Mərkəzi Bankın pul siyasi icmalına görə, 2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan manatı Türkiyə lirəsinə qarşı 17,1 faiz, Ukrayna qrivnasına qarşı 11,2 faiz, Qazaxıstan təngəsinə qarşı 5,3 faiz bahalaşıb, İngiltərə funt sterlinqi qarşısında 4,2 faiz, İsveçrə frankı qarşısında 2 faiz, avro qarşısında 1,7 faiz ucuzlaşıb.
Yanvar-noyabr aylarında avro maksimum 1,9033 manata, Gürcüstan larisi 0,6442 manata, Türkiyə lirəsi 0,0571 manata, 100 Rusiya rublu 2 manata satılıb.
ABŞ dollarının rəsmi kursu 6 il 9 aydır 1,7 manatdır.
2015-ci ilin devalvasiyalarında dolların rəsmi məzənnəsi 0,7844 manatdan 1,5594 manata yüksəlib, 2016-cı ildə qiymət 1,7707 manata çatıb.
2017-ci ilin fevralında maksimal kurs qeydə alınıb: 1,92 manat. Həmin ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur.
Manat valyuta hərraclarında qorunur. Rəsmi statistikaya görə, Dövlət Neft Fondu Mərkəzi Bankın 2024-cü ilin yanvar-noyabr aylarında keçirdiyi valyuta hərraclarında 6 milyard 494 milyon ABŞ dolları məbləğində vəsait sərf edib.
Analoji satış həcmi 2016-cı ildə 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard, 2021-ci ildə 6,7 milyard, 2022-ci ildə 4,7 milyard, 2023-cü ildə 2,7 milyard dollar göstərilib.