərin azalacağı, mümkün münaqişələrin isə hərb yolu ilə deyil, danışıqlar, kompromislər vasitəsilə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həll ediləcəyi gözlənilirdi. Təəssüf ki, bütün bu gözləntilər özünü doğrultmadı. Yeganə qütb kimi qalan və faktiki dominant gücə çevrilən Qərb beynəlxalq münasibətlər sisteminin daha harmonik, münaqişəsiz vəziyyətə gətirilməsi üçün səy göstərmədi. Əksinə, heç bir ciddi rəqiblə qarşılaşmayan Qərb öz strateji maraqlarını tam şəkildə reallaşdırmağa – bütün dünyanın insan və təbii resursları üzərində total nəzarəti əldə etməyə can atmağa başladı”.
Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, təsir vasitələri yeni reallıqlara uyğunlaşdırılıb: “Artıq insan amili önə çəkilir, müxtəlif müdaxilələr humanitar məqamlarla əsaslandırılır. Ayrı-ayrı ölkələrə təzyiq etmək üçün demokratiya, insan hüquqlarından istifadə olunur. Hətta qərara alınıb ki, qeyri-ənənəvi cinsi oriyentasiyalı şəxslərin nikahını da insan hüquqları müstəvisində həyata keçirsinlər.
Nəticələr isə göz qabağındadır. Bir sıra regionlarda yaranmış problemlərin daha geniş və hətta bəzən qlobal xarakter almasında dominant gücə çevrilmiş Qərb məsuliyyət daşıyır. Onun bu problemlərin həllini təmin edə bilməməsi, bir sıra hallarda bu proseslərə müdaxilə etmək istəməməsi, digər hallarda isə bu proseslərin əsas səbəbkarı olması, dövlətlər arasındakı geosiyasi və geoiqtisadi mübarizənin daha da genişlənməsi, ərazi münaqişələri Frensis Fukuyamanın hesab etdiyi kimi, dünyanın heç də “tarixin sonu”na çatmadığını və əksinə, daha gərgin və böhranlı mərhələyə girdiyini göstərir. Təkcə onu demək kifayətdir ki, soyuq müharibə dövründə dünyada 10-a yaxın ölkədə gərgin vəziyyət var idisə, hazırda qaynar nöqtələrin sayı 50-yə yaxındır”.
Novruz Məmmədovun fikrincə, beynəlxalq münasibətlər sisteminin ən böyük problemi ədalətin olmaması ilə bağlıdır: “Bu səbəbdən də bu sistem daxilində uzun illər ərzində formalaşmış, böyüklüyündən və kiçikliyindən asılı olmayaraq bütün dövlətlərin fəaliyyətinin çərçivəsini müəyyən edən beynəlxalq hüquq birmənalı şəkildə iflasa uğramaqdadır. Beynəlxalq hüququn prinsip və normalarına artıq riayət edilmir. Məhz Qərbin iradəsi əsasında formalaşmış bu mexanizmdə dövlətlərin hansı davranışlarının leqal, hansınınsa qeyri-leqal olduğunu müəyyənləşdirmək olduqca çətinləşib. Daha doğrusu, bu davranışlara beynəlxalq hüququn mövcud prinsipləri əsasında qiymət vermək mümkündür, lakin bu qiymətin müəyyən dövlətlərin maraqlarından asılı hala düşməsi vəziyyəti qəlizləşdirir. Beləliklə də, beynəlxalq hüquq proseslərə tətbiq olunmur. Beynəlxalq hüquq böyük dövlətlərin maraqlarına xidmət alətinə çevrilir”.
Dağlıq Qarabağ münaqişəsinə toxunan şöbə müdiri deyib ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, NATO və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri qəbul olunub: “Xüsusən BMT qətnamələrində erməni qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz dərhal çıxarılması tələb olunur. Bütün bu sənədlərdə beynəlxalq birlik və təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Lakin qəti mövqe ortaya qoyulmadığı üçün heç bir qətnamənin tələbləri yerinə yetirilmir.
Buradan hansı nəticə çıxır? Əfqanıstan, İraq və Liviya kimi ölkələrə dərhal müdaxilə edən Qərb ölkələri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvonun qorunub saxlanılmasında maraqlıdırlar? Bəlkə elə buna görədir ki, Gürcüstan, Moldova və Ukraynadakı separatçı qurumlara bir münasibət, Dağlıq Qarabağdakı separatçı quruma isə fərqli münasibət göstərilir?
Şübhəsiz ki, ikili standartların bu şəkildə tətbiqi ədalət prinsipinə və beynəlxalq hüquqa kölgə salır. Qərbin özünün səbəb olduğu və bilavasitə yaratdığı proseslər sonradan onun özünə qarşı çevrilir və ümumən beynəlxalq münasibətlər sistemi üçün ciddi təhlükə yaradır.
Vəziyyətin kökündən dəyişdirilməsinin zəruriliyi inkar edilə bilməz. Yeganə çıxış yolu isə ədalət prinsipinin və beynəlxalq hüququn aliliyinin bərpa olunmasıdır. Böyük dövlətlər istər ikitərəfli münasibətlərində, istərsə də beynəlxalq təşkilatlar çərçivəsindəki fəaliyyətlərində öz maraqları üçün yox, beynəlxalq hüququn norma və prinsiplərini tətbiq etmək üçün çalışmalıdırlar. Xüsusən, BMT kimi universal təşkilat çərçivəsində bunun zəruriliyi özünü açıq şəkildə göstərir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 25 ildən artıqdır ki, davam edir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Lakin nədənsə bu münaqişəyə dondurulmuş münaqişə adını vermək cəhdləri səngimir. Beynəlxalq birlik cəbhə xəttində baş verən mütəmadi gərginliklərdən narahat olur, lakin hər dəfə proseslərin əsl səbəblərinə diqqət yetirməkdənsə vəziyyətin yenidən dondurulmasına can atır.
Əminliklə demək olar ki, Dağlıq Qarabağ münaqişəsinin ortaya çıxması geosiyasi oyunların nəticəsidir. Bu oyunlar davam etdiyi müddətdə həmin nəticə dəyişməyəcək. Gürcüstan, Moldova və Ukrayna kimi ölkələrdə baş verənlər də bunun bir təzahürüdür.
Belə isə sual yaranır: ATƏT-in Minsk qrupu nə ilə məşğuldur? Bəli, həmsədrlər münaqişənin həlli istiqamətində müəyyən səylər göstərir, bəyanatlar verir, təkliflər irəli sürürlər. Lakin bütün bu təşəbbüsləri Ermənistan rədd edir. Əvəzində həmsədrlər nə edirlər? Gəl-get diplomatiyası’, regiona turist səfərləri davam edir, fəaliyyət görüntüsü yaradılır. Mahiyyət isə dəyişmir. Bu cür vasitəçilik nə zamana kimi davam edə bilər?
Danışıqların bu şəkildə davam etdirilməsi bizi qane edə bilməz. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, danışıqlar naminə danışıqlar aparılmayacaq, Azərbaycan heç bir vaxt torpaqlarının bir qarışının da erməni işğalı altında qalmasına razı olmayacaq və gec-tez öz torpaqlarını azad edəcək. Bununla bağlı həm sülh yolu, danışıqlar yolu, həm də bütün başqa yollar öz qüvvəsində qalır”.
Newtimes.az