“Tələbələr şikayət edir: tarın pərdələri düz qurulmur, əziyyət çəkirik”
Azərbaycan tarı 2012-ci ildən UNESCO-nun Bəşəriyyətin Toxunulmaz Mədəni İrsi Listəsinə daxil edilib. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, muğam tədqiqatçısı Kəmaləxanım Əsədullayeva tarsız muğamın, muğamsız da tarın olmadığını düşünür.
– Tar nədir, harada yaranıb? Muğam tarsız ola bilərmi?
– Bir çox tarixi mənbə tarı Azərbaycana aid edir, yəni tar bu coğrafi ərazilərdə yaranıb. Bəzi tədqiqatçılar tarın Türkmənistanda, bəziləri isə Güney Azərbaycanda yarandığını iddia edir. Tar əvvəlcə 5 simli alət kimi ərsəyə gəlsə də, tədricən simlərin sayı çoxaldılıb, 7, 9, 11, 13, 15, 18 simli alətə çevrilib. Muğamı tarsız təsəvvür etmək olmaz, bu alət muğamın əsas atributlarından biridir. Hazırkı Azərbaycan tarı 11 simdən, 22 pərdədən, 9 aşıxdan ibarətdir. 49, 56 pərdəli tarlarımız da olub. Müsəlman Şərqində narın səsləri ifadə edən mikrointerval şkala həmişə olub, sonralar sovet dövründə həm Azərbaycan, həm də Özbəkistan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Qazaxıstan kimi Mərkəzi Asiya ölkələrində temperasiyalı Avropa musiqi sisteminə keçid oldu. Yəni milli alətlərimiz fortepiano alətinə uyğunlaşdırıldı.
– Müasir Azərbaycan tarının bir alət kimi inkişafında kimin adını qeyd edə bilərsiniz?
– Tarın indiki formaya gəlib çıxmasında çox tarzənin rolu var. Mirzə Fərəc, Mirzə Mansur Mansurov, Həsən Əliyev, Əhməd Bakıxanov kimi ustad tarzənlərin adlarını sadalamaq olar. Mirzə Fərəc haqda xatirələrdə 5 simli tara onun 6-cı simi əlavə etməsi haqda məlumat yer alıb. Amma müasir tarı daha çox Sadıqcan adı ilə tanınan Mirzə Sadıq Əsədoğluna bağlayırlar. Sadıqcan hələ 18-ci əsrdə Şuşada istifadə olunan tar alətində dəyişiklik etməyə qərar verir. Onun əsas məqsədi diz üstə çalınan tarın çanağında dəyişiklik etmək, aləti sinəyə qaldırmaq olub. Çanaqlar daha dərin qazdırılıb, alət yüngülləşib və tar sinəyə qaldırılmaqla səsləndirilib. Mirzə Sadıq Əsədoğlu həm də tarın simlərinin sayını 18-ə çatdırıb.
– Bu qədər simin olması ifa zamanı çətinlik yaratmırdı?
– Hər halda mənbələrdə biz həm də 13 simli tarın olması haqda məlumatlarla rastlaşırıq. Deməli, 18 simli tarda ifa elə də asan deyilmiş. Qanun, ya da fortepianoda simlər möhkəm dayaq üzərində gərilir. Tarda isə simlərin gərilmə qüvvəsi çanağa vurulan nazik dəri materiala ciddi təsir edir. Tarın üzü mal ürəyinin dərisindən hazırlanır. 18 simli alətdə simlərin köklənməsinin pozulması daha tez-tez baş verirdi. Axı, havanın temperaturunun dəyişməsi də tarın üz dərisinə təsir edir, soyuqda bəmləşir, istidə isə zilləşir. Hər dəfə 18 simli aləti kökləmək özü də bir çətinlikdir. Hazırda biz 11 simli alətdən yararlanırıq.
– Sovet hakimiyyətinin ilk illərində tara qarşı bir pis münasibət varmış…
– Üzeyir Hacıbəylinin tar alətinin qorunub saxlanmasında böyük rolu olub, çünki sovet hakimiyyətinin ilk illərində tara qarşı pis münasibət vardı. Hətta tarın bir alət kimi ləğv edilməsini təklif edənlər tapılırdı. Musiqinin ruslaşdırılması, ritmlərimizin yoxa çıxmasına çalışan da az deyildi. Şərq musiqisinə məxsus 7/5, 8/5, 16/10 ritmlərimiz var. Bunlar it-bat olurdu. O dövrdə tar 11 simli olur, orkestrdə ifaya uyğunlaşdırılır.
– Ümumiyyətlə tar aləti və ya ona bənzər alətlər hansı ölkələrdə var?
– Tar Azərbaycan və İranda var yalnız. İranda dütar, setar kimi alətlər var, tara bənzər, yəni iki simli, üç simli alətlərdir. Orada daha çox Şiraz tarı geniş yayılıb, beş simlidir, çanağı ağır olduğundan diz üstə çalınır. Bu tarda ifa etmək elə də asan deyil. Nə Ərəbistanda, nə Türkiyədə, nə də Mərkəzi Asiya ölkələrində tarın analoqu yoxdur, hər ölkənin öz aləti var. Tar da bizə məxsus alətdir.
