Sentyabrın 22-də Avropa Şurasının rəsmisi, Avropa Parlamentinin ALDE fraksiyasının vitse-prezidenti Pavel Teliçka və onu müşayət edən nümayəndə heyəti bir qrup media təmsilçisi ilə görüşüb.
Avropalı qonaqlarla görüşən media təmsilçilərinin arasında “Yeni Müsavat” media qrupunun təsisçisi Rauf Arifoğlu, APA media holdinqinin rəhbəri Vüsalə Mahirqızı, “Yeni Nəsil” Jurnalistlər Biriyinin sədri Arif Əliyev, Azərbaycan Jurnalitlər Birliyinin sədri Elçın Şıxlı, “Azadlıq” radiosunun baş redaktoru Zeynal Məmmədli, “Yeni Azərbaycan” qəzetinin baş rektoru Hikmət Babaoğlu və başqaları olub.
Görüşdə ölkədəki ictimai-siyasi durum, parlament seçkiləri ilə bağlı polemika aparılıb.
AŞPA nümayəndə heyətinin təmsilçisi Aqustin Conde baş redaktorlarla deyib ki, monitorinq altında olan ölkələrdə seçki müşahidəsi aparılır. Azərbaycan da həmin ölkələrdən biridir. AŞPA 2 mərhələdə – seçkiqabağı və seçki günü müşahidələr aparmağı planlaşdırır. Bu məqsədlə cəmiyyətin fərqli kəsimləri, o cümlədən də KİV rəhbərləri ilə görüşlər keçirilir.
KİV rəhbərləri seçkiqabağı mühit və ölkədə ifadə azadlıqları ilə bağlı fikirlərini bölüşüblər. Rauf Arifoğlu həbsdəki jurnalistlər, xüsusi ilə də qəzetimizin köşə yazarı Tofiq Yaqublu haqda məlumat verib.
Görüşdə Türkiyənin Avropa Biriliyi ilə inteqrasiya işləri üzrə sabiq dövlət naziri Egemen Bağış da iştirak edib.
Görüş zamanı Aleksandr Nikolski toplantıda iştirak edənlərə Azərbaycan müxalifəti haqqında suallar verib.
Qeyd edək ki, Pavel Teliçka Bakıya səfəri çərçivəsində bir sıra rəsmi şəxslərlə, o cümlədən hökumət və parlament nümayəndələri ilə də görüşmək niyyətində olduğunu, lakin rəsmi Bakının əvvəlcədən planlaşdırılan bu görüşü əngəllədiyini açıqlayan bəyanat yayıb.
Musavat.com