
Deportasiya müharibələri başlanır – “Uoll Strit Jurnal”
- 10 İyun 2025
- comments
- Novator.az
- Posted in AktualDünyanın səsiManşetTribuna
ABŞ-ın “Uoll Strit Jurnal” (“Wall Street Journal”) qəzetində “Deportasiya müharibələri başlanır” adlı redaksiya məqaləsi dərc olunub. Novator.az-ın məlumatına görə, məqalədə ABŞ prezidenti Donald Trampın qanunsuz miqrantları deportasiya etmək planının ölkədə, xüsusilə Los-Anceles şəhərində yaratdığı iğtişaşlardan bəhs edilir.
Məqalədə deyilir: “Milyonlarla qanunsuz miqrantı Amerikadan çıxarmaq – bu heç vaxt asan başa gələsi bir iş deyil. Amma prezident Donald Tramp belə bir işi görməkdə israrlıdır, seçkiqabağı kampaniyasında o bunu açıq şəkildə vəd edib. İndi bu addımın istər hakimiyyət, istərsə də cəmiyyət üçün təhlükələri mövcuddur və durum güc tətbiq etmək, hərbi müdaxiləyə getmək həddinə çatarsa, ölkə çox ciddi böhranla üz-üzə qala bilər”.
Redaksiya məqaləsində vurğulanır ki, hazırda Los-Ancelesdə baş verən toqquşmalara həmin böhranın simptomları kimi baxmaq mümkündür: “Miqrasiya və Gömrük Mühafizəsi İdarəsinin əməkdaşları Los-Anceles şəhərində qanunsuz miqrant “ovu”na çıxaraq reydlər keçirir, qanunsuz miqrantların işlədiyi müəssisələri yoxlayır. Bu isə miqrantların, onların tərəfdarlarının, o cümlədən həmkarlar ittifaqları nümayəndələrinin küçələrə axışmasına səbəb olub.
Bəzi yerlərdə qarşıdurma kəskin xarakter alıb, polislərə xəsarət yetirilib, həmkarlar ittifaqlarının liderləri də daxil olmaqla bir sıra tanınmış şəxs tutulub. Donald Tramp bir prezident kimi müstəsna səlahiyyətlərindən istifadə edərək Milli Qvardiyanın Kaliforniyadakı hərbi qulluqçularından iki min nəfəri Los-Ancelesə göndərib. Trampa müxalif olan Demokratlar Partiyası və digərləri bunu etirazla qarşılayır. ABŞ prezidenti səlahiyyətlərindən sui-istifadədə günahlandırılır”.
Daha sonra məqalədə deyilir: “ABŞ-da miqrasiyanın aktual problemlərindən biri ondadır ki, əcnəbilər sərhədi qanunsuz keçmələrini Amerikaya pənah gətirmək, Amerikaya sığınmaq məcburiyyəti ilə əsaslandırırlar. Bu da onların – sərhədi qanunsuz keçsələr də – geri qaytarılması məsələsini çətinləşdirir. Artıq Tramp administrasiyası sərhədi güclü nəzarət altına ala bilib. Nəticədə son dörd ayda ABŞ-a qanunsuz keçənlərin sayı ciddi şəkildə azalıb. Eyni zamanda Miqrasiya və Gömrük Mühafizəsi İdarəsi ölkədə miqrantlardan ibarət cinayətkar qrupların üzvlərini və digər təhlükəli şəxsləri həbs etməkdədir. İctimaiyyət bu cür tədbirləri dəstəkləyir.
Lakin Ağ ev, xüsusilə prezidentin daxili təhlükəsizlik məsələləri üzrə müşaviri Stiven Miller bu tədbirlərlə kifayətlənmək niyyətində deyil. Tramp administrasiyasının planı ABŞ-da qeyri-qanuni məskunlaşmış bütün şəxsləri deportasiya etməkdir. Bu isə o deməkdir ki, neçə il əvvəl qanunsuz yolla Amerikaya gəlmiş, ancaq sonradan qanunlara riayət etmiş, ailə qurmuş, tikinti, turizm, kənd təsərrüfatı, səhiyyə sahəsində işə düzəlib cəmiyyətə fayda vermiş milyonlarla insan da ölkədən çıxarılacaq.
Miller və onun kimi digər sərt xətt tərəfdarlarının fikrincə, belə bir deportasiya gələcəkdə imkan verməyəcək ki, daha kimsə yenidən ABŞ sərhədini qanunsuz keçmək barədə düşünsün. Bəs ABŞ-ın əmək bazarı? Bunun əmək bazarına ciddi ziyan vuracağı şübhəsizdir. Üstəlik yaddan çıxarmayaq ki, Miller və onun radikal həmkarları heç qanuni miqrasiyaya da müsbət yanaşmır. Bu da əmək bazarına əlavə bir zərbədir. Artıq rəsmi statistika ölkədə işçi qüvvəsində çatışmazlıq olduğunu aşkar surətdə təsdiqləyir.
