“Vikipediya” azərbaycanlı döyüşçülərə qarşı: Əhmədiyyə Cəbrayılovun adı niyə silinib?
İkinci Dünya müharibəsinin iştirakçısı, partizan, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri Əhmədiyyə Cəbrayılov haqda məlumat “Vikipedia”nın rus və fransız dillərində olan versiyalarından çıxarılıb.
“Vikipediya” onlayn rejimli ensiklopediyadır. 300-ə yaxın dildə yayılır. 2004-cü ildən az.wikipedia.org ünvanında azərbaycandilli “Vikipediya” da fəaliyyət göstərir.
“Vikipediya”da məşhur şəxslərin həyat və yaradıcılığı haqqında bioqrafik məlumatlar yerləşdirilir, tarixi hadisələr, tarixi-mədəni abidələr, incəsənət əsərləri, müxtəlif elmlər və onların obyektləti, predmetləri və s. barəsində məlumatlar toplanır. “Vikipediya”nı istənilən internet istifadəçisi redaktə edə bilər. Redaktə, əlavə və düzəlişlər “Vikipediya”nın istifadəçiləri, idarəçiləri tərəfindən yoxlanır.
Novator.az saytı Əhmədiyyə Cəbrayılov haqda məqalənin “Vikipedia”nın rus və fransız dillərində olan versiyalarından çıxarıldığını “Vikipedia”nın rusdilli versiyasında yerləşdirilmiş yazıdan xəbər tutub.
Həmin yazıda Əhmədiyyə Cəbrayılov haqda məqalənin rus və fransız “Vikipediya”sından silindiyi bildirilir və bunun səbəbi izah olunarkən iddia edilir ki, azərbaycanlı partizan haqda məqalədə göstərilən mənbələrin çoxu bir-birinə, ilkin sənədlərə, tarixi faktlara ziddir.
Yazıda “Vikipediya”nın rus versiyasında fəaliyyət göstərən, adı “ShinePhantom” kimi təqdim edilən idarəçilərindən biri Əhmədiyyə Cəbrayılov haqda məqalənin silinməsi qərarından söz açanda yazır: “Bizim əlimizdə əmin ola biləciyimiz heç bir fakt yoxdur. Bununla da Rusiya və Fransa arxivlərinin, ixtisaslaşmış təşkilatların və alimlərin cəlb olunduğu “Vikipediya” araşdırmalarına nöqtə qoyuldu. Müzakirələr təcrübəli “Vikipediya”çılar arasında – şəkillər, video materiallar və nadir sənədlər vasitəsilə aparılıb. Əziyyətlə başa gələn işin nəticəsi sovet tarixi mifinin ifşa olunması ilə nəticələnib”.
Əhmədiyyə Cəbrayılov haqda məqalənin ilkin variantı rus “Vikipediya”sında 2007-ci il aprelin 15-də yerləşdirilmişdi. Məqalənin silinməsi haqda məlumatda deyilir ki, həmin məqalə sovet və postsovet ədəbiyyatının İkinci Dünya müharibəsi haqda materialları əsasında hazırlanmışdı.
Məqalənin silinməsində fəallıq göstərənlər iddia edirlər ki, onlar ”Google” axtarış sistemində axtarış aparıblar və Əhmədiyyə Cəbrayılov haqda fransız və ingilis dillərində çıxan kitablarda, elmi nəşrlərdə faktlar tapmayıblar.
Məqalənin silinməsində canfəşanlıq edənlər Əhmədiyyə Cəbrayılovun nasist Almaniyasının həbs düşərgəsi komendantlığında fəaliyyətini də şübhə altına alıblar. Şübhələr belə izah olunur: “Azərbaycanlı kəndli oğlan həbs düşərgəsində alman dilini bir neçə aya necə öyrənə bilərdi? Onu uzun müddət alman zabiti kimi necə qəbul edə bilərdilər?” Əhmədiyyə Cəbrayılovun Fransada aldığı orden və medal da şəkkaklarda şübhə doğurub. Onlar iddia edirlər ki, bu mükafatlar Əhmədiyyə Cəbrayılovun fotoşəkillərində əks olunmayıb.