– Ermənidə necə, tar varmı?
– Ermənilərin arasında kamança ifaçıları olub, amma tardan uzaq durublar. Tar aləti yaddır onlara, ifaçıları olsa, gərək onda muğam oxuyan xanəndələri də olsun, qəzəl desinlər, əruzda. Bunu köhnə vallara qulaq asanda da duyuruq. Deməli, muğam səslənir, tarda biz qədim ritmləri eşidirik, amma kamançada temperasiyalı sistemdə ifa eşidilir. Çünki erməni temperasiyalı sistemdə nəsə ifa edə bilir, amma tarın o qəliz, çoxpərdəli üslubunu anlaya bilmir.
– Avropada musiqi alətlərinin istehsalında müəyyən standartlara əməl olunur. Yəni alət necə olmalıdır, bunun etalonu var. Fərq yalnız texnologiyada ola bilər. Azərbaycanda tar istehsalında vəziyyət nə yerdədir?
– Məncə, tarın hazırlanma etalonu, düzgün səs quruluşu problemi hələ də qalmaqdadır. Birincisi, biz gərək təyin edək bu aləti kim istifadə edəcək? Uşaq üçün bir ölçüdür, böyük üçün başqa ölçü. Ölçü məsələsindən əlavə tarın qriflərinin düzülməsi, tarın düzgün səslənməsi də problem məsələdir. Tələbələrim hərdən şikayət edir: tarın pərdələri çox vaxt düz qurulmur, əziyyət çəkirik. Müəllimlər də yenidən simləri təzədən düzəltməli olurlar, çünki düzgün səslənmir alət. Tarı istehsal edən ustanın çox vaxt musiqidən anlayışı olmur, burada həm də musiqiçilər oturmalıdır. Onda onlar aləti dəqiq sazlaya bilərlər.
– Bəlkə Azərbaycanda bir musiqi alətləri fabriki yaratmağa ehtiyac var…
– Əlbəttə, belə bir fabrik yaransaydı, daha yaxşı olardı. Orada həm aləti istehsal etmək üçün hər şərait yaradılardı, həm də aləti sazlayan musiqiçilər ştatda yer alardı. Tar istehsalı üçün tələb olunan tut ağacları haradan gəldi yox, deyək Qarabağ zonasından gətirilərdi. Axı bu yerlərdə bitən ağacın səsi başqa cürdür. Tarın da səslənməsi gözəl alınır. Tar alətinin istehsalında Qarabağ tutunun əvəzi yoxdur. Hələlik müxtəlif emalatxanalarda düzələn tarlarla kifayətlənməli oluruq. Bizim ustalar forma baxımından aləti yarada bilirlər, amma səslənmə işinə mütləq musiqiçi baxmalıdır.
– Hazırda Azərbaycanda hər hansı başqa növ tara rast gəlinir? Deyək, simi 11 yox, 13 olsun, ya diapazonu seçilsin…
– Vaxtilə Azərbaycanın məşhur tarzəni Məşədi Cəmil Əmirovun 13 simli, 49 pərdəli tarı olub. Bu haqda məlumat var. İndi bu cür tardan yararlanan, onda muğam ifa edən tarzənlər da var. Məsələn, Elman Sadıqov, İqbal Məmmədzadə belə tarda ifa edirlər. Bu tar alətini “Qədim Şərq” qrupunun rəhbəri Mahmud Salah gündəmə gətirib. O hesab edir ki, belə tar muğam ifaçılığında imkanları daha da genişləndirir. Belə tar 7 Şərq alətinin – tar, setar, səntur, ud, saz, rübab, qanun alətlərinin səsini verə bilir, yeri gəlsə, orkestrdə də istifadə oluna bilər.
Rusiyanın Həştərxan şəhərində “Şərq və Qərb: etnik bənzərlik və ənənəvi musiqi irsi: mədəniyyətlərin dialoqunda vasitəçi kimi” 2-ci Beynəlxalq Etnomusiqi Konqresi və 4-cü “Qızıl çölün səsləri – 2013” Beynəlxalq Etnomusiqi Festivalında iştirak etmişəm. Konqresdə tar aləti ilə bağlı çıxışım ora toplaşan elm adamlarında böyük maraq doğurdu. “Qədim Şərq” qrupunun tərkibində festivala qoşulan İqbal Məmmədzadənin konqres iştirakçılarının qarşısında çıxışı, 7 musiqi alətini bir alətdə səsləndirməsi alqışlarla qarşılandı. Tar möcüzəli alətdir, onu hər yerdə tanıtmalı, təbliğ etməliyik. Həm də tarsız muğam, muğamsız da tar yoxdur.
İsmayıl Rafiqoğlu