Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi elektron xidmətin sayı artıq 13-ə çatdırılıb.
Muxtar respublikanın Dövlət Sosial Müdafiə Fondundan AZƏRTACA-a bildirilib ki, “Sığortaedənin (hüquqi şəxs) onlayn uçota alınması”, “Sığortaedənin (fiziki şəxs) onlayn uçota alınması” və “Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu” adlı yeni istifadəyə verilmiş elektron xidmətlər vasitəsilə hüquqi şəxslərin (kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları istisna olmaqla), fiziki şəxslərin (fərdi sahibkarlar istisna olmaqla) uçotunu, eləcə də sosial sığorta şəhadətnaməsinin dublikatının verilməsini elektron qaydada həyata keçirmək mümkündür. Bu xidmətlərin tam elektronlaşdırılması həm kağız daşıyıcılarından istifadənin aradan qaldırılmasına, həm də şəffaflığın təmin olunmasına gətirib çıxaracaq.
“Sığortaedənin (hüquqi şəxs) onlayn uçota alınması” və “Sığortaedənin (fiziki şəxs) onlayn uçota alınması” xidmətlərindən elektron imza sahibləri istifadə edə bilərlər. Bu elektron xidmətlər vasitəsilə hüquqi şəxslərin (kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları istisna olmaqla), fiziki şəxslərin (fərdi sahibkarlar istisna olmaqla) uçotunu onlayn şəkildə aparmaq olar.
“Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu” xidmətindən isə möhür hüququ olan elektron imza sahibləri istifadə edə bilərlər. Sığortaolunanın şəxsiyyətini təsdiq edən sənəddə dəyişiklik olunduqda, dövlət sosial sığorta şəhadətnaməsinin itirilməsi, yazılan məlumatlarda yanlışlıq və yaxud səhv aşkar edilməsi, yararsız hala düşməsi və qanunvericilikdə nəzərdə tutulmuş digər hallar baş verdikdə sığortaedən bu xidmətdən rahat şəkildə istifadə etməklə yeni sosial sığorta şəhadətnaməsini əldə edə bilər. Bu elektron xidmətlər də digər istifadəyə verilmiş xidmətlər kimi interaktiv və ödənişsizdir.
İstifadəçilər bu xidmətlərdən Naxçıvan Muxtar Respublikası Elektron Hökumət Portalına (e-hokumet.nmr.az) və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun (www.dsmf.nakhchivan.az) internet səhifəsinə daxil olmaqla istifadə edə bilərlər.