Fransa prezidenti Şarl de Qollun 1966-cı ildə Moskvaya gələndə Əhmədiyyə Cəbrayılovla görüşməsi də şübhə altına alınıb. Partizan haqda məqalənin “Vikipediya”dan silinməsinin təşəbbüskarları deyirlər ki, Şarl de Qollun Moskva səfərini işıqlandıran KİV-lərdə Əhmədiyyə Cəbrayılovun adı çəkilməyib. Onlar iddia edirlər ki, İngiltərə və Fransa “Vikipediya”sında Əhmədiyyə Cəbrayılov haqda məqalələr sovet Azərbaycanının nəşrlərinə əsaslanıb.
Azərbaycanlı partizan haqda məqalənin onlayn ensiklopediyanın rusdilli versiyasından silinməsinə təşəbbüs göstərənlər yazırlar ki, onlar Əhmədiyyə Cəbrayılovun həyatı və qəhrəmanlıqları ilə bağlı mövcud olan mənbələri öyrəniblər, arxiv, muzey və digər bu kimi qurumlara sorğular göndəriblər. Nəticədə belə qərara gəliblər ki, Əhmədiyyə Cəbrayılov haqda məqalələr yalnız sovet arxivlərinə söykənir.
Şəkkaklar Əhmədiyyə Cəbrayılovun Fransanın Bordo və Paris şəhərlərinin azad olunmasında iştirakına, Fransa Kommunist Partiyasının baş katibi Moris Torezin onu mükafatlandırmasına, tarix elmləri doktoru Mixail Semiryaqın Fransa Müqavimət Hərəkatından bəhs edən kitabında diri-diri basdırılan Əhmədiyyənin bir neçə saat tabutda qaldığı və fransız partizanlarının onu xilas etdiyi barədə yazdıqlarına da kölgə salmağa cəhd ediblər.
Şəkkaklar öz yazılarında qeyd edirlər ki, Əhmədiyyə Cəbrayılovun Şəkidəki ev-muzeyində Fransa Müqavimət Hərəkatının iştirakçılarından olmuş Lui Labareyanın məktubu var. Onlar deyirlər ki, Lui Labareyanın Əhmədiyyə Cəbrayılova yazdığı bu məktubunda birgə müdafiə ideyaları yada salınıb, amma Əhmədiyyənin Müqavimət Hərəkatındakı rolu və fəaliyyəti əks olunmayıb və guya bu, azərbaycanlı partizanın Müqavimət Hərəkatındakı rolunu şübhə altına almağa əsas verir.
Şəkkaklar Əhmədiyyənin Müqavimət Hərəkatında iştirakını təsdiqləyən şəkilləri, vəsiqələri, sənədləri də şübhə altına salmağa çalışıblar. Onlar Əhmədiyyə Cəbrayılovun partizan vəsiqələrində orfoqrafik səhvlərin olduğunu, şəkillərin sənədlərə uyğun gəlmədiyini, kağızların zədəli olduğunu iddia edirlər. Azərbaycanlı partizanın Fransa Müqavimət Hərəkatında iştirakını sübut edən, fransız dilində yazılmış iki sənəd də şübhə altına alınıb. Guya bu sənədləri fransızların yazdığına inanmaq mümkün deyil.
Rus “Vikipediya”sındakı yazının müəllifləri bildirirlər ki, araşdırmalar fonunda Fransada da analoji müzakirə başlanıb, “Vikipediya”nın fransızca versiyasının iştirakçıları Əhmədiyyə Cəbrayılovun döyüş yolunu təsdiqləyən mənbələrin olmadığı qərarına gəliblər və onun haqda məqaləni fransız “Vikipediya”sından çıxarıblar. Fransa “Vikipediya”sındakı məqalənin rus “Vikipediya”sındakı məqalədən qabaq çıxarıldığı bildirilir.
