“Azərbaycan Hava Yolları” (AZAL) 2015-ci il oktyabrın 25-dən etibarən Bakı-Moskva-Bakı marşrutu üzrə müntəzəm aşağı büdcəli uçuşlara başlayır.
“Azərbaycan Hava Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, AZAL-ın kassalarında və şirkətin www.azal.az saytında bu istiqamət üzrə aviabiletlərin bronlaşdırılması və satışına başlanıb.
Uçuşlar “Airbus A320” təyyarəsi ilə hər gün həyata keçiriləcək.
Bu istiqamət üzrə aviabiletlərin qiyməti (bütün rüsumlar daxil olmaqla) AZAL-ın saytında və aviaşirkətin satış məntəqələrində bir tərəfə 99 avro təşkil edir.
Bu marşrut üzrə hər ayrıca baqaj üçün (23 kiloqramdan artıq olmayan) ödəniş nəzərdə tutulur, ölçüsü 55x35x20 santimetr olan əl yükünü (8 kiloqramdan artıq olmayan) özünüzlə təyyarəyə götürmək isə pulsuzdur.
Reys Heydər Əliyev Beynəlxalq Hava Limanının ikinci terminalından saat 15:00-da çıxacaq, yerli vaxtla saat 17:10-da Vnukovo hava limanına çatacaq.
Əks istiqamətdə reys Moskvadan saat 18:10-da çıxacaq, yerli vaxtla saat 22:00-da Bakıya çatacaq.
Qeyd edək ki, AZAL-ın kassalarında və şirkətin saytında 99 avroya Bakı-Dubay-Bakı, Bakı-İstanbul-Bakı və Bakı-Antalya-Bakı aşağı büdcəli marşrutları üzrə də bilet əldə etmək olar.