Sentyabrın 14-ü İsmayıllıda 12 yaşlı İsmət Əsədov özünü asıb. Bəzi media orqanlarının iddiasına görə, İsmət ailəsinin ona məktəbli forması və dərs ləvazimatı ala bilmədiyi üçün özünü öldürüb.
“Yeni Müsavat” qəzetinin əməkdaşı İlkin Muradov İsmayıllıya gedərək İsmət Əsədovun atası ilə görüşüb. Qismət Əsədov jurnalistlə söhbətində məktəbli forması və dərs ləvazimatı barədə iddialara toxunaraq deyib: “İsmət bizdən nəsə tələb etməzdi. Maddi imkanımızın nəyə çatdığını bilirdi. Sıxıntımız çox idi, amma İsmət bunu başa düşürdü. İmkanımız çatmayan heç nəyi tələb etməyib. Yeni məktəbli forması ala bilməmişdik, amma İsmət bunu problem eləmirdi. Elə həmin gün mağazadan dəftər və qələm almışdı. Belə bir hadisənin olacağını nə bilərdik?”
Qismət Əsədov sentyabrın 14-ü yoldaşı, özü və İsmətlə birgə bağda üzüm yığdığını deyib: “Bağda işləyirdik. İsmət evə bizdən tez getdi. Ardınca biz gələndə səs-küy idi, gördük ki, İsməti yerə uzadıblar. Onu kəndirdən bacısı və qardaşı çıxarıb”.
İlkin Muradov yazır ki, Əsədovlar ailəsinin 4 övladı var: İsmətdən 1 yaş böyük bacısı, 2 yaş kiçik qardaşı Xəyal və evin ən kiçik övladı olan 2 yaşlı Ümid.
İsmət evə qayıtdıqdan sonra evin anbarındakı çardaqdan özünü asıb. Onu ilk olaraq qonşuda yaşayan uşaq görüb. Evdəkilərə xəbər verəndən sonra bacısı və özündən kiçik qardaşı İsməti xilas etməyə çalışıblar. Xəyal İsməti qucağına alıb, bacısı isə kəndiri boğazından çıxarıb. Lakin artıq gec olub.
Qismət Əsədovun sözlərinə görə, ailədə maddi çətinlik var: “Bir neçə banka kredit borcumuz var. Son zamanlar ödəyə bilmirdik. Borclar qızımın müalicəsindən sonra yaranıb. Bankdan götürdüyüm krediti verə bilmirdim. Ödənişləri başqasından borc alıb qaytarırdım. Sonra bu borclar da çoxaldı. Borclar qaytarmaq üçün yenə də kredit götürdük. Yoldaşımın da, mənim də adıma kredit var. Heç birimiz işləmirik. Qazancımız elə bağda işləməkdən çıxır.
İsmətin intiharından iki gün əvvəl bankdan evə bir neçə nəfər gəlib. Biz evdə olmamışıq. Qızım və balaca uşaqlar olub. Uşaqlara deyiblər ki, əgər borcunuzu ödəməsəniz, polislə gəlib evinizdəki əşyaları aparacağıq. Uşaqlar qorxmuşdu. İsmət də bundan təsirlənmişdi. Bilirəm ki, maddi sıxıntılar ona təsir edirdi. Amma gizlətmək də olmurdu axı. Hər şey göz qabağında idi”.
Jurnalistin yazdığına görə, “Azəriqaz”ın işçiləri ailənin qazını bir aydan çoxdur borc səbəbindən kəsibmiş. İntihar hadisəsindən sonra ailənin qazı verilib: “Əsədovlar ailəsi İsmayıllının Müdrüsə kəndindən 2007-ci ildə rayon mərkəzinə köçüb. 1977-ci il təvəllüdlü Qismət Əsədov fəhləliklə məşğul olur. Əlavə olaraq dağlarda itburnu yığmaqla məşğul olan Qismət Əsədov bununla ailəsinin dolanışığını təmin etməyə çalışıb. Oğlu İsmət bu işdə atasına kömək edirmiş.
İsmətin bacısı uzun illərdir bel nahiyəsində olan xəstəlikdən əziyyət çəkir. Elə ailənin borcu da övladlarının müalicəsindən sonra çoxalıb. Qismət Əsədovla söhbətimizdə məlum oldu ki, onların 3 banka ümumilikdə 9 min manata yaxın borcu var. Amma bu borcu heç cür ödəyə bilmirlər. Qismət Əsədov borcunu geri qaytarmaq üçün banklardan vaxt istəyib”.
İsmətin təhsil aldığı İsmayıllı şəhər 5 saylı tam orta məktəbin direktoru Elçin Məmmədov da jurnalistə açıqlama verib. O qeyd edib ki, İsmətin bütün sinif yoldaşları ilə normal münasibəti olub, o, hər hansı məktəbli və ya müəllimlə problem yaşamayıb, dərsə davamiyyəti və nailiyyətləri ilə seçilib.
Direktoru İsmətin məktəbli formasına görə intiharı etməsi haqda deyilənlərin doğru olmadığını vurğulayıb: “Hansı səbəbdən bunu edib, dəqiq deyə bilmərik. Amma məktəbli formasına görə belə bir iş tutması mümkün deyil. Onların ailəsini yaxşı tanıyıram. Maddi imkanları yaxşı olmasa da, məktəb forması almayacaq qədər deyil. Məktəbdə isə imkanı zəif olan ailələrə az da olsa yardım edilir. Bizdə yardıma ehtiyacı olan ailələrin siyahısı var”.
Elçin Məmmədov İsmətin nevroloji probleminin olması haqda iddialara da münasibət bildirib: “Məktəbin psixoloqu daim uşaqlarla ünsiyyətdə olur, onların problemlərindən xəbər tutur. İsmətin şəxsi işinə baxdıqda onun necə şagird olduğunu bilmək olar. Qiymətləri, dərslərdə davranışı həmişə qaydasında olub. Psixoloqumuz mütəmadi olaraq şagirdlərlə söhbət edir. Əgər İsmətin nevroloji problemi olsaydı, bundan xəbər tutardı. Biz İsmətin şəxsi işini prokurorluq əməkdaşlarına da göstərmişik. İntihara səbəb nevroloji problem deyil”.
Jurnalist İsmətin şəxsi işi ilə tanış olduğunu, qiymətlərinin əksəriyyətinin əla və yaxşı olduğunu da yazır.