ABŞ-da 5 noyabr seçkilərinin yenilənmiş nəticələrinə görə, Konqresin alt qanadına – 435 nəfərlik Nümayəndələr Palatasına Respublikaçılar Partiyası 219, Demokratlar Partiyası 213 mandat əldə edir.
Yuxarı palatada – 100 nəfərlik Senatda respublikaçılar 53, demokratlar 45, partiyasız şəxslər 2 mandatla göstərilir.
Prezident seçkisini udan respublikaçı Donald Tramp 538 nəfərlik Seçicilər Kollegiyasında 312 nümayəndəyə sahib çıxır, Demokratlar Partiyasından Kamala Harris 226 nümayəndə qazanır.
Seçicilər Kollegiyasının seçimi dekabrın 17-nə, Konqresdə (Nümayəndələr Palatası ilə Senatın birgə iclasında) təsdiq 2025-ci il yanvarın 6-na, yeni prezidentin andiçmə mərasimi yanvarın 20-nə təyin olunub.
Vitse-prezident postuna respublikaçı Ceyms Devis (Cey Di) Vens seçilir.
1946-cı il təvəllüdlü Donald Tramp 2017-ci il yanvarın 20-dən 2021-ci il yanvarın 20-dək prezident postunu tutub.
ABŞ-da hökumət kabinetinə 15 nazir (katib) daxildir: dövlət katibi (xarici işlər naziri), müdafiə naziri, ədliyyə naziri (baş prokuror), daxili işlər naziri, daxili təhlükəsizlik naziri, maliyyə naziri, ticarət naziri, nəqliyyat naziri, energetika naziri, kənd təsərrüfatı naziri, tikinti və şəhər inkişafı naziri, əmək naziri, səhiyyə və sosial xidmətlər naziri, veteranlarla iş naziri, təhsil naziri.
Təyinatları Senat təsdiqləyir.