2015-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsi hazırlanıb: Azərbaycanın daxili dövlət borclanmasının yuxarı həddi 1,5 milyard manatdan 4,5 milyard manata artırılır. Qanun layihəsi Milli Məclisdən keçsə, yenilik 2015-ci ilin iyulun 15-dən tətbiq ediləcək.
Transparency.az-a danışan iqtisadçı ekspert Qubad İbadoğlu deyib ki, daxili dövlət borclanmasının yuxarı həddində artım dövlət layihələrinin maliyyələşdirilməsi üçün vəsaitin cəlbi və Beynəlxalq Bankın borclarının idarə edilməsi zərurətindən irəli gəlir. Mexanizmə gəlincə, Maliyyə Nazirliyinin buraxdığı istiqrazlar satışa çıxarılacaq, Mərkəzi Bank da onların alınmasında iştirak edəcək və beləliklə, maliyyələşmə açılacaq, yekunda dövlətin daxili borcları artacaq”.
Digər ekspert Rövşən Ağayev də qeyd edib ki, hökumət 3 milyard manat daxili borclanmaya ilk növbədə Beynəlxalq Bankın sağlamlaşdırılması məqsədilə gedir: “Əlavə olaraq Dövlət Neft Şirkətinin daxili və xarici layihələrinin dəstəklənməsi üçün 1,8 milyard manat daxili borclanma planlaşdırlır. Qısa bir zaman kəsiyində dövriyyədə olan pul kütləsinin az qala 70 faizi qədər daxili borclanmaya ölkənin maliyyə sisteminin davam gətirə bilib-bilməyəcəyini isə söyləmək çətindir”.