Vergilər Nazirliyində struktur dəyişiklikləri aparılıb. Sentyabrın 17-də yayılan rəsmi məlumata görə, vergilər nazirinin əmri ilə Vergilər Nazirliyi aparatının, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması, Xüsusi Rejimli Vergi Xidməti və Bakı Vergilər departamentlərinin, ərazi vergilər departamentləri və idarələrinin, rayon vergilər şöbələrinin strukturunda bəzi dəyişikliklər edilib.
Yeniliyə əsasən, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti yalnız cinayət tərkibi yaradan vergi borcları haqqında materiallar istintaq və təhqiqat strukturlarına daxil olduqdan sonra deyil, hər bir borcun yarandığı ilk gündən etibarən məşğul olmağa başlayacaq. Vergilər Nazirliyinin Vergi Borclarının Alınması İşinin Təşkili İdarəsinin bazasında Cinayət Xarakterli Vergi Hüquqpozmalarının Təhlili və Vergi Borclarının Alınması İşinin Təşkili Baş İdarəsi yaradılıb.
Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti və Bakı Vergilər Departamentinin, eləcə də ərazi vergi orqanlarının tərkibində fəaliyyət göstərən vergi borclarının alınması strukturları ləğv edilərək onların əvəzinə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin tərkibində Vergi Borclarının Məcburi Alınması İdarəsi yaradılıb. Bu idarənin tərkibinə risklərin təhlili və nəzarət şöbəsi, məhkəmə qərarlarının icrası üzrə şöbə, habelə hər bir ərazi vergi orqanı üzrə yerlərdə fəaliyyət göstərəcək, lakin birbaşa Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə tabe olacaq 14 şöbə yaradılıb.
Vergilər nazirinin əmri ilə yaradılmış strukturlara kadr təyinatları da həyata keçirilib. Vidadi Məmmədov Cinayət Xarakterli Vergi Hüquqpozmalarının Təhlili və Vergi Borclarının Alınması İşinin Təşkili Baş İdarəsinin rəisi, Zeynalabdin Məmmədzadə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi təyin edilib.