Azərbaycandan sığınacaq istəyən Ermənistan vətəndaşı Vaan Martirosyan həyat yoldaşı Karina Qasparyanla birgə bəyanatla çıxış edib. APA-nın xəbərinə görə, bəyanatda deyilir: “Mən, Martirosyan Vaan Emilyeviç, 1986-cı ildə Yerevanda anadan olmuşam. Ermənistan vətəndaşıyam. Azərbaycandakı qeyri-hökumət təşkilatlarından olan dostların və həmkarlarımın köməyi ilə könüllü şəkildə ailəmlə birlikdə Azərbaycan Respublikası ərazisinə keçmişəm. Azərbaycanda məni çox dostcasına və qonaqpərvərliklə qarşılayıblar, heç bir təzyiqlə qarşılaşmamışam.
Bu hərəkətə səbəb mənim Ermənistanda ictimai-siyasi, hüquq müdafiəçisi fəaliyyətim olub. Mən Milli Azadlıq Hərəkatı Vətəndaş Təşəbbüsünün rəhbəri olaraq prezident Serj Sərkisyanın cinayətkar rejiminə, Ermənistanda hakimiyyətin total korrupsiya fəaliyyətinə qarşı mübarizə aparmışam. Məhz bu fəaliyyətə görə mən və hərəkatdan olan digər həmkarlarım son 3 ildə davamlı şəkildə Ermənistanın hakimiyyət orqanlarının təqib və təzyiqlərinə məruz qalmışıq. Nəhayət, avqustun 12-də Serj Sərkisyanın yaxın dostu, hakim Ermənistan Respublika Partiyasının deputatı Mqer Sedrakyanın cangüdəni və qohumları öz evimdə mənə və ailəmə hücum ediblər. Hücum nəticəsində mən yaşlı anamın və 2 yaşlı oğlumun gözü qarşısında vəhşicəsinə döyülmüşəm, nəticədə hamilə həyat yoldaşım uşağımızı itirib.
Bundan sonra davamlı şəkildə işi bağlamaq və mediaya məlumat sızdırmamaq üçün rüşvət təklif ediblər. Mən bu təklifi rədd etdikdən sonra anama təzyiqlər başlayıb. Ermənistan İstintaq Komitəsi mənə qarşı müxtəlif saxta cinayət işləri qaldırıb, saxta şahidlər tapıblar və tibb məntəqələrini mənim döyülməyimlə bağlı saxta sənəd hazırlamağa məcbur ediblər.
Bütün bunların nəticəsində həbsdən, repressiyadan, ədalətsiz məhkəmədən və ailəmin təhlükə altında olmasından qorxaraq dərhal Ermənistanı tərk etmək barədə qərar verdim. Mənim məqsədim Serj Sərkisyanın qeyri-legitim rejiminin cinayətkar mahiyyəti, onun ətrafı tərəfindən törədilən qanunsuzluqla bağlı Azərbaycan KİV-i vasitəsilə dünya ictimaiyyətinin, erməni diasporunun və beynəlxalq ictimaiyyətinin gözünü açmaqdır. Həmçinin onu göstərməkdir ki, bu rejim düşünülmüş şəkildə Dağlıq Qarabağ münaqişəsindən necə istifadə edir və Ermənistan iqtisadiyyatının, ordusunun, erməni xalqının tənəzzülü hesabına, özünün mənfəəti məqsədilə Azərbaycanın simasında saxta düşmən görüntüsü yaradır”.
Həmçinin bax: Vaan Martirosyanın sentyabrın 18-də Bakıda keçirdiyi mətbuat konfransı