Bəs kimdir rus “Vikipediya”sında bu canfəşanlığı edənlər? Novator.az bildirir ki, fəallıq edən əsas şəxsin adı “Divot” kimi göstərilir. “Vikipediya”nın elə rus versiyasına nəzər saldıqda aydın olur ki, “Divot” qatı ermənipərəstdir. O, 2008-ci il fevralın 25-dən “Vikipediya”nın rus versiyasının fəal iştirakçısıdır. “Divot” “Vikipediya”nın rus versiyasında Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən xeyli məqalənin müəlliflərindən biridir. Onun məqalələrində qondarma “erməni soyqırımı” məsələsi, Ermənistan-Azərbaycan münaqişəsi xüsusi yer tutur. 2010-cu ilin mayında “Divot” “Vikipediya”nın azərbaycanlı istifadəçilərinə qarşı iddia irəli sürüb. O, azərbaycanlı istifadəçiləri “Vikipediya”ya qarşı əlbir olmaqda ittiham edib və onların səhifələrinin dərhal bağlanmasını tələb edib.
Əslində kimdir Əhmədiyyə Cəbrayılov və nə üçün o, hədəfə alınıb? Novator.az hesab edir ki, bu suala cavab tapmaq üçün “Vikipediya”nın azərbaycandilli versiyasından iki məqaləyə nəzər yetirmək gərəkdir. Həmin məqalələrdən biri Fransa Müqavimət Hərəkatının qəhrəmanlarından olan Əhmədiyyə Cəbrayılovun özü, digəri isə onun şəhid oğlu, Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılov haqqındadır. Görünür Əhmədiyyə Cəbrayılovun hədəfə alınmasına səbəb təkcə onun öz şöhrəti, özünün göstərdiyi qəhrəmanlıqlar deyil. Yəqin ki, onu “Divot”ların nişangahına gətirən bir səbəb də ermənilərlə döyüşlərdə şücaət göstərmiş bir şəhidin atası olmağı – Azərbaycanın Milli Qəhrəmanının atası olmağıdır. Çox güman, “Divot”lar bununla təkcə İkinci Dünya müharibəsi iştirakçısının yox, həm də Qarabağ müharibəsi iştirakçısının ruhunu incitmək, bu qəhrəmanlıqlara bütövlükdə kölgə salmaq məqsədi güdüblər.
Əhmədiyyə Cəbrayılov 1920-ci il sentyabrın 22-də Şəki rayonunun Oxud kəndində anadan olub. İkinci Dünya müharibəsi illərində Fransa Müqavimət Hərəkatının iştirakçısı, “Armed Mişel”, “Ryus Armed”, “Хаrqo” və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak edib. Fransanın orden və medalları ilə, o cümlədən “Hərbi medal” ilə təltif olunub.
1935-ci ildə Şəkidə kənd təsərrüfatı texnikumunun zootexnika və aqronomiya fakültəsinə daxil olan Əhmədiyyə 1938-ci ildə buranı aqronom ixtisası üzrə bitirib və növbəti illərdə Quba-Qusar-Xaçmaz-Dəvəçi-Yalama rayonları zonasında ipəkçi kimi işləyib. 1940-cı ildə Kommunist Partiyasına daxil olub.
Böyük Vətən müharibəsinin başlanması ilə könüllü olaraq cəbhəyə yollanıb. Orconikidze diyarının Nevinnomıssk şəhərindəki aviasiya məktəbində hazırlıq keçib. Bir neçə ay davam edən kurslardan sonra kiçik leytenant rütbəsi alaraq Moskva yaxınlığında yerləşən 35-ci divizionun 350-ci bombardmançı eskadriliyasına, texniki xidmət sahəsinə təyin edilib.
