İqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu 2023-cü ilin dövlət büdcəsinə dəyişikliklər layihəsinə nəzər salıb.
Parlamentin müzakirəsində olan layihədə gəlirlər 33 milyard 779,5 milyon manata, xərclər 36 milyard 568,8 milyon manata qaldırılır.
Novator.az-ın məlumatına görə, Qubad İbadoğlu yazır ki, ümumilikdə 3 milyard 620,5 milyon manat artımın yenidən bölüşdürülməsi nəzərdə tutulub: “Artım işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinə; xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclərə; Azərbaycan-Özbəkistan İnvestisiya və Azərbaycan-Qırğız İnkişaf fondlarının nizamnamə kapitalında Azərbaycanın payının maliyyələşdirilməsinə; dövlət borcuna xidmətlə bağlı xərclərə; dəmir yolu, elektrik təchizatı və digər infrastruktur layihələri üzrə yenidənqurma və əsaslı təmir işləri üzrə xərclərə yönəldiləcək. Siyahıda nə sosial müdafiə və təminat, nə səhiyyə, nə təhsil istiqaməti var.
Artımdan pay alanların heç biri üzrə büdcənin iqtisadi və funksional təsnifatı verilmir. Bu o deməkdir ki, həmin xərclərin açılışı yoxdur, şəffaflıq və hesabatlılıq təmin olunmadığından korrupsiya ehtimalı yüksəkdir.
İnflyasiya hesabına təmin edilən artımdan pay götürənlər inflyasiyadan əziyyət çəkən aztəminatlı təbəqə deyil, bahalaşmadan yararlanan siyasi çevrələr və biznes elitasıdır”.
Yeni büdcə planında xərc istiqamətləri belə sıralanır:
iqtisadi fəaliyyət – 9 milyard 402,8 milyon manat;
müdafiə və milli təhlükəsizlik – 6 milyard 54,8 milyon manat;
təhsil – 4 milyard 407,1 milyon manat;
sosial müdafiə və sosial təminat – 4 milyard 315,9 milyon manat;
ümumi dövlət xidmətləri – 4 milyard 124,4 milyon manat;
məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq – 2 milyard 831,7 milyon manat;
səhiyyə – 1 milyard 803,9 milyon manat;
kənd təsərrüfatı – 1 milyard 202,1 milyon manat;
mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət – 550,8 milyon manat;
ətraf mühitin mühafizəsi – 371,4 milyon manat;
mənzil və kommunal təsərrüfatı – 347,9 milyon manat;
əsas bölmələrə aid edilməyən xərclər – 1 milyard 155,3 milyon manat.