Müdafiə Nazirliyinin 21 sentyabr məlumatına görə, Hərbi Hava Qüvvələri pilotlarının hazırlığı mərkəzi açılıb. Mərkəzin açılışında iştirak edən müdafiə naziri general-polkovnik Zakir Həsənov Mi-35 zərbə helikopteri ekipajlarının hazırlığı üçün nəzərdə tutulan kompleks trenajor mərkəzində idarəetmə, paraşüt-desant, axtarış-xilasetmə, helikopter trenajorları, hündürlük ləvazimatları, laboratoriya və digər otaqlardakı şəraitlə tanış olub. Bildirilib ki, real şəraitə tam uyğunlaşdırılan müasir tipli helikopter trenajorları otağında quraşdırılan avadanlıq təsdiqlənən hazırlıq proqramına uyğun olaraq ekipajların nəzəri təlim hazırlığını artırmaq, bacarıqlarını lazımi döyüş səviyyəsində saxlamaq, o cümlədən digər hava vasitələrini idarə edən uçuş heyətinin yenidən öyrədilməsi məqsədini daşıyır. Pilotların hazırlığında istifadə olunan trenajorlar uçuşu, döyüş atışlarını və digər fəaliyyətləri virtual olaraq həyata keçirmək imkanı verir.
Həqiqi helikopterin kabinəsinin interyerini əks etdirən, eyni zamanda cihaz, ləvazimatlar, idarəetmə qurğuları quraşdırılan və operator tərəfindən idarə olunan trenajorda uçuş heyəti verilən proqrama uyğun marşrut üzrə, havanın və sutkanın rejimi, manevr imkanları, texniki vəziyyət və digər amillər nəzərə alınmaqla hazırlıq keçir.
General-polkovnik Zakir Həsənov döyüş helikopterlərinin dayanması, onlara texniki xidmətin göstərilməsi və təmiri məqsədilə yeni tikilən və müasir avadanlıqla təchiz olunan anqarlara da baxıb.