İqtisadçı ekspertlər Qubad İbadoğlu və Rövşən Ağayev 2016-cı ilin büdcə proqnozlarını (Layihələr) Transparency.az-a şərh ediblər.
Qubad İbadoğlu deyib ki, 2016-cı ilin büdcəsi 2011-ci il səviyyəsində qərarlaşıb: “Hökumət gələn il dövlət büdcəsinin gəlirlərini bu illə müqayisədə 4,87 milyard manat və ya 25,1 faiz az proqnozlaşdırır. Gözləntilərimiz özünü doğrultdu. Əslində bunu əvvəldən görmək çətin deyildi. İllərdir şişirdilmiş xərcləri nə zamansa ixtisar etməli idik. Amma bunu hökumətdə rasionallığın artması kimi deyil, neft gəlirlərinin azalmasından doğan məcburiyyət kimi dəyərləndirmək olar.
Dövlət büdcəsinin əsas donoru olan Neft Fondundan büdcəyə transfertlərin bu ildən başlayan azalması tendensiyasının gələn il də davam etməsi artıq yeni iqtisadi situasiya yaradıb. Bundan sonra büdcənin yükünü mənfəət vergisi, fiziki şəxslərdən gəlir vergisi və əlavə dəyər vergisi çəkəcək. Amma gələn il hər üç başlıca mənbədən azalma proqnozlaşdırılıb. Növbəti ildə şirkətlərin mənfəət vergisinin bu illə müqayisədə 17,6 faiz az proqnozlaşdırılması biznesin yeni tələblərə hazır olmamasının göstəricisi sayıla bilər. Bu azalma həm də ölkədə biznes mühitinin daha da pisləşəcəyinin rəsmi səviyyədə etirafı deməkdir. Gəlirlə işləyən müəssisələrin bəzilərinin mənfəətlərinin azalacağı, digərlərinin mənfəətli fəaliyyətinin zərərlə əvəz olunacağı gözlənəndir. Belə olan halda işçilərin ixtisarı və əmək haqlarının aşağı salınması fiziki şəxslərin gəlir vergisindən daxilolmaları da azaldacaq. İnvestisiya büdcəsinin kəskin ixtisarı bu sahədəki mənfi tendensiyaları daha da gücləndirəcək. Ölkədə əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi də əlavə dəyər və aksiz vergisinin əvvəlkindən az daxil olmasını şərtləndirəcək.
Artımla proqnozlaşdırılan mənbələrdən biri sadələşdirilmiş vergi üzrə gəlirlərdir. Bu isə kiçik və orta biznesin vergi öhdəliklərinin daha da artırılacağını təsdiq edir”.
Xərclərə gəlincə, Qubad İbadoğlu deyib ki, növbəti ildə onun həcmi bu illə müqayisədə 4,836 milyard manat və ya 22,9 faiz az proqnozlaşdırılıb: “Növbəti ildə hər 100 manatdan 21 manat 85 qəpik tikintiyə, 14 manat dövlət aparatının saxlanmasına, 11 manat 70 qəpik sosial müdafiəyə və təminata, 11 manat 30 qəpik müdafiəyə, 10 manat 50 qəpik təhsilə, 7 manat 60 qəpik dövlətin xarici və daxili borclarının ödənilməsinə, 7 manat məhkəmə hakimiyyəti, hüquq müdafiə və prokurorluğa, 4 manat 60 qəpik səhiyyəyə, 4 manat mədəniyyət, incəsənət və bədən tərbiyəsinə, 3 manat 65 qəpik kənd təsərrüfatına və balıqçılığa, 81 qəpik elmə, 1 qəpik ekologiyaya və ətraf mühitin mühafizəsinə xərclənəcək.
Gələn il büdcədə 1,7 milyard manat kəsir yaranacaq. Büdcənin ümumi mənzərəsi belədir. Amma bu, proqnoz göstəricilərinin təqdimatıdır. Son zamanlar proqnozlar da özlərini doğrultmur. Bu il ötən il prornozlaşdığımız büdcə ilə gözlənilən icra arasında 2,5 milyard manat fərq yaranır. Gələn ilin büdcənin də faktiki icrası proqnozlardan az ola bilər”.
Rövşən Ağayev qeyd edib ki, 2016-cı ilin büdcəsində əsas ixtisar iki maddədə edilib: “İnvestisiya xərcləri 3,3 milyard manat az nəzərdə tutulur. 2015-ci il üçün bu xərclər 6,9 milyard manat həcmində təsdiqlənmişdi. “Əsas bölmələrə aid edilməyən xidmətlər” adlı bir xərc bölməsi üzrə xərclər 1,8 milyard manat azaldılıb və 896 milyon manat proqnoz edilib. 2015-ci il üçün həmin xərclər 2,696 milyard manat həcmində təsdiqlənmişdi.
Səhiyyə xərcləri 32,8 milyon manat, sosial müdafiə xərcləri 144 milyon manat azaldılıb. Təhsil xərclərinə demək olar toxunulmayıb. Ən maraqlısı odur ki, mədəniyyət və idman xərcləri təxminən iki dəfə artırılıb, 348 milyon manatdan 652 milyon manata çatdırılıb. Yəqin ki, bu, ölkədə beynəlxalq idman yarışlarının təşkili ilə bağlıdır”.
Rövşən Ağayev deyib ki, Neft Fondunun 2015-ci il dövlət büdcəsinə köçürmələri ilə bağlı öhdəliyi ən azı 25 faiz ixtisarla yerinə yetiriləcək: “Açıqlanan məlumatlardan aydın olur ki, bu il 10,3 milyard manat nəzərdə tutulsa da, fonddan dövlət büdcəsinə 8,1 milyard manat transfert ediləcəyi qərara alınıb.
2016-cı ildə fonddan büdcəyə 6 milyard transfert proqnoz edilir. Bu həcmdə köçürmə sonuncu dəfə 2010-cu ildə olub. 2011-2014-cü illərdə isə fonddan büdcəyə köçürmələrin həcmi 9-11,3 milyard manat intervalında dəyişib”.