Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi komissiyasının tədbirlər planına əsasən, sentyabrın 15-dən rayonlardan gələn minik və yük avtomobillərinin Bakı şəhərinə girişinə məhdudiyyətlər qoyulması ilə əlaqədar şimal və cənub istiqamətində rayonlardan paytaxta gələn rayon avtomobilləri üçün müvəqqəti duracaq yerləri ayrılıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu məsələ ilə əlaqədar olaraq Nəqliyyat Nazirliyi vətəndaşların rahatlığını təmin etmək məqsədilə operativ tədbirlər planı həyata keçirib. Belə ki, avtomobilini duracaq yerində park edən sürücü və vətəndaşlar Nəqliyyat Nazirliyi tərəfindən ayrılan xüsusi marşrut avtobusları ilə rahat şəkildə vaxt itirmədən şəhər mərkəzinə gələ biləcəklər. Şimal istiqamətindəki duracaqdan – yəni Qafqaz universitetinin yaxınlığından 20 Yanvar metrostansiyasına kimi 203 nömrəli marşrut avtobusu xəttə buraxılıb. Eyni zamanda 135 və 199 nömrəli marşrut avtobusları da Qafqaz universitetinin yaxınlığından keçdikləri üçün vətəndaşlar 135 nömrəli avtobusla Memar Əcəmi metro stansiyasına və 199 nömrəli avtobusla Xətai prospektinə gedə bilərlər.
Cənub istiqamətində yerləşən duracaq yerindən vətəndaşların şəhərə gəlməsi üçün isə 206 nömrəli marşrut avtobusu ayrılıb. 206 nömrəli avtobus Salyan şosesində yerləşən duracaq yerindən Lökbatan dairəsi–Dairəvi Yol-Elmlər Akademiyası metrostansiyasını keçməklə hərəkət edir. Həmçinin, bu istiqamətdə 195 və 197 nömrəli marşrut avtobusları da fəaliyyət göstərir ki, vətəndaşlar 20-ci sahə adlanan əraziyə kimi bu avtobuslardan istifadə edə bilərlər. Adı qeyd olunan marşrut avtobusları sentyabr 14-dən vətəndaşlara xidmət göstərməyə başlayıb.
Yeni inşa edilən dayanacaqlardan Bakı şəhərinin daxilinə çatdırması üçün müvafiq avtobus marşrutlarının hərəkət sxemləri və qrafikləri hazırlanıb. Dayanacaqlar istifadəyə verildikdən sonra qeyd edilən avtobus marşrutları istismara veriləcək. Dayanacaqlardan sərnişinlərin daşınması üçün yeni 203 (5 avtobus) və 206 (5 avtobus) nömrəli avtobus marşrutlarının sxemi təsdiq edilib. Yeni marşrutlarda avtobusların 16-18 dəqiqə intervalla, saat 06:00-dan 22:00-dək hərəkəti nəzərdə tutulub.