1942-ci ilin aprelində Ukraynanın Donbas şəhərinə göndərilib və orada 350-ci alayın siyasi rəhbərinin köməkçisi təyin olunub. Bu alayın tərkibində o, Ukraynanın Barvinki-Lozovaya-İzyum rayonu ətrafındakı döyüşlərdə iştirak edib. Baş leytenant rütbəsi alıb.
1942-ci ilin aprel və ya may ayında onun təyyarəsi Kursk ətrafında vurulub. Həmin dövrdə 350-ci alay Şimali Donets çayının sahilində, İzyum çayının yaxınlığında ağır yaralanıb və almanlara əsir düşüb, Barvinka və Lvov yaxınlığındakı həbs düşərgələrinə göndərilib. Bir düşərgədən başqa düşərgəyə keçid 3 ay davam edib. Çünki hər gün piyada təxminən 60 kilometr yol qət olunub.
1943-cü ildə Əhmədiyyə Daxau həbs düşərgəsinə göndərilib və birinci dəfə qaçmağa cəhd edib. Bıçaqla silahlanaraq özünü sərxoşluğa vurub, gecənin qaranlığından istifadə edərək gözətçiyə yaxınlaşıb və onun boğazını kəsmək istəyib. Cəhd baş tutmayıb və nəticədə almanlar tərəfindən Fransanın cənubunda, Tuluza şəhəri yaxınlığındakı Montoban həbs düşərgəsinə göndərilib. Burada o, 4167 nömrəli əsir idi. Bu həbsxanada Əhmədiyyə vərəm xəstəliyinə tutulub.
1943-cü ildə həbsxana komendantının qulluqçusu madam Jannanın köməyilə fransız vətənpərvərləri almanların diqqətini yayındırmaq üçün tabutda gizlənmiş Əhmədiyyəni xilas edərək Jannanın evindəki zirzəmiyə gətiriblər. Sağaldıqdan sonra Əhmədiyyə faşistlərdən qisas almaq üçün qəti qərara gəlib. Fransız dilini öyrənib, madam Jannanın sayəsində onun vətənpərvər dostları və partizan hərəkatları ilə əlaqəyə girib, Müqavimət Hərəkatının kapitan Delplankın (ləqəbi “Düma”) rəhbərlik etdiyi Tarn və Qaron departamentlərindəki 4-cü eskadronun üzvü olub. Əhmədiyyə Cəbrayılovun gizli fəaliyyət ləqəbləri “Xarqo”, “Fraji”, “Qoçaq”, “Ryus Armed” və s. olub. İşğalçı alman hakimiyyət orqanları onun başına 10 min alman markası mükafat təyin ediblər.
1944-cü il mayın 22-də Əhmədiyyəni əvvəlcə Kaberta partizan dəstəsinə, sonra isə kapitan Delplankın komandanlıq etdiyi Düma Gizli Ordusuna keçiriblər, Əhmədiyyə bu dəstənin Tarn və Qaronun azad edilməsi uğrunda apardığı bütün döyüşlərdə iştirak edib. 1944-cü il avqustun 19-da Montobanın azad edilməsi və buna qədərki digər əməliyyatlara qatılıb. Avqustun 20-də azad edilmiş Parisdə general Şarl de Qoll Əhmədiyyə Cəbrayılovla görüşüb. Bu görüşü fotoşəkil təsdiq edir, həmin dövrdə Fransa müvəqqəti hökumətinin prezidenti olan Şarl de Qollun iştirak etdiyi banketdə Əhmədiyyəni görmək olar. 28 avqustda Əhmədiyyə Montobanda yaradılan 3-cü briqadaya daxil olaraq Vozj və Elzasdakı döyüşlərdə iştirak edib.
