2024-cü ildə dünyada dövlət səviyyəsində 61 hərbi münaqişə olub. Novator.az xəbər verir ki, hesablamanı İsveçrənin sülh araşdırmaları üzrə mütəxəssisləri aparıb.
Araşdırmaya istinad edən Britaniyanın “Tayms” (“The Times”) qəzeti bildirir ki, İkinci Dünya müharibəsi başa çatandan sonra, daha dəqiqi, 1946-cı ildən bəri hələ heç bir ildə dövlət səviyyəsində bu qədər hərbi münaqişə qeydə alınmamışdı.
Hesabata əsasən, 61 münaqişənin 11-i böyük müharibə olub. Bu siyahıya Rusiya-Ukrayna, İsrail-HƏMAS, İsrail-“Hizbullah” qarşıdurmaları, Nigeriyada terrorçu İŞİD-lə, Efiopiyanın Tıqray bölgəsində üsyançılarla toqquşmalar və bir sıra digər döyüş daxil edilib.
Tədqiqatçıların hesablamasına görə, 2024-cü ildə dünyada mütəşəkkil zorakılıq, məqsədyönlü hücumlar nəticəsində təxminən 160 min insan həlak olub. Bu hücumlarda ölən mülki şəxslərin sayının 2023-cü illə müqayisədə 31 faiz çox olduğu vurğulanır.
Hesablamanı aparmış mütəxəssislərdən biri, analitik Şon Devis bildirib ki, ildən-ilə müharibələr, münaqişələr artır: “2022-ci ildə dünyada dövlət səviyyəsində 56, 2023-cü ildə 59 hərbi münaqişə olmuşdu. 2024-cü ildə bu cür münaqişələrdə ölənlərin sayı qanlı 2022-ci illə müqayisədə bir qədər azdır. Amma unutmayaq ki, 2024-cü il 1994-cü ildə Ruandada baş vermiş soyqırımından sonra ən şiddətli dörd ildən biri olub”.
Dövlət səviyyəsində münaqişə deyiləndə bir qayda olaraq dövlət əsaslı – yəni dövlətlər arasında, yaxud dövlətin hərbi qüvvələri ilə qanunsuz silahlı qruplaşmalar arasında baş verən münaqişələr nəzərdə tutulur.
Mənbə: Thetimes.com