Avropa İnsan Hüquqları Məhkəməsi iyunun 8-də Azərbaycandan şikayətlər üzrə qərar və qərardadlar elan edəcək. Hüquqşünas Xalid Ağalıyevin yaydığı məlumata görə, “Adil İsmayılov və Partnyorları” vəkil bürosu bank hesablarının dondurulmasından şikayət verib, Avropa İnsan Hüquqları Konvensiyası ilə təminat altına alınan mülkiyyət hüququnun pozulduğunu iddia edib.
“Adil İsmayılov və Partnyorları”nın əsas qurucusu, məşhur vəkil Adil İsmayılov 2020-ci il dekabrın 3-də vəfat edib.
Vəkil Sərdar Qasımovun şikayəti də bank hesablarına həbs qoyulmasını əhatə edir. O, mülkiyyət hüququnun pozulduğunu bildirib, qanunsuz müdaxilədən qorunmaq üçün effektiv müdafiə imkanlarının olmadığını vurğulayıb.
Siyasətçi Gültəkin Hacıbəyli keçmiş həyat yoldaşı ilə məhkəmə çəkişmələrinin nəticəsindən narazı qalıb, yerli məhkəmələrin onun nüfuzunu qorumamasından şikayətçidir.
Gültəkin Hacıbəyli 2000 və 2005-ci illərdə Milli Məclisin deputatı seçilib. Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvüdür.
Şahmar Məmmədov İsmayıllı rayonunda kafesinin qanunsuz söküldüyünü və torpaq sahəsinin özgəninkiləşdirildiyini bildirib, mülkiyyət hüququna müdaxilənin baş verdiyini iddia edib.
Qalan şikayətləri Əliyev və başqaları; Qarayev və başqaları; İsmayılov; Məmmədov və başqaları; Nəbiyev və başqaları; Sadıqov və başqaları göndərib.
Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarətə məsuldur. Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin təsir dairəsindədir.