1945-ci il martın 1-də o, 3-cü briqadanın 4-cü eskadronuna daxil olub. Bir sıra tapşırıqlarla yanaşı, Əhmədiyyə Cəbrayılov dəmir yol xətlərini partladaraq düşmənin minlərlə fransızı Almaniyadakı həbs düşərgələrində apararaq işlətmələrinə mane olub. Həbs düşərgəsinə aparılan 500-ə yaxın fransız uşağı xilas edən zaman yaralanıb və alman zabiti formasında olduğu üçün bir müddət alman hərbi hospitalında müalicə alıb. Müalicəsi bitdikdən sonra Albi şəhərinə hərbi komendant təyin olunub. Bir müddət alman zabiti kimliyində partizanlara çox əhəmiyyətli məlumatlar ötürüb. Daha sonra bütün komendatura zabitlərini əsir götürərək partizanlara təhvil verib. O, körpüləri sıradan çıxarır, alman anbarlarını və faşist zabitlərinin yaşadıqları evləri yandırır. Onun başçılığı altında Lion şəhərinin mərkəzində düşmən tankları yandırılır. Müvəffəqiyyətlə aparılan təhlükəli əməliyyatların müqabilində Fransa Kommunist Partiyasının baş katibi Moris Torez ona tapança bağışlayır.
Martın 16-da Əhmədiyyə Cəbrayılov 3-cü briqadadan tərxis olunub. 1945-ci ilin mayında Birinci Fransız Ordusunun tərkibində yenidən Vozj və Elzasdakı döyüşlərə qatılıb.
1946-cı ildə Əhmədiyyə vətəninə qayıtmaq barədə qəti qərara gəlib. Fransa onun hərbi şücaətlərini layiqincə qiymətləndirir və o, ölkənin medal və ordenləri ilə təltif olunur, həmçinin şəxsi igidliyə görə “Hərbi medal” ilə (bu medal sıravi əsgərə hərbi paradda generaldan irəlidə addımlamaq hüququ verir).
1946-cı il noyabrın 25-də Şarl de Qollun köməyilə Əhmədiyyə SSRİ-yə qayıdıb. Burada o, “vətən xaini” kimi qəbul olunub və Moskvadakı yoxlamaların birində onun mükafatlarının bir hissəsi əlindən alınıb.
1947-ci ildə Əhmədiyyə Sürəyya xanımla ailə qurur, 1948-1962-ci illərdə bu nikahdan 7 övladı dünyaya gəlir. 1964-cü ildə Əhmədiyyə Cəbrayılov Gəncədə Kənd Təsərrüfatı İnstitutunda yarımçıq qalmış təhsilini davam etdirir.
1966-cı ildə Fransa prezidenti Şarl de Qoll SSRİ-yə səfəri zamanı Əhmədiyyə Cəbrayılovu görmək istədiyini bildirib və Əhmədiyyə Cəbrayılov Moskvaya çağırılıb. 1968-ci ildə sovet hökuməti “vətən xaini” adını onun üstündən götürüb, Əhmədiyyəyə bəraət verilib. 1970-ci ildə Kənd Təsərrüfatı İnstitutunda təhsilini başa vurduqdan sonra Əhmədiyyə Cəbrayılov Şəki rayonunda Nərimanov adına kolxozda baş aqronom işləyib. 1971-ci ildə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunub.
1972, 1975, 1982-ci illərdə ona vaxtilə döyüşlərdə iştirak etdiyi yerləri gəzməyə icazə verilib. Əhmədiyyə Cəbrayılov Montoban, Rodez, Tuluza, Albi şəhərlərinə gedib, həmçinin Paris, Bordo, Strasburq, Lion, Dijon və Marseldə olub, keçmiş döyüş yoldaşları ilə görüşüb. 1975-ci ildəki səfəri zamanı o, Fransa Senatında senator Jak Düklo tərəfindən qəbul edilib və ona bu görüşdən xatirə medalı təqdim edilib.
