Jurnalisti hadisə yerlərinə buraxmamaq
Tez-tez qəza, təbii fəlakət baş verən yerlərdə, cinayət hadisəsi yerində jurnalistlər təzyiqlərə məruz qalırlar. Onları informasiya toplamağa buraxmırlar. Bu qanunidirmi?
İctimai yerlərdə jurnalistin peşə fəaliyyətini yerinə yetirməsinə hər hansı bir məhdudluq qoyulmayıb.
Qəza, təbii fəlakət, cinayət hadisəsi baş verən yerlərdə də jurnalistlərin informasiya əldə etmək hüququ var. Çünki hadisə istər təbii fəlakət, istər qəza, istərsə də cinayət olsun ictimai əhəmiyyət daşıyır və cəmiyyətin bunlarla bağlı məlumatları bilmək hüququ var.
Sadəcə burda bir incə məqam var. O da jurnalistin təhlükəsizliyi qayğısından, yaxud isti izlərin yox olma ehtimalının önlənməsi qayğısından hadisə yerinə girməsinə bəzən məhdudiyyət qoyula bilər.
Belə məhdudiyyətlərin hüquq çərçivəsində baş verməsi və demokratik cəmiyyətdə zərurilik şərti qorunaraq edilməsi lazımdır. Xırda bəhanələrlə, yaxud jurnalistin təhlükəsizliyi qayğısı olmadan bundan bəhanə kimi istifadə etmək olmaz. Hüquq mühafizə orqanları maksimum jurnalistlərə şərait yaratmalı, bəhanələrə yol verməməlidirlər.