2026-cı ilin dünya futbol çempionatının Avropa zonası üzrə seçmə mərhələsində 54 UEFA üzvü 12 qrupa bölünüb. Qrup qalibləri final mərhələsinə birbaşa vəsiqə alacaq, ikincilər və Millətlər Liqasının dörd ən yaxşı komandası qalan biletlər uğrunda yarışacaq.
Azərbaycan milli komandası D qrupunda Fransa (və ya Xorvatiya), Ukrayna və İslandiyaya rəqib olub.
ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi final mərhələsində 48 yığma 4 komandalıq 12 qrupa bölünəcək, qruplarda ilk iki yeri tutanlar və ən yaxşı nəticə göstərmiş 8 komanda 1/16 finala vəsiqə alacaq.
Final mərhələsində Avropaya 16, Afrikaya 9, Asiyaya 8, Cənubi Amerikaya 6, Şimali və Mərkəzi Amerikaya 6, Okeaniyaya 1 yer ayrılıb. Qalan 2 vəsiqənin sahibi Afrika, Asiya, Okeaniya, Cənubi Amerika, Şimali və Mərkəzi Amerika təmsilçiləri arasında əlavə oyunlarda müəyyənləşəcək.
1930 və 1950-ci illərdə Uruqvay, 1934, 1938, 1982 və 2006-cı illərdə İtaliya, 1954, 1974, 1990 və 2014-cü illərdə Almaniya (Qərbi Almaniya), 1958, 1962, 1970, 1994 və 2002-ci illərdə Braziliya, 1966-cı ildə İngiltərə, 1978, 1986 və 2022-ci illərdə Argentina, 1998 və 2018-ci illərdə Fransa, 2010-cu ildə İspaniya dünya çempionu olub.
Beynəlxalq turnirlərə 1994-cü ildən qatılan Azərbaycan milli komandası dörd Avropa çempionatının seçmə mərhələsini qrupda sonuncu, dördünü sondan əvvəlki yerdə bitirib.
Dörd dünya çempionatının seçmə mərhələsində yığma qrupda sonuncu, ikisində sondan əvvəlki, birində axırdan üçüncü pilləni tutub.
Milli bir yol UEFA Millətlər Liqasının D liqasında qrup ikincisi olub, C liqasında bir yol üçüncü, bir yol ikinci, bir yol dördüncü (sonuncu) pillədə yer alıb.