Sentyabrın 15-i Bakının işğaldan azad olunduğu gündür. 97 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.
Novator.az xəbər verir ki, 2015-ci il sentyabrın 12-də mayor Vahid Məhərrəmovun bu münasibətlə “Azərbaycan Ordusu” qəzetində dərc etdirdiyi yazıda Nuru Paşanın İçərişəhər sakini Şıxəli Hacıyevə bağışladığı qəmədən bəhs edilib. “Nuru Paşadan yadigar qalan məğlubedilməzlik rəmzi – qəmə” başlıqlı yazıda deyilir ki, Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını erməni-bolşevik qüvvələrindən azad edəndə bu işdə şəhər sakinləri də çox böyük fədakarlıq göstərib: “Qoynunda böyüdüyü şəhərini azad görmək istəyən sakinlər xilaskarları olan türk əsgərlərinə hər addımda kömək ediblər. Yerli camaat onları öz evində saxlayıb, qonaqpərvərlik göstərib, yemək verib, mənəvi dəstək olublar. Türk əsgərlərinə kömək edən, onlara öz ocağının başında yer göstərən insanlardan biri də İçərişəhər sakini Şıxəli Hacıyev olub. Çox xeyirxah və vətənpərvər olan Şıxəli Hacıyev 1880-ci ildə İçərişəhərdə dünyaya göz açmışdı. Sövdəgər nəslindən olan Şıxəli kişi Bakı şəhərinin mərkəzində bir neçə yerdə qalanteriya dükanları işlədirmiş. 1918-ci ilin mart ayında ermənilərin Bakıda törətdikləri soyqırımının canlı şahidi olan Hacı Şıxəli neçə-neçə ailəyə yardım etmiş, onları qorumuşdu.
Türk İslam Ordusu və Azərbaycan Milli Korpusu Bakını erməni-bolşevik qüvvələrindən azad etmək üçün şəhərə hücum edəndə Hacı Şıxəli neçə vaxt idi ki, şəhərlərini azad görmək istəyirdi. Türk əsgərləri şəhərə daxil olanda Hacı Şıxəli onlara əlindən gələn köməyi edib, yaxşılığını, xeyirxahlığını onlardan əsirgəməyib. Hacı Bakını azad edən türk əsgərlərinə həsasslıqla, hörmətlə yanaşıb. Var-dövlətini şəhərimizin erməni-bolşevik dəstələrindən azad edilməsi yolunda səxavətlə xərcləyib. Xeyli müddət onları yataqla, ərzaqla təmin edib. Türk əsgərlərinə mənəvi dəstək olaraq onları döyüşə, daşnak-bolşevik qüvvələrini məhv etməyə, şəhərimizdən qovmağa, düşmənlər üzərində qələbə çalmağa ruhlandırıb. Məhz belə xeyirxah və cəsarətli insanlar sayəsində Bakımız, qədim İçərişəhərimiz istilaçı qüvvələrdən azad edilib. Həm Bakı qoçularının, həm də Hacı Şıxəli kimi ləyaqətli insanların hesabına ermənilər İçərişəhərdə soyqırımı törədə bilməyiblər. İçərişəhərin küçələrinə onun sakinlərinin qanı tökülməyib.
Bakı erməni-bolşevik silahlı qüvvələrdən azad olunduqdan sonra şəhər rahat nəfəs alırdı. Türk əsgərlərinin şəhər sakinləri tərəfindən yerlərdə belə mehriban qarşılanması xəbərləri general-mayor Nuru Paşaya da gəlib çatırmış. Tabeliyində olan əsgərlərin belə sevinclə qarşılanması onun da ürəyini açırmış”.
Mayor Vahid Məhərrəmovun yazısında daha sonra bildirilir ki, 1918-ci il noyabr ayının 10-da Azərbaycan hökuməti Nuru Paşa ilə vidalaşma mərasimi təşkil edib, onun şərəfinə təntənəli ziyafət verib. Azərbaycanın o vaxtkı rəhbərləri Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski çıxış edərək Nuru Paşaya və onun komandanlıq etdiyi qoşunların əsgər və zabitlərinə göstərdikləri qəhrəmanlıq və fədakarlığa görə Azərbaycan xalqı adından minnətdarlıq ediblər.
Məqalədə deyilir ki, Bakıda olduğu müddətdə türk əsgərləri ilə yerli əhali arasında dostluq münasibətləri yaranmışdı. Şəhər sakinləri ilə görüşlərində Qafqaz İslam Ordusunun komandanı bu mehribançılığa görə onlara minnətdarlığını bildirirdi. İçərişəhərə gələn Nuru Paşa sakinlərlə görüşmüş, türk əsgərlərinə göstərdiyi mehribançılığa, ürəkdən gələn qayğıkeş münasibətə və vətənpərvərliyə görə yadigar olaraq üzərində Fateh Sultan Mehmetin möhürü və ay-ulduz həkk olunmuş qəməsini Hacı Şıxəliyə vermişdi. İçərişəhər sakini Hacı Şıxəli Nuru Paşanın ona bağışladığı qəməni ömrünün sonuna kimi iftixarla qoruyub saxlamışdı. Hacı Şıxəlinin ölümündən sonra isə Nuru Paşanın hədiyyə etdiyi qəməni onun oğlu Məmməd Naib qorumuşdu. İndi isə həmin qiymətli hədiyyə Hacı Şıxəlinin nəvəsi, hazırda Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitiabxanın beynəlxalq əlaqələr üzrə direktor müavini olan Mələk Xanım Hacıyevadadır. Nuru Paşanın bağışladığı qəmə bu ailədə, bu evdə qardaşlıq və məğlubedilməzlik rəmzi kimi saxlanılır və maraqlananlara ürəkaçıqlığı ilə nümayiş etdirilir.
