Prezident İlham Əliyev oktyabrın 6-da Ucar rayonuna səfər edib. O, “Ucar Aqro” MMC-nin quşçuluq sənaye kompleksi ilə tanış olub. Dövlət başçısına məlumat verilib ki, müəssisənin illik quş əti istehsalı gücü 9,5 min tondur. Müəssisədə 65 çeşiddə istehsal edilən quş əti məhsulları “Mərcan” brendi ilə təqdim olunur.
Prezidentə Aran iqtisadi rayonu üzrə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilən investisiya layihələri barədə məlumat verilib. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev deyib ki, Aran iqtisadi rayonu üzrə 11 min 400-dək sahibkara 620 milyon manat civarında kredit verilib. Bunun 445 milyon manatını güzəştli kreditlər təşkil edir.
AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev Ucar Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında da iştirak edib. 4 korpusdan ibarət ikimərtəbəli xəstəxana kompleksi Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub.
Kompleksə cərrahiyyə, terapiya, pediatriya, reanimasiya, ginekologiya, reanimatologiya, diaqnostika, fizioterapiya, qəbul şöbələri, konsultativ poliklinika, perinatal mərkəz, laboratoriya, təcili tibbi yardım stansiyası və inzibati korpus daxildir. Xəstəxana 118 çarpayılıqdır.
Dövlət başçısı Ucar rayonuna səfəri çərçivəsində “Fermer”yol-istirahət mərkəzində yaradılan şəraitlə də tanış olub. Kompleks 3 hektar ərazidə salınıb. İki hissədən ibarət olan kompleksin birinci hissəsinə Bakı-Gəncə magistral yolunun kənarında yerləşən yarmarka tipli satış məntəqəsi daxildir. Ümumi sahəsi 1200 kvadratmetr olan yarmarka Ucar və ətraf rayonlardan olan vətəndaşların yetişdirdikləri kənd təsərrüfatı məhsullarını rahat, heç bir müdaxilə olmadan istehlakçılara əlverişli şərtlərlə çatdırmalarına geniş imkan yaradır. Bundan əlavə, yarmarkada 24 saat fəaliyyət göstərən aptek və market də var. Ümumilikdə layihə çərçivəsində 80-ə yaxın sakin işlə təmin olunacaq. Kompleksin ərazisində süni göl yaradılıb, istirahət binaları tikilib. Koteclərdən 2-si mətbəx olmaqla, 3-ü bir otaqlı, 1-i iki otaqlı, 1-i isə dörd otaqlıdır.