Sentyabrın 19-u Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) xarici vətəndaşlar üçün əmək miqrasiyasının təkmilləşdirilməsi məqsədilə Dövlət Miqrasiya Xidməti (DMX) ilə birgə hazırlanmış təkliflərin müzakirəsi keçirilib. Transparency.az-a verilən rəsmi məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov siyasi və iqtisadi böhran prosesləri səbəbindən əksər ölkələrdə iqtisadi fəallığın və investisiya qoyuluşlarının azaldığını, belə şəraitdə çoxsaylı iş yerlərinin ixtisar edildiyini bildirib: “Azərbaycanda isə iqtisadi artım və ölkə iqtisadiyyatına investisiyaların yatırılması prosesi davam edir. Bu isə ölkəmizin əmək bazarında xarici işçi qüvvəsinin çoxalması ilə müşahidə olunur. Təkcə bu ilin birinci yarım ilində ƏƏSMN-ə xarici vətəndaşlara iş icazəsinə rəy verilməsi üçün DMX-dən göndərilən müraciətlərin sayı 9357 ədəd, ötən ilin müvafiq dövrünə nisbətən 11,8 faiz çox olub. Lakin bu müraciətlərin yalnız 7 faizə yaxın hissəsinin yüksək ixtisaslı mütəxəssislərə aid olması təəssüf doğurur və milli əmək bazarının ixtisassız əcnəbi işçi qüvvəsindən qorunması, yüksək ixtisaslı mütəxəssislərin iqtisadiyyatımıza cəlb edilməsinin stimullaşdırılması məsələsini aktuallaşdırır”.
Müslümov dövlət başçısının 24 dekabr 2014-cü il fərmanında bununla əlaqədar konkret tapşırığın verildiyini vurğulayıb: ”Fərmanda ƏƏSMN və DMX-yə milli əmək bazarında ixtisassız əcnəbi kadrların iştirakının qarşısının alınması və yerli əmək ehtiyatlarından səmərəli istifadə olunması məqsədilə əmək miqrasiyası kvotasının sərtləşdirilməsi, habelə ölkədə innovativ rəqabətə davamlı iqtisadiyyatın formalaşdırılması tələblərinə uyğun olaraq yüksək ixtisaslı əcnəbi mütəxəssislərin cəlb olunması (patentləşdirmə) mexanizminin yaradılması üçün təkliflərin hazırlanması tapşırılıb. Hər iki qurumun müvafiq təklifləri hazırdır və müzakirələr şəraitində onlar daha da təkmilləşdirilərək dövlət başçısına təqdim olunacaq”.
DMX-nin rəisi Firudin Nəbiyev ixtisassız əcnəbi miqrantların ölkəyə axınının qarşısının alınması üçün həyata keçirilən tədbirlər barədə məlumat verib, hazırlanan yeni təkliflərin bu sahədə mexanizmin təkmilləşməsinə səbəb olacağını bildirib.
Tədbirdə hazırlanan təkliflər ətraflı müzakirə olunub. Təkliflərdə əmək bazarında ilk növbədə yerli işçi qüvvəsindən istifadəyə üstünlük verilməsi, yalnız müvafiq ixtisaslar üzrə yerli işçi qüvvəsi yetərli olmadığı halda həmin ixtisaslar üzrə iş yerlərinə əcnəbi işçi qüvvəsinin buraxılmasına icazə verilməsi məsələsi də əksini tapıb. Müzakirə zamanı bu məsələ ilə əlaqədar milli əmək bazarında iştirak üçün xarici işçi qüvvəsinə icazələrin verilməsi zamanı aidiyyəti informasiyaların əldə olunması üçün iki qurum arasında elektron məlumat mübadiləsinin həyata keçirilməsi, habelə əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminin imkanlarından miqrasiya orqanlarının geniş istifadə edə bilməsi barədə razılıq əldə olunub.