İnternetə çıxışı olan insanların sayının artması zəifləyir və planet əhalisinin yarısından çoxu hələ də bu imkandan istifadədən məhrumdur. Bu barədə BMT-nin Genişzolaqlı rabitə üzrə komissiyasının (United Nations Broadband Commission) hazırladığı hesabatda qeyd olunur.
2015-ci ildə qlobal miqyasda internetləşmənin artım tempi 8,1%-ə bərabər olub. Bir il əvvəl bu göstərici 8,6% təşkil edib. 2012-ci ilədək bu göstərici uzun illər ərzində ikirəqəmli ədədlərlə artıb. Ekspertlərin proqnozlarına görə, bu say nəzərə alınmaqla 2020-ci ilədək internet istifadəçilərinin sayı 4 milyarda çatacaq.
Hazırda Yer kürəsi əhalisinin təxminən 57%-i (4 milyard nəfərdən çox) internetdən mütəmadi və ya fəal istifadə etmir. Bu vəziyyət operatorların ölkələrin ucqar regionlarında telekommunikasiya infrastrukturunun inkişafına çoxlu vəsait xərcləmək istəməməsi, eləcə də mobil rabitə abunəçilərinin sayının artım tempinin kəskin azalması ilə əlaqədardır.
2014-cü ildə 2,9 milyard insan internet istifadəçisi olub, cari ilin sonunadək bu göstəricinin 3,2 milyard nəfərədək artacağı gözlənilir. Bu da planetin ümumi əhalisinin təxminən 43,4%-i deməkdir.
BMT-nin proqnozuna görə, 2020-ci ildə dünyada internetin nüfuzetmə səviyyəsi 60%-ə çatacaq.
Xəbəri Mincom.gov.az saytı “DailyComm”a istinadla yayıb.