1976-cı ildə müharibədəki iştirakına görə “Oktyabr İnqilabı Ordeni” ilə təltif olunub. 1977-ci ildə Tarn və Qaronda Fransa partizan hərəkatında birgə iştirak etdiyi Rene Şambar SSRİ-yə gəlib və Əhmədiyyə Cəbrayılovla görüşüb.
1986-cı ildə Əhmədiyyə Cəbrayılov 5 fransız mükafatına layiq görülüb — Müharibə Xaçı, Hərbi şücaət xaçı, Fransa Müqavimət Hərəkatı medalı, İgidliyə görə medal, Yaralanmağa görə medal. 1990-cı ildə Şarl de Qollun anadan olmasının 100 illiyinə həsr olunmuş mərasimlərdə iştirak etmək üçün Parisə dəvət olunub. 1994-cü il yanvarın 6-da Rene Rassel Əhmədiyyə Cəbrayılova Fransa Müqavimət Hərəkatında iştirakını təsdiqləyən sənədi təqdim edib.
1994-cü il oktyabrın 10-da Əhmədiyyə Cəbrayılov Şəkidə yol qəzası zamanı həlak olub. Yük maşını telefon köşkünə çırpılıb, həmin vaxt 74 yaşlı Əhmədiyyə Cəbrayılov köşkün içində olub. Partizan Oxud kənd qəbiristanlığında dəfn edilib. Onun ölümündən xəbərsiz olan Fransa hökuməti 1995-ci ildə faşizm üzərində qələbənin 50 illiyi münasibətilə ona fəxri təqaüd və xatirə medalları göndərib.
1995-ci ilin oktyabrında onun qəbri üzərində bürünc heykəli qoyulub.
1998-ci il oktyabrın 15-də Fransa Müqavimət Hərəkatının könüllü döyüşçüsü Əhmədiyyə Cəbrayılova ölümündən sonra Fransanın azadlığı uğrunda döyüşlərdə iştirakına görə Minnətdarlıq Diplomu verilib. Həmin il Əhmədiyyə Cəbrayılovun döyüş yoldaşı Rene Şambar Şəkidə onun ailəsinə baş çəkib.
Mikayıl Əhmədiyyə oğlu Cəbrayılov 1952-ci ildə Oxud kəndində doğulub. Səkkizinci sinfə qədər bu kənddə oxuyub, sonra təhsilini Şəki şəhər 5 saylı fəhlə gənclər məktəbində davam etdirib. 1971-ci ildə Şəki Şəhər Daxili İşlər Şöbəsində milis nəfəri vəzifəsinə qəbul olunub. Daha sonra milis məktəbinə daxil olub, 1978-ci ildə bu məktəbi bitirərək leytenant rütbəsi alıb və sahə müvəkkili təyin edilib.
1990-cı ildə Mikayıl dörd polislə Qarabağa ezam olunub. Onlar Cəmilli kəndini müdafiə etməli idilər. Bir müddət sonra o, Kosalara, əhali üçün ayrılmış taxılı gətirməyə gedib. Cəmilli-Kosalar arasındakı yolda qəflətən erməni quldurları onlara basqın ediblər. Zabitlərdən biri snayper gülləsindən ağır yaralanıb, erməni basqınçıları ilə ölüm-dirim savaşına atılan Mikayıl çiynindən güllə yarası alıb. Buna baxmayaraq o, təslim olmayıb və 1990-cı il dekabrın 15-də əsir düşən döyüş yoldaşlarını xilas edərkən qəhrəmancasına son anadək vuruşaraq döyüş meydanında həlak olub.
Azərbaycan Respublikası prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Cəbrayılov Mikayıl Əhmədiyyə oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Mikayıl Əhmədiyyə oğlu Şəki rayonunun Oxud kəndində dəfn edilib. Mikayılın adına Şəki şəhərində küçə var. Həlak olduğu Mikayıllı kəndi onun adını daşıyır.