Sentyabrın 30-u Bakıdakı “Hyatt Regency” otelində Dövlət Sosial Müdafiə Fondu və Dünya Bankının birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasının pensiya təminatı sistemində islahatların aktuar qiymətləndirilməsi” mövzusunda təqdimat keçirilib. Tədbirdə beynəlxalq təşkilatların, dövlət orqanlarının və digər qurumların nümayəndələri iştirak ediblər.
DSMF sədri Elman Mehdiyev açılış nitqində deyib ki, sığorta-pensiya sisteminin inkişafı nəticəsində beynəlxalq təcrübədə pensiya sistemləri qarşısında qoyulan mühüm vəzifələrin həllinə nail olunub: “Bu nailiyyətlərdən birincisi ölkənin iqtisadi həyatı ilə pensiyaçıların sosial müdafiəsinin bazar iqtisadiyyatı prinsipləri əsasında əlaqələndirilməsinin təmin edilməsidir. Azərbaycanın müasir əsaslı sığorta-pensiya sistemi vasitəsilə iqtisadiyyatdakı əməkhaqqı fondu, bundan formalaşan sosial sığorta haqları və həmin haqlara görə təyin olunan pensiyalar həlqəsi qurulub ki, bu şəraitdə ölkə iqtisadiyyatının inkişafına uyğun sosial sığortaya cəlb olunan əmək haqlarının artımı pensiya artımlarını da şərtləndirir. Pensiyaların və fərdi hesablara toplanan sosial sığorta kapitallarının inflyasiya nəzərə alınmaqla hər il indeksləşdirilməsi isə sistemin mənfi fiskal təsirlərdən səmərəli şəkildə qorunmasını təmin edir.
Sığorta-pensiya islahatları ilə əldə olunmuş ikinci əsas nailiyyət qlobal yaşlanma fonunda dəyişən demoqrafik tendensiyaların pensiya sisteminə təsirinin uğurla tənzimlənməsidir. Ölkəmizdə qurulmuş müasir əsaslı sığorta-pensiya sistemi vasitəsilə bir tərəfdən əmək fəaliyyəti göstərən 3 milyondan çox şəxsin fərdi uçot əsasında bilavasitə öz gələcək pensiya təminatının iştirakçısına çevrilməsi, digər tərəfdən isə sığorta-pensiya sistemindəki bir sıra əlavə hüquq və imtiyazların demoqrafik göstəricilərə uyğunlaşdırılması, pensiya hüququ üzrə yaş və staja olan tələbin tənzimlənməsinə dair vaxtında qəbul edilmiş düzgün preventiv qərarlar sistemin maliyyə dayanıqlığı və islahatların davamı üçün əlverişli şəraiti təmin edib.
Üçüncüsü, mövcud maliyyə imkanlarının ölkə əhalisinin 13,5 faizini təşkil edən pensiyaçılar arasında ədalətli bölgüsünə nail olunub və onların yoxsulluq probleminin əsaslı şəkildə öz həllini tapıb. Pensiyaların orta aylıq məbləği hazırda pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyir, halbuki 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı idi. 2003-2015-ci illər ərzində əmək pensiyalarının orta aylıq məbləği 9,5 dəfə artıb. Eyni dövrdə yaşa görə pensiyaçılar üzrə əvəzetmə əmsalı 29,3 faizdən 43,4 faizə çatdırılıb ki, bu da beynəlxalq standartlara uyğundur”.
AZƏRTAC xəbər verir ki, Elman Mehdiyev pensiya təminatı sistemində gözlənən islahatların üç başlıca istiqamətindən danışıb: “Bunlardan birincisi pensiya təminatında sığorta prinsiplərinin gücləndirilməsini nəzərdə tutur və toplanan pensiya öhdəlikləri ilə yığılan maliyyə vəsaitlərinin balanslaşdırılmış tarazlığının təmin edilməsi, sistem iştirakçılarına münasibətdə ödənilən sosial sığorta haqlarının onun alacağı pensiya məbləğinə mütənasib olmasının gözlənilməsini təmin edən islahat tədbirləri ilə bağlıdır. Hazırda ödənilən cəmi sığorta haqqının yarısının fərdi hesablarda qeydiyyata alınması bu islahat tədbirini yüksək əməkhaqqından sosial sığorta haqları ödəyən şəxslərə münasibətdə daha aktual edir. Qeyd edilən halların aradan qaldırılması məqsədilə pensiya kapitalının formalaşmasında ödənilən sosial sığorta haqlarının tam məbləğdə nəzərə alınması kimi məsələlərə baxılması tövsiyə olunur ki, bu sosial sığorta ödəyicilərinə daha yüksək məbləğdə pensiya təyin olunmasına təminat verir.
