Prezident İlham Əliyev sentyabrın 15-də – Bilik günündə Bakının Sabunçu rayonunda əsaslı şəkildə yenidən qurulan 148 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak edib. Novator.az xəbər verir ki, dövlət başçısı məktəbin müəllim və şagird kollektivi qarşısında çıxış edərkən bir sıra bəyanatlar səsləndirib. Prezident çıxışı zamanı deyib:
“Bizim gənclərimiz bilikli, savadlı olmalıdırlar ki, gələcəkdə həyatda özləri üçün layiqli yer tutsunlar və eyni zamanda, ölkəmizin ümumi inkişafına da öz töhfəsini versinlər. Bilikli, savadlı cəmiyyətdə heç bir xoşagəlməz təsirin əhəmiyyəti olmayacaqdır. Çünki biz görürük ki, bu gün dünyada bəzi hallarda ideoloji müharibələr gedir, əsasən də gənclərlə bağlı xüsusi proqramlar icra edilir. Qloballaşma adı ilə müxtəlif ölkələrdə müəyyən tədbirlər görülür. Nəticə etibarilə bu, ölkələrdə problemlərə gətirib çıxarır. Biz çalışmalıyıq ki, Azərbaycanın dayanıqlı, uğurlu inkişafını əbədi edək. Çünki biz bu gün dünyada inkişafla bağlı öz modelimizi ortaya qoymuşuq. Bu gün dünyada Azərbaycanın inkişaf modeli haqqında danışılır. Bu modelin əsasında bizim müstəqilliyimiz, milli dəyərlərimiz, vətənpərvərliyimiz və müstəqil siyasətimiz dayanır.
Bu gün dünyanın bir çox yerlərində gedən prosesləri gənclər də izləyir və görür. Gənclər formalaşmaqda olan insanlardır və onlara təsir etmək bəzi hallarda o qədər də çətin olmur. Ona görə, biz gənclərimizi yad təsirlərdən, bizə xas olmayan dırnaqarası dəyərlərdən qorumalıyıq.
Qloballaşma adı altında eyniləşmə gedir. Bəzi beynəlxalq dairələr sanki təsir məntəqələrini yaratmaq istəyirlər. Bizim isə öz yolumuz var. Biz əsrlər boyu müstəqillik arzusu ilə yaşamışıq və bu gün müstəqil ölkə kimi yaxşı yaşayırıq. Ölkədə təhlükəsizlik, əmin-amanlıq hökm sürür, ictimai-siyasi asayiş qorunur, sabitlik, inkişaf var. İndi baxın, ölkələrin bir çoxunda böhran yaşanır. Azərbaycanda isə belə gözəl məktəblər tikilir, yollar salınır, abadlıq işləri aparılır. Bu il biz Avropa Oyunlarını ən yüksək səviyyədə keçirmişik. Burada da gənclərimizin rolunu xüsusilə vurğulamaq istəyirəm. Çünki medalları qazananlar da, bizim şöhrətimizi ucaldanlar da gənclərdir. Bu Oyunların təşkilində minlərlə gənc könüllü kimi iştirak edirdi. Yəni, budur bugünkü Azərbaycan reallıqları və biz bunu qorumalıyıq. Gənclər gələcəkdə ölkəmizi idarə edəcəklər. Azərbaycanın gələcəyi onların biliyindən, savadından, Vətənə bağlılığından asılıdır.
Bu gün Azərbaycan etibarlı əllərdədir. Heç bir kənar qüvvə bizim iradəmizə, müstəqilliyimizə təsir edə bilməz. Nə qədər çalışsalar da bunun heç bir əhəmiyyəti yoxdur. Bizə qarşı yönələn təzyiqlər, təhdidlər, hücumlar da müstəqil siyasətimizə görədir. Bəzi qüvvələr istəyirlər Azərbaycanı özlərinə tabe etsinlər ki, biz başqalarının iradəsi ilə yaşayaq, hərəkət edək. Bu, mümkün deyil. Çünki bizim uğurlu inkişafımız ancaq müstəqil siyasətdədir. Müstəqil siyasət xalqımızın iradəsinə, milli dəyərlərimizə və maraqlarımıza əsaslanır. Bizim üçün ilk növbədə Azərbaycanın maraqlarıdır, Azərbaycan vətəndaşlarının təhlükəsizliyi, rifahıdır.
Görəndə ki, bu təzyiqlər və şər-böhtan kampaniyaları səmərə vermir, başqa üsullara əl atırlar. Biz buna hazırıq, layiqli cavabımızı veririk və verəcəyik. Elə etməliyik ki, bizim uğurlu inkişafımıza heç bir kənar qüvvə mane olmasın. Əminəm ki, belə də olacaq. Çünki bu gün Azərbaycan dövləti möhkəm əsaslar üzərində qurulub, kifayət qədər güclü potensiala malikdir və biz ölkəmizi inamla idarə edirik.
