Prezident İlham Əliyev oktyabrın 6-da Ucar rayonuna səfəri çərçivəsində Rayon Gənclər Mərkəzinin, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının yeni inzibati binasının, Ucar Tarix-Diyarşünaslıq Muzeyi üçün inşa olunan yeni binanın açılışlarında iştirak edib, yenidən qurulan Göyçay-Ucar avtomobil yolunun açılışına qatılıb.
AZƏRTAC xəbər verir ki, prezident Ucar şəhərinin su təchizatı sisteminin yenidən qurulması layihəsinin başa çatdırılması münasibətilə təşkil olunan mərasimdə də iştirak edib. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Qorxmaz Hüseynov dövlət başçısına məlumat verib ki, “Ucar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla rayon mərkəzində 22 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində 37 min nəfər əhalinin yaşadığı 15 kəndə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə bu layihədən 59 min nəfər faydalanacaq. Hələlik Ucar şəhərinin 24 saat fasiləsiz su ilə təmin olunması prosesi yerinə yetirilib.
Ucar ictimaiyyətinin nümayəndələri ilə görüşən İlham Əliyev deyib ki, hökumətin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır: “Azərbaycan vətəndaşı üçün nə lazımdırsa, o da olmalıdır. Amma buna nail olmaq üçün iqtisadiyyatımız daha da güclü olmalıdır, daha da sürətlə inkişaf etməlidir. Regionların inkişaf proqramının məqsədi məhz bundan ibarətdir ki, bölgələrdə, kəndlərdə, qəsəbələrdə, rayon mərkəzlərində lazımi şərait yaradılsın, insanlar rahat yaşasınlar, iş yerləri açılsın, yaxşı məvacib alsınlar, biznes imkanları genişlənsin. Deyə bilərəm ki, bizim bu əsas prioritet istiqamətlər Ucar rayonunun timsalında öz əksini tapır.
Düşünülmüş siyasət olan yerdə inkişaf da var. Azərbaycanda düşünülmüş siyasət aparılır. Məhz buna görə biz bütün bölgədə, dünyada yaşanan böhranlı şəraitdən, sınaqdan şərəflə çıxırıq. Həmişə demişəm, Azərbaycan sabitlik, təhlükəsizlik məkanıdır. Azərbaycan vətəndaşı təhlükəsizlik şəraitində yaşayır və yaşamalıdır, sabitlik şəraitində yaşayır və yaşamalıdır. Ölkə ancaq bu təqdirdə inkişaf edə bilər.
Harada təhlükəsizlik, sabitlik pozulur, orada ölkə dağılır, iqtisadiyyat çökür, sosial problemlər yaşanır və başqa xoşagəlməz hallar üzə çıxır. Biz Azərbaycanda elə siyasət aparırıq ki, bütün mümkün olan risklərdən özümüzü qoruyaq, sığortalayaq və buna nail oluruq. Nəyə görə? Çünki xalqla iqtidar arasındakı birlik bunu şərtləndirir. Ona görə ki, Azərbaycan iqtisadi sahədə, beynəlxalq aləmdə müstəqil, düşünülmüş siyasət aparır. Bizi ancaq Azərbaycan xalqının maraqları maraqlandırır. Azərbaycan xalqının marağında nə varsa, o da olacaq. Əgər maraqlarımızın kənarlarında hər hansı bir təşəbbüs göstərilirsə, biz o təşəbbüsə qoşulmuruq. Ona görə bəzi hallarda təzyiqlərə də məruz qalırıq. Ancaq biz əsas məqsədi təmin edirik — Azərbaycanın təhlükəsizliyi, inkişafı, insanların rifahı və xoşbəxtliyi.
Bu gün dünyada, bölgədə yaşanan xoşagəlməz mənzərə bir daha Azərbaycanın uğurlu inkişaf modelini ortaya qoyur. Bizim ölkə nümunədir. Mən ona görə demirəm ki, özümüzü tərifləyək, qüsurlar da çoxdur. Ancaq indi dünyada gedən ümumi proseslərə baxdıqda görürük ki, Azərbaycanda həm ictimai proseslər, həm də iqtisadi inkişaf düzgün məcrada gedir. Baxmayaraq ki, neftin qiyməti iki dəfədən çox aşağı düşüb, gəlirlərimiz azalıb, Azərbaycan vətəndaşı bunu hiss etməməlidir. Maaşlar, pensiyalar vaxtında verilir, islahatlar aparılır, beynəlxalq imicimiz gündən-günə güclənir. Çünki bu uğurlu inkişaf modelinin təməlində əlbəttə ki, düşünülmüş siyasət dayanır. Biz həmişə çalışmışıq və çalışırıq ki, daxili resurslara arxalanaq. Ona görə heç kimdən asılı deyilik, özümüz öz həyatımızı qurmuşuq”.