Prezident İlham Əliyev sentyabrın 17-si Kürdəmirdə Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun açılışında sakinlərlə görüşüb. Kənd yolunun salınmasına şad olduğunu vurğulayan İlham Əliyev vəsaiti 3 il əvvəl ayırdığını bildirib: “Ancaq əfsus ki, əvvəlki rəhbərlik bu işə o qədər də böyük məsuliyyətlə yanaşmamışdı və yol keyfiyyətsiz tikilmişdi. Mənə məlumat çatdırılandan sonra göstəriş verildi və yeni rəhbərlik bu işlərlə çox ciddi məşğul oldu, bütün nöqsanlar aradan götürüldü. O nöqsanları buraxan şəxslər özləri də bərpa işlərində iştirak ediblər və nəticədə bu yol artıq bütün yüksək standartlara cavab verir”.
Dövlət başçısı qeyd edib ki, indi kənd yollarının tikintisini yerli icra orqanları həyata keçirir və bu işdə ictimai nəzarət də güclü olmalıdır: “Mənə icra başçısı məlumat verir ki, o, bura təyin olunandan sonra insanlar bu yolla bağlı çoxsaylı şikayətlər edib. Yəni ictimai nəzarət budur. Əgər insanlar bu məsələni qaldırmasaydılar, mən heç bilməyəcəkdim. Amma bu gün bu yol lazımi səviyyədə tikilib, istifadəyə verilir və hər yerdə də belə olmalıdır.
Bu gün məni eşidən bütün icra orqanlarının nümayəndələri bilməlidirlər ki, hər bir sahədə ciddi nəzarət var və ən güclü nəzarət ictimai nəzarətdir. Siz, burada yaşayan insanlar görəndə ki, hər hansı bir ədalətsizlik var, keyfiyyətsiz yollar salınır, yaxud da başqa xoşagəlməz hallar baş verir, əlbəttə, siqnal verməlisiniz, ilk növbədə yerli icra orqanlarına, əgər nəticə olmasa, mərkəzi icra orqanlarına. Beləliklə, Azərbaycanda ictimai nəzarət daha da güclü olmalıdır”.
İlham Əliyev ölkənin iqtisadi durumuna toxunaraq deyib ki, kənd təsərrüfatında çox yaxşı nəticələr var: “Tarixdə ilk dəfə olaraq taxılçılıqda hektardan 30-31 sentner məhsul əldə edə bilmişik. Kənd təsərrüfatı ilə məşğul olanlar yaxşı bilirlər ki, heç vaxt belə nəticələr olmayıb. Nəyə görə? Müasir texnologiyalar tətbiq olunur, gübrələr verilir. İndi subsidiyaların verilməsində şəffaflıq təmin edilir, texnika alınır, lizinq yolu ilə verilir. Əlbəttə ki, biz ən mütərəqqi təcrübəni öyrənməliyik. Eyni zamanda iri fermer təsərrüfatları da yaradılır. İri fermer təsərrüfatlarında isə məhsuldarlıq daha da yüksəkdir — hektardan 50-60 sentner. Azərbaycanda nə vaxt belə nəticələr olub? Hektardan 50-60 sentner ən inkişaf etmiş ölkələrdə olan göstəricidir. Bizim indi 20-yə yaxın iri fermer təsərrüfatımız var. Burada minlərlə insan işləyir. Müasir səviyyə yaradılıb və beləliklə, mövcud torpaqlar hesabına biz öz ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edə bilərik”.
Prezident dünyada ərzaq təhlükəsizliyinin ön plana çıxdığını deyib: “Getdikcə bu problem daha da kəskinləşəcək. Çünki dünyada əhali artır, amma torpaq sahələri arta bilmir. Ona görə hər bir ölkə məşğul olmalıdır. Biz xaricdən niyə ərzaq məhsulları almalıyıq?! Özümüz istehsal etməliyik, özümüz xaricə satmalıyıq. İndi bəzi məhsullar üzrə buna nail olmuşuq, amma hələ ki, idxaldan asılılığımız var. Fermerlər, kəndlilər üçün şərait yaradılır ki, onlar həm dolansınlar, pul qazansınlar, həm də əhalimizi keyfiyyətli yerli məhsullarla təmin etsinlər”.
Dövlət başçısı neftin qiyməti düşdüyü üçün ölkənin gəlirlərinin müəyyən mənada azaldığını vurğulayıb: “Ancaq buna baxmayaraq ölkə iqtisadiyyatının inkişafı, sosial məsələlərin həlli ilə bağlı bütün layihələr icra edilir və gələn ilin büdcəsində də kənd təsərrüfatının inkişafına, sosial məsələlərin həllinə kifayət qədər vəsait ayrılacaq. Bizim maliyyə vəziyyətimiz sabitdir. Öz gücümüzə güvənirik, arxalanırıq. Xarici borcumuz da çox aşağı səviyyədədir. Biz bütün xarici borcumuzu bir gündə ödəyə bilərik. Ona görə ödəmirik ki, buna ehtiyac yoxdur. Hələ ki, kreditlərdən istifadə edirik, amma kreditlərsiz də yaşaya bilərik. İndi ikinci belə ölkə tapılarmı ki, bir gündə xarici borcunu ödəyə bilsin? Çətin.
Bəzi ölkələrin xarici borcu ümumi daxili məhsuldan çoxdur. Yəni onlar borc içində yaşayırlar və borcun üstünə borc gəlir. Nəticə etibarilə xalq əziyyət çəkəcək. Nə vaxtsa, necə deyərlər, bu piramida çökəcək. Amma əgər mən əmr versəm, biz bütün xarici borcumuzu bir gündə ödəyə bilərik. Budur bizim reallıqlarımız. Bizdə güclü iqtisadiyyat, güclü siyasi iradə, xalq-iqtidar birliyi və bu yol kimi konkret işlər, nəticələr var”.
Sakinlərlə fikir mübadiləsi zamanı bu yay Bakıda keçirilmiş Avropa Oyunlarına toxunan prezident deyib: “Biz nəyə qadir olduğumuzu bütün dünyaya göstərdik. İyirmi dörd il ərzində görün haradan-haraya gəlmişik. Bütün Avropa bizə heyran oldu.
Vaxtilə deyirdilər ki, biz Avropa standartlarına çatmalıyıq. İndi bu gün biz deyirik ki, hər bir sahədə Azərbaycan standartları var — ictimai həyatda, multikulturalizm məsələlərində, insanlar arasında əlaqələrdə, iqtisadi inkişafda, sabitlikdə. İndi hər şey göz qabağındadır, internet dövründə yaşayırıq. Hər gün televizorda görürük ki, harada nələr baş verir. Azərbaycanda sabitlik var, insanlar sülh, əmin-amanlıq şəraitində rahat yaşayırlar. Biz inkişafla məşğul oluruq. Biz bir çox ölkələr üçün gözəl nümunəyik”.
AZƏRTAC