Əsas məsələ ondadır ki, gənc nəsil də bax bu milli ruhda tərbiyə alsın. Bu, bu gün biliklə, savadla eyni əhəmiyyətə malik məsələdir. Siz müəllimlər də çalışın ki, gənclərimiz, uşaqlarımız milli ruhda tərbiyə alsınlar, Vətənə bağlı olsunlar, Vətəni sevsinlər və müstəqilliyi hər şeydən üstün bir dəyər kimi qəbul etsinlər. Xüsusilə bugünkü reallıqlar kifayət qədər əsas verir ki, hər bir vətənpərvər insan öz ölkəsi ilə fəxr etsin. Çünki bizim həm beynəlxalq müstəvidə, həm ölkə daxilində siyasətimiz, görülən işlər doğrudan da çox dəyərlidir.
Vətənpərvərlik, milli ruh, milli dəyərlər – budur bizim cəmiyyətimizin əsasları. Bəzi xarici qüvvələr bu əsasları sarsıtmaq, bizi öz köklərimizdən ayırmaq istəyirlər. Biz əsrlər boyu başqa ölkələrin, imperiyaların tərkibində yaşamışıq, ancaq öz milli mənliyimizi, dilimizi, dinimizi, adət-ənənələrimizi qorumuşuq. Bu gün də qoruyuruq və qoruyacağıq. Bizim cəmiyyətimizin mənəvi dayaqlarını sarsıtmaq istəyənlər ölkəmizi məhv etmək istəyirlər. Budur məqsəd. Ona görə güclü milli mənəvi dəyərlər əsasında qurulmuş bugünkü Azərbaycan regionun sabitliyində də öz rolunu oynayır. Gənc nəsil Vətənə bağlı, vətənpərvər, Vətəni hər şeydən üstün tutan insanlar olmalıdır.
Bu gün biz informasiya əsrində, internet dövründə yaşayırıq. Azərbaycanda internet istifadəçilərinin sayı 75 faizə qalxıb. Balaca uşaqlar da internetdən bizdən yaxşı istifadə edirlər. Bütün informasiyalar da göz qabağındadır. Görün indi Avropada hansı dəhşətli hadisələr baş verir, müharibədən qaçan yazıq insanlara, qaçqınlara hansı işgəncələr verirlər. Budurmu Avropa dəyərləri?! Budurmu uzun illər bəyan etdikləri prinsiplər?! Bəs haradadır tolerantlıq, haradadır multikulturalizm, xeyirxahlıq, mərhəmət, haradadır?! Biz bunu görmürük. Nəyi görürük, ədavət, dini, milli zəmində ədavət, ayrı-seçkilik, diskriminasiya, ksenofobiya, islamofobiya, faşizm, irqçilik. Budurmu dəyərlər?! Bəziləri bunları bizdə də tətbiq etmək istəyirlər. Belə dəyərlər bizə lazım deyil. Qoy, özləri üçün qalsın.
Bu gün Avropa məkanında yaşanan böhran mənəvi böhrandır, mənəvi sarsıntıdır. Avropa dəyərləri demək olar ki, onların bəyan etdikləri kimi görünmür, biz bunu görmürük. Ona görə, bu gün dünya dəyişir, beynəlxalq hüquq pozulur, bəzi ölkələr və dairələr iç üzlərini açırlar, daha pərdələnə bilmirlər. Ona görə, biz buna hazır olmalıyıq.
Milli dəyərlər, mənəviyyat, vətənpərvərlik, ləyaqət, milli qürur – budur bizim dəyərlərimiz. Biz bu dəyərləri qoruyacağıq və bizə qarşı aparılan kampaniyalara layiqli cavabımızı veririk və verəcəyik. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə, bizi müstəqillik, azadlıq yolundan döndərə bilməz. Mən xüsusilə bu gün bunu Bilik günündə deyirəm ki, gənclər də eşitsin, siz də, bütün Azərbaycan gəncləri, bütün Azərbaycan ictimaiyyəti bunu bilsin. Biz ölkəmizi qoruyacağıq və Azərbaycan xalqının seçimini müdafiə edəcəyik. Bizim seçimimiz isə inkişaf, tərəqqi, sabitlik, xoş niyyət, xeyirxahlıqdır. Budur Azərbaycan dəyərləri – bəyan etdiyimiz və həyatda gördüyümüz dəyərlər.
Ona görə, mən əminəm ki, qarşımızda duran bütün vəzifələri uğurla icra edəcəyik. Bizim iradəmiz, güclü iqtisadi imkanlarımız və müstəqil siyasətimiz var. Belə gözəl əsərləri biz yaradırıq və yaradacağıq ki, bizim uşaqlar yaxşı məktəblərdə oxusunlar, müəllimlər də yaxşı yerlərdə işləsinlər. Sizi bir daha təbrik edirəm”.