Müdafiə Nazirliyinin rəsmi orqanı olan “Azərbaycan Ordusu” qəzetinin 23 sentyabr sayında xəbər saytları tənqid olunub. Novator.az-ın məlumatına görə, “Medianın “vətənpərvərliyi” niyə xofa çevrilir?” başlıqlı yazıda xəbər saytlarının orduda baş verənləri təhrif etdiyi vurğulanıb.
Yazıda qeyd olunub ki, saytlar orduda baş verənlər haqda informasiyanı Müdafiə Nazirliyinin mətbuat xidmətindən alsa da, onu oxuculara başqa tərzdə təqdim edir: “Məsələn, bu yaxınlarda Müdafiə Nazirliyi gecə cəbhədə olan hadisələrlə bağlı məlumat yayıb və başlıq belədir: “Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 174 dəfə pozub”.
Xəbər saytlarının qoyduğu başlıq isə belədir: “Cəbhədə şiddətli ATIŞMA: düşmən mövqelərinə zərbələr endirildi”. Təkcə “şiddətli” sözü cəmiyyəti təşvişə salmaq üçün yetərlidir. Danılmaz faktdır ki, son vaxtlar cəbhədə baş verən qarşıdurmada həmişə Azərbaycan tərəfi uğur qazanır. Düşmənin hər həmləsinə qətiyyətli cavab verilir. Bəs onda ordu xəbərləri belə başlıqla KİV-də nəyə görə, nə məqsədə yayımlanır?
Çox uzağa getməyək…
Azərbaycan prezidenti İlham Əliyev ölkə vətəndaşlarının iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzaladı. Həmin sərəncamla “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının 2015-ci il iyulun 1-dən 30-dək ehtiyata buraxılması da qeyd edildi.
Sərəncama uyğun olaraq hərbi qulluqçuların ehtiyata buraxılması iyulun 1-dən 30-na qədər davam etdi. Həmin vaxtlar əhali arasında gərginlik vardı. Prezidentin fərmanını oxumayan sadə vətəndaşlar iyulun ilk günlərindən yaxınlarının hərbi xidmətdən qayıtmasını gözləyirdilər.
Yadımdadır ki, qonşumuzda yaşayan bir əsgər anası övladının iyulun 1-də gələcəyini zənn edərək erkən yuxudan qalxıb, hazırlıq görmüşdü. Həmin gün gözlədiyi xəbəri ala bilməyən ana günlərlə özünə gəlmədi. Ananın övladı iyulun 27-də ehtiyata buraxıldı. Onun təsəllisi prezidentin sərəncamı ola bilərdi, amma KİV-də məsələ ilə bağlı şişirdilmiş xəbərlərə görə həmin xanım 27 gün təşvişdə qaldı. Sərəncamda qeyd olunan iyulun 1-dən 30-dək tarixini isə insanlara düzgün təqdim edən “media orqanı” tapılmadı.
İndi düşünün, kiminsə valideynlərə bu narahatlığı yaratmağa haqqı varmı? Bütün saytlarda məsələ “şou” başlığı ilə qabardıldı. Hətta cəmiyyətdə müharibənin başlanması ilə bağlı məlumatları da tez-tez eşitməyə başladıq. Bunun əsas qaynağı isə mediada şişirdilmiş xəbərlər idi. Və beləcə, hər kəsin övladı hərbi xidmətdən müəyyən olunan vaxtda sağ-salamat qayıtdı. Amma həmin günlər elə bil unuduldu, əksinə, cəmiyyətdə belə xəbərlərin yayımının qarşısı alınmalı, həssas məsələlərə vicdanla yanaşılmalıdır. Bu gün qarşılaşdığımız bu problemlə sabah da qarşılaşacağıq.
…Bəlkə də bu kimi məlumatları qabardan və bəzən də tamamilə yalan xəbər yazan sayt işçisi də istəməz ki, əsgər yolu gözləyən insanları intizarda saxlasın. Amma saytların hansı məqsədi güdməsini və bu məqsədin arxasında maraqlı qüvvələrin olmasını düşünməliyik.
Bu gün KİV-də hərbi vətənpərvərlik anlayışının düzgün izahına, təbliğatına ehtiyac var. İnkar oluna bilməz ki, son dövrlərdə Azərbaycan Ordusu kifayət qədər güclənib. Ordumuz müasir silah-sursatla təmin edilib. Son vaxtlarda düşmənə verilən layiqli cavablar da buna əyani sübutdur. İndi hər bir Azərbaycan vətəndaşının öhdəsinə düşən borc və məsuliyyət – bu ordunu qarayaxmalardan qorumaqdır”.
“Medianın “vətənpərvərliyi” niyə xofa çevrilir?” yazısının müəllifi leytenant Ceyhun Cəfərlidir. Müəllif məqalənin sonunda yazır: “Ordunu qorumaq fikrini işlətdiyim anda onu düşünürəm ki, sosial mediada, mətbu orqanlarda yazdığımız hər bir sözdə ehtiyatlı olmalıyıq. Yazmağa başlamazdan əvvəl gəlin yaxşı-yaxşı fikirləşək: biz də bu ölkənin vətəndaşıyıq, Vətənə övladlıq borcumuz var. Ordunu qarayaxmalardan qorumaq isə hər bir vətəndaşın vicdan məsələsidir”.