İslahatların ikinci vacib istiqaməti dövlətin öhdəlikləri ilə pensiya sisteminin öhdəliklərinin maliyyə mənbələrinin fərqləndirilməsini əhatə edir. Hazırda pensiya sistemində bir sıra ödənişlərin məcburi dövlət sosial sığorta haqları ilə bağlı olmaması pensiya sisteminin əlavə maliyyə öhdəliklərinin yaranmasına səbəb olub. Pensiya sistemi üzərində sığorta prinsiplərinə əsaslanmayan dövlət öhdəliklərinin maliyyələşdirilməsinə hər il büdcə transfertlərindən əlavə olaraq sosial sığorta vəsaitləri də yönəldilir. Sığorta-pensiya sisteminin uzunmüddətli inkişaf dövrü üçün maliyyə dayanıqlığının daha da möhkəmləndirilməsi və bu sahədə səmərəliliyin artırılması məqsədilə bölüşdürücü funksiya daşıyan şərti yığım sistemi çərçivəsində dövlətin öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəliklərinin fərqləndirilməsi zərurətə çevrilib. Bu tədbirin reallaşdırılması ilə sığorta-pensiya sisteminin əlavə sərbəst vəsaitlərə malik olması və bunun pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə yönəldilməsi hədəflənir.
Könüllü sosial sığortanın tətbiqi əsasında məcburi dövlət sosial sığortasından əlavə təminata imkan verən mexanizmlərin formalaşdırılması islahatların üçüncü vacib istiqamətini təşkil edir. Bu islahat tədbiri əmək pensiyalarının könüllü yığım komponentinin fəallaşdırılması və qeyri-dövlət pensiya institutlarının inkişaf etdirilməsini, bununla da vətəndaşların pensiya təminatının gücləndirilməsinə əlavə imkanların yaradılmasını nəzərdə tutur. Könüllü sosial sığortanın tətbiqi mürəkkəb mərhələ olmaqla ölkədə investisiya mühitindən, maliyyə və qiymətli kağızlar bazarının inkişafından və sığorta-pensiya sistemindən kənar digər amillərdən asılıdır və beynəlxalq təcrübə öyrənilməklə konseptual araşdırmaların aparılmasını zəruri edib. Bu sahədə qəbul ediləcək qanunvericilikdə könüllü sosial sığorta haqlarının toplanması mexanizmləri, vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin fərdi uçotunun aparılması, idarəedici şirkətlərə olan tələblər, investisiya qaydaları, qeyri-dövlət pensiya fondlarının yaradılması və fəaliyyətinin təşkili, bu institutlarda öhdəliklərin yerinə yetirilməsi üçün adekvat və səmərəli təminat mexanizmlərinin formalaşdırılması və effektiv idarəetmə sisteminin tətbiqi, qeyri-dövlət pensiyalarının təyinatı, ödənilməsi, bu sahədə dövlət tənzimlənməsi və nəzarətinin əsas istiqamətləri və digər məsələlər öz əksini tapmalıdır.
Könüllü sığortalanmanın stimullaşdırılması üçün bir sıra əlavə mexanizmlər də tətbiq edilməlidir. Dövlət Sosial Müdafiə Fondunda reallaşdırılan layihə çərçivəsində beynəlxalq ekspertlərin ölkəmizdə könüllü sosial sığortalanmanın tətbiqi sahəsində mütərəqqi dünya təcrübəsi əsasında hazırladığı normativ hüquqi bazanın növbəti ayda ictimaiyyətin müzakirəsinə təqdim olunması nəzərdə tutulub”.