Builki Həcc ziyarətinə 1 milyon 673 min 230 zəvvar qatılıb.
Novator.az-ın məlumatına görə, “Assoşieyted Press” (“Associated Press”) agentliyi yazır ki, pandemiya dövrünü çıxsaq, bu, son 30 ilin ən aşağı göstəricisidir.
2024-cü ildə zəvvarların sayı 2025-ci illə müqayisədə təqribən 160 min nəfər çox olub.
Koronavirus pandemiyası ilə əlaqədar 2020-2022-ci illərdə Səudiyyə Ərəbistanı Həcc ziyarətinə məhdud sayda zəvvar buraxıb.
Pandemiyadan sonra ilk məhdudiyyətsiz ziyarət 2023-cü ildə baş tutub. O zaman da zəvvarların sayının 2025-ci ildəkindən çox olduğu, pandemiyadan əvvəlki dövrdə isə Həcc ziyarətində hər il adətən 2 milyondan artıq müsəlmanın iştirak etdiyi vurğulanır.
“Assoşieyted Press”in bildirdiyinə görə, son 30 ildə rekord göstərici 2012-ci ildə qeydə alınıb: 3 milyon 160 min zəvvar.
Builki ziyarətdə iştirak edən 1 milyon 673 min 230 zəvvarın böyük əksəriyyətinin Səudiyyə Ərəbistanına xarici ölkələrdən gəldiyi, yəni Səudiyyə Ərəbistanının deyil, başqa ölkələrin vətəndaşları olduğu bildirilir.
Zəvvarların sayının pandemiya dövrünü çıxmaqla son 30 ildə ən aşağı səviyyəyə düşməsinin səbəblərinə gəlincə, “Assoşieyted Press” Səudiyyə rəsmilərinin bu barədə açıqlama vermədiyinə diqqət çəkir.
Agentlik yazır ki, bəzi müsəlmanların Həcc ziyarətində iştirakına, çox güman, dünyada inflyasiyanın, iqtisadi böhranın güclənməsi mane olub. Havanın həddən artıq isti keçməsinin, əcnəbilərin Səudiyyə Ərəbistanına viza alması prosedurunun çətinləşməsinin də zəvvar sayının azalmasında rol oynaya biləcəyi vurğulanır.
Mənbə: Apnews.com