Həkim sirri nə olan şeydir?
Salam.
Mənim yaxın dostum var. Bilirəm ki, nəsə xəstəliyi var. Davamlı xəstəxanaya gedib-gəldiyindən xəbərdaram. Ancaq bu haqda mənə heç vaxt danışmayıb. Bir neçə dəfə söhbət salmaq istəmişəm, ancaq hiss elədim ki, istəmir danışmaq.
Davamlı getdiyi xəstəxanaya gedəsi oldum. Axtarıb həkimini də tapdlm. Ancaq həkim nəsə infomasiya vermədi. Deyir ki, yaxınınızdırsa, özündən soruşun. Demirsə, biz də sizə məlumat verə bilmərik, həkim sirridir bu istədiklərin. Mən necə məlumat alım. Həkim düz eləyir?
Bir az mətbuat məsələsindən kənardır, bilirəm. Ancaq informasiya məsələsi olduğu üçün xahiş edirəm mənə əlavə məlumat verəsiniz bu durumla bağlı.
Çox sağ olun.
Salam.
Sualınızda ifadə olunmuş məsələlər bir neçə qanunla, özəlliklə “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunla tənzimlənir.
Həmin qanunun 29-cu və 53-cü maddələrinə görə şəxsin tibbi yardım üçün müraciət etməsi faktı, onun xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti, müayinə və müalicə vaxtı əldə edilən digər məlumatlar, süni mayalanma, embrionun implantasiyası, eləcə də donorun şəxsiyyəti barədə bilgi həkim sirrini təşkil edir.
“Psixiatriya yardımı haqqında” Qanunun 7-ci maddəsinə görə şəxsin psixi sağlamlığının vəziyyəti və ona psixiatriya yardımı göstərilməsi haqqında veriklərdən (məlumatlardan) istifadə hüququ həmin şəxsin özünə və buna qanunvericilikdə nəzərdə tutulmuş qaydada icazə verilmiş şəxslərə məxsusdur. Qeyd edilən bilgilər həkim sirrini təşkil etdiyindən psixiatriya yardımı göstərən müəssisələr gizli veriklərdən (məlumatlardan) yalnız həmin peşə dairəsində və psixatriya yardımı göstərmək üçün zəruri olan həddə istifadə edə bilərlər.
“İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında” Qanunun 18-ci maddəsinə görə səhiyyə və digər dövlət orqanlarının və təşkilatlarının işçiləri vəzifələrini yerinə yetirərkən tibbi müayinədən keçən şəxsdə HİVin aşkar edildiyini, eləcə də bununla bağlı digər bilgiləri məxfi saxlamağa borcludurlar və onun yayılmasına görə məsuliyyət daşıyırlar.
“Narkoloji xidmət və nəzarət haqqında” Qanunun 7-ci maddəsinə əsasən narkoloji xidməti və nəzarəti həyata keçirən, habelə xidməti vəzifələri həyata keçirərkən qulluq mövqeyinə görə narkoloji xəstələr bərəsində bilgiləri əldə edən digər şəxslər həmin bilgilərin yayılmasına yol verməməlidirlər.
“Əhalinin sağlamlığının qorunması haqqında Qanunun” 53-cü maddəsinə görə şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə həkim sirrini təşkil edən məlumat xəstənin müayinə və müalicəsinin mənafeyi naminə, elmi tədqiqatların aparılması, elmi ədəbiyyatda nəşr edilməsi, tədris və digər məqsədlərlə istifadə olunması üçün başqa şəxslərə verilə bilər.
Həkim sirrini təşkil edən məlumat şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı olmadan aşağıdakı hallarda verilə bilər:
Şəxs öz vəziyyətini izah etmək qabiliyyətinə malik olmadıqda, şəxsi müayinə və müalicə etmək məqsədi ilə başqa tibb müəssisələrinə;
Yoluxucu xəstəliklərin yayılması təhlükəsi olduqda, kütləvi zəhərlənmələr və zədələnmələr baş verdikdə tədbirlər görülməsi üçün uyğun səhiyyə orqanlarına;
İstintaq və təhqiqat orqanlarının, prokurorun və məhkəmənin sorğusu ilə onlara;
məlumatlandırmaq məqsədi ilə yetkinlik yaşına çatmayanların valideynlərinə, yaxud qanuni nümayəndələrinə;
Hüquqa zidd hərəkətlər və şəxsin sağlamlığına zərər barədə şübhə olduqda təhqiqat və istintaq orqanlarına.
Dövlətin ali vəzifəli şəxslərinin sağlamlıq vəziyyəti ilə bağlı bilgilər istisna olmaqla həkim sirrini təşkil edən digər bilgilərin verilməsindən imtina oluna bilər.