Oktyabrın 1-də Müdafiə Nazirliyi rəsmi məlumat yayıb. Qeyd olunur ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə zonasında yerləşən bir neçə yeni iri hərbi hissədə görülən işlərin yekun mərhələsi ilə tanış olub. Qısa bir müddətdə istifadəyə veriləcək yeni hərbi şəhərciklərdə 20 min nəfərdən artıq şəxsi heyətin yerləşdirilməsi üçün tam şərait yaradılıb, o cümlədən 500-dən artıq ailəli və subay hərbi qulluqçular üçün xidməti mənzillər tikilib.
Cəbhə bölgəsində yeni tikilən hərbi şəhərciklərdə aparılan inşaat işlərinin gedişatını yoxlayan müdafiə naziri hərbi obyektlərin plana uyğun, keyfiyyətli tikilməsi, müəyyən olunmuş müddətdə başa çatdırılması, həmçinin quruculuq işlərinin aparılması ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verib.