Mütəxəssislər mobil telefondan çox istifadənin adamda asılılıq yarada biləcəyini, eyni zamanda bunun təkcə psixoloji deyil, fiziki sağlamlığa da ziyanı olduğunu deyirlər.
Almaniyanın Saarbrükken Universitetində aparılan araşdırmaya görə, mobil telefondan istifadə edənlərin 95 faizi telefonu əlində düzgün tutmur. Əlimizdəki mobil telefona boynumuzu əyib baxanda onurğaya 13 kiloqram ağırlığında yük düşür. Bu isə əldə, qollarda keyiməyə, boyun və kürəkdə problemlərə səbəb olur.
Türkiyəli psixoloq Əli Kamal Gün mobil telefondan asılılığın meyarlarından danışanda bildirib ki, adam telefondan istifadə etməyəndə narahat olursa, əsəbləşirsə, özündə bir əskiklik hiss edirsə, bu, asılılıq əlamətidir. Psixoloqun fikrincə, mobil telefonu əlindən qoymayanlar özünü başqalarından təcrid edir, nəticədə tənhalığa düçar olur.
Mobil telefonun sağlamlığa ziyanından danışan həkim Yasəmən Gözəl isə bildirir ki, insanın boynunda disklər arasında yırtıqlar var. Adam boynunu qabağa əyəndə həmin yırtıqlar sıxılmağa başlayır və bu yırtıqlar sıxıldıqca sinirləri də sıxır. Bu da əzələlərin gərilməsinə səbəb olur. Belə halların baş verməməsi üçün başı dik tutmaq lazımdır. Yasəmən Gözəl mobil telefonla danışanda qulaqcıqdan istifadəni tövsiyə edir.