Azərbaycanın Böyük Britaniyada fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov Britaniyanın “GB News” telekanalına geniş müsahibə verib.
Novator.az-ın məlumatına görə, Elin Süleymanov Bakı Hərbi Məhkəməsində mühakimə olunan separatçı Ruben Vardanyana qarşı guya ədalətsizliyə yol verildiyi haqda iddiaları təkzib edib.
Səfir xatırladıb ki, BMT-nin İnsan Hüquqları Ali Komissarlığının Əsassız Həbslər üzrə İşçi Qrupu mart ayında yekun rəyini dərc edib, həmin rəydə Ruben Vardanyanın məhkəməsi ilə bağlı irəli sürülən iddialar birmənalı şəkildə rədd olunub, məhkəmə prosesinin qanun çərçivəsində aparıldığı təsdiqlənib.
Müsahibəsində Elin Süleymanov Vardanyanı “Moskvanın göndərdiyi şəxs”, “Rusiyada sərvət qazanan oliqarx” kimi xarakterizə edib, onun separatçılığa dəstək verdiyini, terrorçuluğu maliyyələşdirdiyini, Azərbaycan rəsmilərini ölümlə hədələdiyini də yada salıb.
Bakı Hərbi Məhkəməsindəki prosesin şəffaf aparıldığını vurğulayan səfir deyib: “Məhkəmə iclasları açıq keçirilir, televiziyada nümayiş olunur. Vardanyanın müdafiə hüququ tam təmin edilir”.
Elin Süleymanov müsahibəsində onu da xatırladıb ki, Ukrayna dövləti bu ölkədəki hərbi əməliyyatlara dəstək verdiyinə görə Ruben Vardanyana sanksiya tətbiq edib.
ABŞ-da yaşayan hüquq müdafiəçisi Yared Genser “GB News” telekanalına açıqlamasında iddia edib ki, Bakıda təcridxanada Ruben Vardanyana İncil verilmir. Səfir Elin Süleymanov bu iddianı da rədd edib: “O, istintaq təcridxanasının kitabxanasından sərbəst şəkildə istifadə edə bilər. Çox güman, həmin kitabxanada İncil də var. Amma onu da qeyd etməliyəm ki, mənim bildiyimə görə, Vardanyan özü indiyədək İncil tələb etməyib”.
1968-ci ildə Ermənistanın paytaxtı Yerevanda doğulan Ruben Vardanyan Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirib, Rusiyanın sərmayə sektorunda fəaliyyət göstərən iş adamı kimi tanınıb, milyarderdir.
2022-ci il sentyabrın 1-də Ruben Vardanyan Rusiya vətəndaşlığından çıxmaq üçün müraciət etdiyini, Qarabağa köçdüyünü açıqlayıb, noyabrın 4-də işğalçı rejimin “dövlət naziri” (hökumət başçısı) təyin olunub, dekabrın 22-də Rusiya vətəndaşlığından çıxarılıb.
Ruben Vardanyanın Qarabağda peyda olması Azərbaycanın kəskin narazılığına gətirib. 2023-cü il fevralın 23-də Ruben Vardanyan “dövlət naziri” postundan götürülüb.
Ruben Vardanyan Qarabağda yaşadığı müddətdə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı davamlı çıxışlar edib.
2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün düşmən silahı yerə qoymaq, tərksilah olmaq öhdəliyi götürüb.
Sentyabrın 28-də Qarabağ rejimi buraxılıb, bütün təsisatların 2024-cü il yanvarın 1-dək öz fəaliyyətini dayandırması hökmü verilib. Sənədi rejimin başçısı Samvel Şahramanyan imzalayıb.
Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti işğalçı Qarabağ rejiminin rəhbərlərindən olmuş Ruben Vardanyanı 27 sentyabr 2023-cü ildə saxlayaraq cinayət məsuliyyətinə cəlb edib. Vardanyan Laçın keçidində yaxalanaraq Bakıya gətirilib, onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Sülh və insanlıq əleyhinə cinayətlərdə, müharibə cinayətlərində, habelə terrorçuluqda, terrorçuluğu maliyyələşdirmədə və digər ağır cinayətlərdə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə prosesi 2025-ci ilin yanvarında Bakı Hərbi Məhkəməsində başlanıb və hazırda davam etdirilir.
Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
Mənbə: Gbnews.com