Sentyabrın 15-dən dərman vasitələrinin təsdiq edilmiş qiymətlərlə satışına başlanıb. İqtisadiyyat və sənaye naziri, Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev “Azərbaycan” qəzetində dərc olunmuş müsahibəsində dərman vasitələrinin qiymətinin tənzimlənməsi prosesi, bu sahədə qiymətə və keyfiyyətə nəzarət barədə danışıb. Novator.az həmin müsahibəni ixtisarla təqdim edir:
– Dərman vasitələrinin qiyməti necə tənzimlənir və bunun üçün hansı metodologiyadan istifadə olunur?
– Azərbaycanda dərman vasitələrinin qiymətinin tənzimlənməsi üçün istifadə olunan metodologiya referans qiymət yanaşması adlanır. Bu, beynəlxalq təcrübədə ən geniş yayılan mütərəqqi tənzimləmə üsuludur. Avropa ölkələrinin əksəriyyəti bu modeli tətbiq edir.
Metodologiyaya əsasən, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi bazis qiymətlər əsasında həyata keçirilir. Dərman vasitəsinin təsiredici maddəsi, dozası, ticarət qablaşdırması və qablaşdırmadakı miqdarı nəzərə alınmaqla 10 istinad ölkəsində (Türkiyə, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan, Polşa, Macarıstan, Bolqarıstan və Sloveniya) topdansatış əczaçılıq müəssisələrinə satış qiymətləri əsasında bazis qiyməti müəyyən edilir. Həmin bazis qiymət əsasında nəzarət markasının da qiyməti nəzərə alınmaqla ölkədaxili topdansatış əczaçılıq müəssisələrinə şərti satış qiyməti hesablanır və üzərinə Nazirlər Kabinetində təsdiq edilmiş qaydalara uyğun olaraq topdansatış əczaçılıq müəssisəsi və aptek təşkilatı üçün nəzərdə tutulan müvafiq əlavələr və ƏDV hesablanmaqla dərman vasitəsinin topdansatış və pərakəndə satış qiyməti təsdiq olunur.
– Dərman vasitələri üzrə qiymət tənzimlənməsi prosesi mərhələlərlə aparılır. Prosesin tam olaraq nə vaxt başa çatdırılması nəzərdə tutulur?
– Azərbaycanda dövlət qeydiyyatına alınmış 4 min 500-dən çox adda dərman vasitəsi var və dərman vasitəsinin dozası, ticarət qablaşdırması və qablaşdırmadakı miqdarı nəzərə alınmaqla daha çox sayda dərman vasitəsinin qiyməti müəyyənləşdirilməlidir. Odur ki, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi mərhələlərlə həyata keçirilir. İlk olaraq həyati vacib və daha çox satılan dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədilə həmin kateqoriyadan olan təsiredici maddələrin siyahısından 25 təsiredici maddə seçildi və Tarif (qiymət) Şurasının iyulun 30-da keçirilmiş iclasında 256, avqustun 25-də keçirilmiş iclasında isə daha 801 dərman vasitəsinin qiyməti təsdiq edildi.
Ümumilikdə indiyədək 25 təsiredici maddə üzrə proses başa çatdırılıb və 1057 dərman vasitəsinin qiymətləri təsdiqlənib. Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətləri hazırda satışda olan həmin dərman vasitələrinin qiymətləri ilə müqayisədə 46 faiz dərman vasitəsində 2 dəfədən çox, 24 faiz dərman vasitəsində 3 dəfədən çox ucuzlaşdırılıb, bütövlükdə isə həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94 faizi üzrə qiymətlər aşağı salınıb. Növbəti 55 təsiredici maddə üzrə dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulu elan olunub və hazırda Tarif (qiymət) Şurasının Katibliyinə təqdim olunmuş məlumatlar araşdırılır. Həmin təsiredici maddələr üzrə dərman vasitələrinin qiymətlərinin müəyyəndirilməsi işləri aparılır və sentyabrın sonunadək Tarif (qiymət) Şurasının növbəti iclasının keçirilməsi nəzərdə tutulur.
– Yeni qiymətlərin tətbiqi həm də ciddi nəzarət tələb edir…
– Dərman vasitələrinin qiymətlərinə dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı müvafiq tədbirlər görülüb. Dövlət nəzarəti monitorinqlər və yoxlamalar vasitəsilə təmin ediləcək. İqtisadiyyat və Sənaye Nazirliyi ilə Səhiyyə Nazirliyinin müvafiq qurumları arasında razılaşma imzalanıb. Razılaşmaya əsasən, dərman vasitələri bazarında birgə monitorinq və yoxlamalar keçiriləcək, mütəmadi məlumat mübadiləsi aparılacaq. Bu sahədə dövlət nəzarəti ilə yanaşı ictimai nəzarətin həyata keçirilməsi üçün də hər cür imkan yaradılıb. Topdan və pərakəndə satış qiymətləri dərman vasitəsinin ticarət adı, təsiredici maddənin adı və dozası, farmasevtik forması, ticarət qablaşdırılması, qablaşdırmanın miqdarı, istehsalçı şirkət və ölkə göstərilməklə təsdiq edilib. Tarif Şurasının təsdiq etdiyi qiymətlər qəzetlərdə dərc edilib, İqtisadiyyat və Sənaye Nazirliyinin, Səhiyyə Nazirliyinin və Tarif Şurasının internet səhifələrində yerləşdirilib. İstehlakçılar həm media, həm də qeyd etdiyim qurumların internet səhifəsinə daxil olmaqla dərmanların qiymətini asanlıqla öyrənə bilərlər.
Dərman vasitələrinin ƏDV daxil olmaqla təsdiq edilmiş pərakəndə satış qiymətləri onların qablaşdırmalarının üzərində mətbəə qaydasında çap edilir. Qiymətin qablaşdırmanın üzərində çap edilməsi mümkün olmadıqda dərman vasitələrinin qiymətləri digər üsullarla, sənaye printeri vasitəsilə çap olunmaqla, qiymət kağızı yapışdırmaqla və ştamp vasitəsilə vurmaqla göstərilməlidir. Təsərrüfat subyektləri bu üsullardan hər hansı birinin seçilməsində sərbəstdirlər. Bununla belə, hər bir halda qiymətin aydın oxunması təmin edilməli, qiymət dərmanın istehsal və son istifadə tarixlərinin üzərinə vurulmamalıdır.
Təsdiq edilmiş qiymətlərin sentyabrın 15-dən etibarən qüvvəyə mindiyini nəzərə alaraq artıq dərman vasitələrinin satışı bazarında nəzarət tədbirlərinə başlanıb. Dərman vasitələrinin üzərində qiymətin göstərilməməsi və tənzimlənmiş qiymətlərdən fərqli qiymətə satılması qiymət intizamının pozulması və istehlakçıların aldadılmasıdır. Belə hallara yol verən əczaçılıq subyektləri barəsində qanunvericiliyə uyğun olaraq ciddi məsuliyyət tədbirləri görüləcək.