Sentyabrın 16-da prezident İlham Əliyev Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyəti ilə bağlı fərmanlar imzalayıb. Dövlət başçısı Nazirlər Kabinetinə bu tapşırıqları verib:
– mehmanxana və mehmanxana tipli obyektlərdə standartlaşma sahəsində normativ hüquqi aktların tələblərinə riayət olunmasının yoxlanılması qaydalarını 3 ay müddətində prezidentlə razılaşdırıb təsdiq etmək;
– xarici və yerli turistlərin qaldıqları mehmanxanalara, istirahət evlərinə, pansionatlara və digər bu kimi müvəqqəti qalma yerlərinə hüquq mühafizə orqanları işçilərinin məhkəmə qərarı olmadan, orada yaşayanların iradəsi ziddinə daxil olması hallarının məhdudlaşdırılmasına dair təkliflərini iki ay müddətində hazırlayıb prezidentə təqdim etmək.
Mehmanxana və mehmanxana tipli obyektlərin göstərdiyi xidmətlərin bir çox hallarda onlara verilmiş ulduz kateqoriyalarına uyğun olmadığını nəzərə alan prezident Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə Avropa İttifaqı ölkələrinin təcrübəsindən istifadə etməklə mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmə meyarlarını yenidən baxılmaqla 3 ay müddətinə təsdiq etməyi tapşırıb.
Azərbaycan prezidenti Mədəniyyət və Turizm Nazirliyinin əsasnaməsinə dəyişikliklər də edib, onun vəzifələrini artırıb. Nazirliyə mədəniyyət sahəsində dövlət reyestrini aparmaq; aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla, mədəniyyət sənayesinin inkişafına yönəlmiş investisiya layihələri həyata keçirmək və ya investisiya mühitinin yaxşılaşdırılması məqsədi ilə həmin investisiyaların qoyuluşuna əlverişli mühit yaratmaq; Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada mədəni sərvətlərin (daşınmaz mədəni sərvətlər istisna olmaqla) Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsini həyata keçirmək; xüsusi əhəmiyyətli mədəniyyət obyektlərinin (daşınmaz mədəni sərvətlər istisna olmaqla) milli mədəni irs obyektlərinə aid edilməsini həyata keçirmək və sair vəzifələr həvalə olunub.
Dövlət başçısı Mədəniyyət və Turizm Nazirliyinin strukturunu belə müəyyənləşdirib:
– Mədəniyyət və Turizm Nazirliyinin aparatı (şöbələr və sektorlar)
– Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti.
– Bakı, Gəncə, Sumqayıt şəhər mədəniyyət və turizm idarələri.
– Rayon (şəhər) mədəniyyət və turizm şöbələri.