Kaliforniyada baş verənlər göstərir ki, ictimai narazılıq riski də az deyil. Restoranlarda ofisiant, inşaat mağazalarında anbardar işləyən miqrantların qəfil reydlərlə tutulması ictimaiyyətdə qəzəb doğurub. Miqrasiya və Gömrük Mühafizəsi İdarəsinin əməkdaşları bəzən çox sərt davranır, lazım olmayan yerdə də güc tətbiq edirlər. Bu isə durumu daha da gərginləşdirə bilər. Solçu miqrant fəallar buna eyni aqressivliklə cavab verə bilər. Əgər ailə üzvləri bir-birindən ayrı düşərsə, vətəndaşlıq hüququ olan şəxslər səhvən deportasiya edilərsə və bu barədə ictimaiyyət arasında hisslərə toxunan əhvalatlar yayılarsa, Trampı gözləyən siyasi risklər daha da arta bilər”.
“Uoll Strit Jurnal” qəzetinin redaksiya heyəti onu da qeyd edir ki, bir prezident kimi Donald Trampın geniş miqyaslı deportasiya həyata keçirməyə hüquqi cəhətdən səlahiyyəti çatır: “Milli Qvardiyanın Kaliforniyadakı üzvlərinin Los-Ancelesə göndərilməsi də qanunidir. Düzdür, Tramp bu qərarı Kaliforniya qubernatoru Qevin Nyusomun və Los-Anceles meri Karen Bassın razılığı olmadan verib. Amma prezident bu addımı atanda hər halda qanunvericiliyə istinad edib. Hərçənd qanunun həmin müddəasından çox nadir hallarda istifadə olunduğu da bəllidir.
Ağ ev Los-Ancelesə qoşun yeridilməsini əsaslandırarkən kütlələrin zorakı əməllərə yol verməsindən, ictimai cəhətdən təhlükəli hücumların qeydə alınmasından bəhs edir. Qərarın məhkəmədə mübahisələndiriləcəyi də gözlənilir. Belə bir təəssürat yaranır ki, Ağ ev administrasiyası əvvəldən qoşun hazırlığı görürmüş, Tramp sadəcə fürsət gözləyirmiş. Tramp yaxşı bilir ki, amerikalılar ictimai asayişi pozan, ticarətə mane olan etiraz aksiyalarına mənfi münasibət bəsləyirlər”.
Məqalədə bildirildiyinə görə, Kaliforniyanın qubernatoru Qevin Nyusom bəyan edib ki, qvardiyanın ştatdan çıxarılmasına ehtiyac yox idi. “Uoll Strit Jurnal” yazır: “Ola bilsin, belədir. Amma bu, digər yandan həm də o deməkdir ki, miqrant sığınacaqlarının olduğu şəhərlərdə və ya ştatlarda asayişi zəhmət çəkib həmin əraziləri idarə edən Demokratlar Partiyasının məsul şəxsləri təmin etsinlər. Əgər onlar Miqrasiya və Gömrük Mühafizəsi İdarəsinin əməkdaşlarına qarşı törədilənlərə göz yumurlarsa, istər-istəməz Trampa hərbi müdaxilə üçün bəhanə vermiş olurlar.
Bununla belə, Kaliforniya qubernatoru haqlıdır – müdafiə naziri Piter Heqsetin “Pentaqon dəniz piyadalarını hazır vəziyyətə gətirib” şəklində paylaşımı lüzumsuzdur və demək olar ki, təxribatdır. Amerika cəmiyyəti ordunun küçələrdə keşik çəkməsini yalnız fövqəladə situasiyalarda qəbul edə bilər. Amma Tramp 1992-ci ildə iğtişaşları yatırmaq üçün istifadə olunmuş hüquqi akta istinad etməklə ordunu da işə qata bilər. Görünən odur ki, həm Tramp, həm də Miller güdükdə durub buna fürsət axtarır”.
Məqalənin sonunda deyilir ki, XXI əsrin dörddə biri artıq geridə qalıb və belə bir dövrdə ABŞ-da ağır miqrasiya böhranının yaşanması böyük təəssüf doğurur: “Əvvəlki prezident Cozef Baydenin dövründə Ağ ev administrasiyası faktiki açıq sərhəd siyasəti yürüdürdü. O siyasət ölkəni xaosa sürüklədi, cəmiyyətin miqrasiyaya münasibətini daha da sərtləşdirdi. 2024-cü ildə, prezident seçkisi öncəsi kampaniya dövründə Trampın prezident seçilsə sərhədi bağlayacağı barədə verdiyi vəd ictimaiyyət arasında ən çox dəstəklənən vədlərdən idi. İndiki sərt tədbirlər həm də bu amilə söykənir. Düzdür, Tramp bir qayda olaraq fürsətlərdən ifrat dərəcədə yararlanan insandır, necə deyərlər, buna vərdişkardır. Amma Trampı tənqid edən Demokratlar Partiyasının üzvləri başa düşməlidirlər ki, bu fürsəti Trampa elə öz siyasətləri ilə veriblər.
Sonda hər iki tərəfə soyuq başla davranmaq barədə çağırış etmək olardı, amma görünən odur ki, hələ bir müddət belə çağırışların faydası olan deyil”.
Mənbə: Wsj.com