Mayor Vahid Məhərrəmov məqaləsində bildirir: “Nuru Paşanın 1918-ci ildə İçərişəhər sakini Hacı Şıxəliyə qəməsini bağışlaması haqqında məlumatı ilk dəfə onun nəvəsi Mələkxanım Hacıyevadan eşitdim. Uzaq keçmişdən yadigar qalmış həmin qiymətli qəməni görmək üçün Mələkxanımın iş yerinə getmişdim. Qəməni görəndə heyrətə gəldim. Evdə, ailədə onu yaxşı saxlamışdılar. Qəməyə toxunanda sanki qanım coşdu. Bir vaxtlar Bakını erməni-bolşeviklərdən azad etmiş qüvvələrin komandanı olmuş general-mayor Nuru Paşanın üstündə gəzdirdiyi qəməyə indi mənim əllərim dəyirdi. Doğrudan da, çox iftixar duyulası anlar idi. Bu qəmə məğlubedilməzlik və azadlıq rəmzi idi. Qəmənin sahibi canı, qanı bahasına ölkəmizin paytaxtı Bakı şəhərini erməni-daşnak qüvvələrindən azad edərək xalqımıza qaytarmışdı. Azərbaycan xalqı Nuru Paşanı həmişə böyük ehtiramla anır, hörmətlə xatırlayır.
Müxtəlif rakurslardan qəmənin şəklini çəkəndən sonra Mələkxanım Hacıyeva onunla bağlı xatirlərdən söz açdı. Tubu nənəsinin danışdıqlarını dilə gətirən Mələkxanım dedi:
– O illəri xatırlayan nənəm həmişə bizə danışardı ki, erməni-müsəlman qırğınında babanız bu evdə çoxlu türk döyüşçüsü saxlayırdı. Onların aralarında elə zabitlər var idi ki, Türkiyədən birbaşa bu evə babanıza görə gəlirdilər. Şıxəli hərbçiləri ürəkaçıqlığı ilə qəbul edir, yedirdib-içirdir, döyüşmələri üçün əlindən gələn köməkliyi edirdi. Türk əsgərləri Bakını azad edəndən sonra Türkiyəyə qayıtmağa hazırlaşırdılar. Yola düşən gün babanız onlara yaxşıca bir ziyafət də verdi. Türk əsgərləri bizdən göz yaşları içində ayrıldılar.
Görkəmli sərkərdə Nuru Paşanın Hacı Şıxəliyə hədiyyə etdiyi qəmənin üstündə əski əlifba ilə sözlər yazılıb. Bu sözlərin mənasını bilmək, əlbəttə ki, maraqlı olardı. Mələkxanımdan öyrəndim ki, mətni Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Məşədixanım Nemət oxuyub tərcümə edib. Məlum olub ki, qəmənin üstündə bu sözlər yazılıb: “Döyüşdə zərbə endirmək, xırda-xırda doğramaq, döyüşə hazır olmaq, haqqını ödəmək”. Döyüşə, mərdliyə, igidliyə çağıran çox dəyərli sözlərdir. Buradan belə nəticə çıxarmaq olur ki, savaş zamanı nəinki sərkərdənin, zabitin, əsgərin, hətta, qılıncın, bıçağın qəmənin də döyüş vəzifəsi var. Təbiidir ki, bütün bunlar müharibələrin yazılmış və yazılmamış qanunlarıdır.
Sözsüz ki, 1918-ci ilin mart soyqırımı günlərində erməni-bolşevik qüvvələrinin İçərişəhərə daxil ola bilməməsində türk əsgərləri ilə bərabər, İçərişəhərin Hacı Şıxəli kimi hörmətli, nüfuzlu sakinlərinin də əməyi, zəhməti çox olub. Xalq yolunda çəkilən zəhmət, görülən iş heç vaxt unudulmur. Hacı Şıxəli kimi xeyirxah insanlar indi haqq dünyasına qovuşsalar da, qədirbilən xalqımız həmişə onları xatırlayır.
Nuru Paşanın Hacı Şıxəliyə qəməsini bağışlamasında bir rəmz də var. Yəni görkəmli sərkərdə İçərişəhər sakininə başqa bir şey də hədiyyə edə bilərdi. Amma general qəmə hədiyyə edib. Çünki qəmə döyüş ləvazimatıdır. Yəqin böyük sərkərdə bununla demək istəyib ki, nə qədər erməni kimi düşməniniz var, silahınızı hazır tutun, həmişə döyüşə hazır olun. Şəhər və kəndlərinizi, torpaqlarınızı yağılardan qoruyun”.